Qarabağda Növbəti Tarixi Hadisə: Xankəndidə ECO Zirvə görüşü
Azərbaycan ictimaiyyəti ölkəmizdə növbəti mühüm beynəlxalq tədbirə şahidlik etdi. Biz artıq bu cür hadisələrə öyrəşmişik və bəzən beynəlxalq əhəmiyyətli tədbirlərin əsl dəyərini tam şəkildə dərk edə bilmirik. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Tədbir artıq bir neçə gündür ki, tarixə çevrilsə də, qlobal informasiya məkanında aktuallığını hələ də qoruyub saxlayır. Aydındır ki, bu ECO Zirvə görüşü kimlərisə ciddi şəkildə narahat edib. “Oyundan kənar” qalmaq qorxusu bəzi dairələrdə təşvişə səbəb olub. Məhz buna görə də internetdə müxtəlif məzmunlu mülahizələrə rast gəlmək mümkündür. Təbii ki, bu mülahizələrin böyük bir hissəsi sifarişlidir. Diqqətçəkən məqam isə tədbir haqqında ölkə xaricində danışanların sayının daxildəkindən daha çox olmasıdır. Politoloq Asif Adil də bu barədə öz fikirlərini bölüşərək, belə miqyaslı tədbirlərin işıqlandırılmasına birgünlük hadisə kimi yanaşmanın qəbuledilməz olduğunu vurğulayır.
Yeni Geosiyasi Reallığın Konturları
Bu cür toplantıların regionda formalaşan yeni siyasi reallığın birbaşa davamı kimi təqdim edilməsi prinsipial olaraq zəruridir. 44 günlük müharibədə əldə etdiyimiz tarixi Qələbədən dərhal sonra Prezident İlham Əliyev Azərbaycan xalqının regionda yeni siyasi reallıq yaratdığını və dünya ictimaiyyətinin bununla hesablaşmalı olduğunu bəyan etmişdi. Zaman keçdikcə və mərhələli şəkildə icra olunan müxtəlif layihələrə şahidlik etdikcə, dövlətimizin başçısının qeyd etdiyi yeni reallığın konturlarını tədricən daha aydın görməyə başlayırıq. Bir Azərbaycan vətəndaşı olaraq Prezident İlham Əliyevin sözügedən tədbirin rəsmi açılış mərasimində səsləndirdiyi: “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” – sözlərini eşidən zaman qürur hissləri yaşamaq qeyri-mümkündür. “Qədim Azərbaycan torpağı olan Qarabağ, Xankəndi” – bu ifadə bir ömrə bərabərdir və bu gün bizə yaşatdığı qürur hisslərini mütləq olaraq gələcək nəsillərə də çatdırmalıyıq. Bu cümlə Xankəndinin əzəli Azərbaycan torpağı olmasının bir daha təsdiqidir. “Qarabağ Azərbaycandır” ifadəsinin çox böyük qiyməti var; onun hesabını Azərbaycan xalqı həm döyüş meydanında, həm də siyasi müstəvidə mübarizə apararaq ödəyib.
Qələbənin Meydanda və Siyasi Müstəvidə Təsdiqi
İşğaldan azad olunmuş ərazilərdə bu gün Böyük Qayıdış proqramlarının icrası nəticəsində görülmüş işlərin miqyasını və yaranan möhtəşəm mənzərələri görən zaman biz erməni vandalizminin ağır nəticələrini, 30 il davam edən “köçkünlük” dövrünü unutmamalıyıq. Ötən müddət ərzində ölkəmizə qarşı sərgilənən ədalətsizlik və tətbiq olunan “ikili standartlar” siyasətini də heç zaman yaddan çıxara bilmərik. Bütün bunlarla uzun illər ərzində əzmkarlıq və səbirlə mübarizə aparan Azərbaycan xalqı öz Qələbəsi nəticəsində yeni reallığı yaratdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin “Qələbənin nəticəsində biz dünya miqyasında çox böyük layları hərəkətə gətirdik” ifadəsi dünya mətbuatında uzun müddət müzakirə olundu. Onu da ehtimal etmək olar ki, dövlətimizin başçısının qeyd etdiyi “laylar” artıq hərəkətə keçib. Bu mənada vaxtaşırı müxtəlif informasiya təxribatları ilə rastlaşmağımız heç də təsadüfi deyil.
İşğal nəticəsində xarabalıqlara çevrilmiş ərazilər qısa müddət ərzində bərpa olunduqdan sonra Qarabağ artıq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın Qələbəsi sayəsində, Xankəndi bu cür toplantıların mərkəzinə çevrilib. Dövlət başçılarının müxtəlif toplantıları təşkil olunur və oradan dünya üçün mühüm bəyanatlar verilir. Şahidlik etdiyimiz bu möhtəşəm mənzərələr möcüzənin nəticəsi deyil. Onlar məhz peşəkar siyasətin, dönməz iradənin, gərgin mübarizənin və əzmkarlığın bəhrəsidir. Bu cür nəticələri etiraf etməyənlərin azərbaycanlı olmalarına şübhə ilə yanaşmamaq mümkün deyil. Ucuz və populist demagogiyalar isə yalnız xainlik kimi qiymətləndirilə bilər.
Birlik və Həmrəylik: Dönməz Dəyərlər
Tarixi Qələbəmiz ölkəmizdə yaşanan birliyin və həmrəyliyin təsdiqidir. Çünki bu birlik və həmrəylik artıq dönməzdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq prosesində ölkənin siyasi partiyaları fəal şəkildə iştirak edir. Birliyə, əməkdaşlığa və həmrəyliyə qarşı çıxış edən radikal düşüncəyə malik şəxslər isə xəstə ambisiyalarda boğularaq siyasi münasibətlərin küncünə sıxılıb və öz xarici kuratorlarından növbəti tapşırıqları gözləyirlər.
Odur ki, iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci ECO Zirvə görüşü kimi tədbirlər, əslində, bütün qərəzli yanaşma və təxribatlara verilmiş növbəti cavabdır. Bu ECO Zirvə görüşü, ilk növbədə, biz özümüz və daha sonra bütün dünya ictimaiyyəti yeni güc mərkəzinin formalaşmasına şahidlik edir. Azərbaycan öz Qələbəsi və təşəbbüsləri ilə beynəlxalq münasibətlər sistemində uzun illər ərzində köhnəlmiş stereotipləri aradan qaldırır və yeni qlobal layihələrə yol açır. Xankəndidə keçirilən bu zirvə görüşü, sözügedən tədbir zamanı bir neçə ölkə rəhbərinin birgə çəkdirdiyi səmimi fotoların, sadəcə, ünvanlı mesaj kimi qəbul edilməsi olduqca dar və məhdud yanaşmadır. Sözügedən mənzərələr müasir beynəlxalq münasibətlər sisteminin yenidən formatlanmasının ilk işarələridir. Bu cür açıq mesajlar ondan xəbər verir ki, beynəlxalq münasibətlər sisteminin yenidən formatlanmasının səbəb və metodları müharibələr və münaqişələr deyil, məhz milli maraqlar naminə bərabərhüquqlu dövlətlərarası əməkdaşlıq olmalıdır. Bu, həm də ölkənin artan geosiyasi çəkisinin göstəricisidir.