Xankəndi Zirvəsi: Regionda Yeni Güc Mərkəzinin Təzahürü
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndində keçirilməsi regionda yeni bir güc mərkəzinin formalaşdığını qabarıq şəkildə nümayiş etdirdi. Təşkilatın əsas məqsədi iqtisadi əməkdaşlıq olsa da, siyasi münasibətlər nizama salınmadan faydalı iqtisadi əlaqələrdən bəhs etmək mümkün deyil. ECO-ya üzv dövlətlər arasında konsensusa mane olan ciddi problemlər yoxdur. Coğrafi məkanın özünəməxsus geosiyasi vəziyyəti region ölkələrini milli maraqlar naminə konfrontasiyadan çəkindirir. Hazırkı dövrdə, dünyada gərgin geosiyasi proseslərin və alovlu münaqişələrin davam etdiyi bir mərhələdə kəskin münasibətlər regionun heç bir dövlətinə sərf etmir.
Azərbaycanın Lider Rolu və Siyasi Konsolidasiya
Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində ECO-nun 17-ci Zirvə görüşünün məhz Xankəndidə təşkil olunması üzv dövlətlər arasında daha sıx siyasi konsolidasiyanın göstəricisi oldu. ECO üzvlərinin müsəlman ölkələri olması, xalqların isə çox yaxın milli-mənəvi dəyərlərə sahib olması təşkilatın siyasi vəhdətinin əsasını təşkil edir.
İqtisadi Əməkdaşlıqdan Siyasi Yaxınlaşmaya
ECO-nun keçmiş Baş katibi Halil İbrahim Akça qeyd etmişdir ki, təşkilat daxilində nazirlərin və dövlət başçılarının keçirdiyi toplantılarda müzakirə olunan məsələlərə (texniki məsələlər istisna olmaqla) münasibət eyni olur. Bu fakt tarixi, mədəni, dini və milli mentalitet baxımından yaxın olan ölkələrin siyasi və hərbi birliyinə stimul verir. Keçmiş Baş katib hələ 2016-cı ildə Tehranda keçirilən ECO Nazirlər Şurasının iclasında “zamanla ECO güclü regional təşkilata çevriləcək” demişdi.
Müasir dövrümüzün “Bazar iqtisadiyyatı” modelinin müəllifi, görkəmli iqtisadçı alim Adam Smitin nəzəriyyəsinə əsasən, “iqtisadi səbəbin diktəsi ilə siyasi yaxınlaşma zərurətə çevrilir”. Müasir dünyada baş verən siyasi proseslər alimin nəzəriyyəsinin doğruluğunu təsdiqləyir. Siyasi münasibətlər səmərəli iqtisadi əməkdaşlığın təməlidir. Məsələyə bu aspektdən yanaşdıqda qeyd etmək lazımdır ki, Azərbaycanın ECO üzvü olan Mərkəzi Asiya respublikaları ilə münasibətlərinin yüksək səviyyədə olması sayəsində dəyəri 1 milyard avro həcmində olan Transxəzər fiber-optik ötürücü kabel xətt, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şərq-Qərb nəqliyyat dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələr uğurla icra edilir.
Xankəndidən Siyasi Mesaj və Ərazi Bütövlüyünə Dəstək
ECO-nun 17-ci Zirvə Sammitinin Ermənistanın işğalından azad edilən Xankəndidə keçirilməsi dərin siyasi mahiyyət daşıyır. Üzv dövlətlərin rəhbərlərinin burada iştirakı bütün üzvlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ona hörmətlə yanaşdığını göstərir. Bu amillər təşkilat daxilində siyasi müttəfiqliyin formalaşdığının əyani sübutudur.
Qeyd etmək lazımdır ki, ECO ölkələrinin əhalisi ifrat Qərb demokratiyasını birmənalı qəbul etmirlər. Milli əxlaqi dəyərlər bu cəmiyyətlərdə çox dərin kök saldığı üçün demokratiyanın bir sıra cəhətlərindən tamamilə imtina edirlər. Bu ölkələr tarixən Sasanilər, Səlcuqlular, Monqollar, Rus imperiyaları və Ərəb xilafətinin tərkibində yaşayıblar. Buna baxmayaraq, mübarizələr yolu ilə vahid xalq kimi özlərini qoruyub saxlayıblar. Tarixi inkişaf prosesində müstəqil dövlətlərə çevrilən bu ölkələr bir-biriləri ilə əlaqələr qurublar. Mərkəzi Asiya respublikaları ilə Azərbaycan arasında əlaqələr hələ SSRİ dövründə yaranıb.
Beynəlxalq Ekspertlərin Şərhləri: ECO-nun Potensialı
Pakistanlı politoloq, beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə ekspert Əbdül Rəhman Bilal vurğulamışdır ki, “ECO-nun çox böyük potensialı var. Qlobal arenada baş verənlər təşkilat üzvlərindən vahid mövqenin və siyasi kapitalın formalaşmasını tələb edir”. Onun fikrincə, ECO ölkələrinin coğrafi yaxınlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıq üçün əlverişli şərait yaradır.
Ankara Universitetinin professoru Toğrul İsmail ECO-nun Xankəndidə keçirilən Zirvə görüşünün yekunlarını şərh edərək bildirib ki, təşkilata üzv olan dövlətlərin Avropa ilə Çin arasında yerləşməsi onların iqtisadi inkişafına təkan verməklə yanaşı, siyasi birliyinin də təzahürüdür. Professor qeyd edir ki, 2000-ci ildən başlayaraq Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri üzv dövlətləri özünə cəlb edib. Bu layihələrdən Mərkəzi Asiya respublikaları ilə yanaşı, Pakistan, Əfqanıstan və İran da istifadə edərək dünya iqtisadiyyatına inteqrasiya oluna bilərlər ki, bu da dövlətlərin siyasi yaxınlaşmasını şərtləndirir.
Qlobal Təhdidlərə Qarşı Vahid Mövqe
ECO-nun Xankəndi Zirvə görüşü, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni və regionda yaratdığı yeni siyasi reallıqları həzm edə bilməyən, regionda dominantlığa çalışan qüvvələrə də siyasi mesaj oldu.
Rusiyada fəaliyyət göstərən Milli Tədqiqatlar Universitetinin (Ali İqtisadiyyat Məktəbi) dünya iqtisadiyyatı və siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev ECO-nun Xankəndi Zirvə görüşü barədə “Svobodnaya pressa” (SP) saytına müsahibəsində bildirib ki, “indiki məqamda üzv dövlətlərin rəhbərlərinin işğaldan azad edilmiş Xankəndinə gəlməsi onu deməyə əsas verir ki, onlar birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər”. SP-də dərc olunan materialda Azərbaycanın iqtisadi uğurları – ümumi daxili məhsulun 4,1 faiz artaraq 74,3 milyard dollara çatması, Avropanın 12 dövlətinə təbii qaz ixrac etməsi və digər göstəriciləri qeyd olunur və nəzərə çatdırılır ki, bu gün Azərbaycanın silahlı qüvvələri keçmiş SSRİ məkanında ən güclü ordudur. Bütün bunlar ECO-nun Cənubi Qafqazın lider dövləti Azərbaycanın ətrafında birləşdiyi mesajını verdi.
Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin şərqşünas-eksperti Albina Muratbekova deyib: “Azərbaycan fəal xarici siyasət apararaq son onilliklərdə Cənubi Qafqazda flaqmana çevrilib. ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın region və qlobal xarakterli təşəbbüslərdə aparıcı rol oynadığını ortaya qoyur”. Ekspertin fikrincə, rəsmi Bakı Xankəndi Zirvə görüşündə öz əlaqələri ilə yanaşı, digər ECO dövlətlərinin də bir-biriləri ilə əlaqələrini genişləndirmək üçün dialoq ortamı yaratdı ki, bu da təşkilat daxili siyasi və iqtisadi inteqrasiyanı gücləndirdi. Azərbaycan ECO Həftəsi keçirməklə ilk dəfə olaraq üzv dövlətlərin gənclərini, qadınlarını və iş adamlarını bir araya gətirdi.
ECO: Güclü Birliyin Təsdiqi
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin iqtisadi potensialını ortaya qoyaraq daha sıx iqtisadi və siyasi əməkdaşlıq üçün açıq olduğunu bəyan etdi. Təşkilatda nüvə silahına malik Pakistanın, dünya siyasətinin fəal aktoru olan Türkiyənin, enerji resursları ilə zəngin İranın təmsil olunmaları onu qüdrətli edir, nüfuzunu artırır və ən başlıcası isə verdiyi qərarlara hörmətlə yanaşılmasını təmin edir.
Beləliklə, ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün nəticələri haqqında danışarkən üç əsas amili qeyd etmək lazımdır. Birincisi, ECO regional təşkilatdan qlobal siyasətə əsaslı təsir edə biləcək bir quruma çevrilir. İkincisi, bu transformasiyada Azərbaycanın rolu danılmazdır və ölkəmiz Cənubi Qafqazda liderliyini təsdiq etdi. Üçüncüsü, Azərbaycanın sülhə, mehriban qonşuluğa, iqtisadi və siyasi əməkdaşlığa yönəlmiş siyasəti üzv dövlətlər tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan gələcəyi üçün iqtisadi inkişaf və siyasi zəmanəti təmin edir. Təşkilat qlobal təhdidlərə cavab verəcək imkana malik olan gücə çevrilir.