Yekaterinburq hadisəsi və diasporun səssizliyi: Təəssüf doğuran etimadsızlıq
İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların evinə basqın edərək beş nəfəri işgəncə ilə qətlə yetirməsi, onlarla insanı ağır yaralaması və repressiyalara məruz qoyması xalqımızı vahid bir mövqedə birləşdirdi. Bu faciəvi hadisə, şimaldan əsən üfunətli küləyin qarşısında xalqımızın mənəvi gücünü bir daha ortaya qoydu.
Dövlətin çevik reaksiyası
Hadisəyə Azərbaycan dövləti tərəfindən çox operativ reaksiya verildi. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovyx Xarici İşlər Nazirliyinə çağırıldı və ona açıq etiraz bildirildi. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edildi. Eyni zamanda, Rusiyanın ölkəmizdə keçirilməsi nəzərdə tutulan bütün mədəni tədbirlər təxirə salındı. Bütün bunlar Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliyin nəticəsi idi. Azərbaycan dövləti bu məsələyə nə qədər həssas və operativ yanaşırsa, bir o qədər də səbrlə və müdrikcəsinə addımlar atmaqdadır.
Azərbaycan diasporu haradadır?
Bəs Rusiyadakı Azərbaycan diasporu bu kritik məqamda nə ilə məşğuldur? Rusiyada beş soydaşımız polis tərəfindən qətlə yetirilir, onların ailə üzvləri, qohumları, yaxınları döyülür, həbs edilir, lakin diasporumuzdan səs çıxmır, heç bir reaksiya verilmir. Məsələn, azərbaycanlı milyarder, Rusiyanın “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun Yekaterinburqda baş verənlərlə bağlı hər hansı etirazına, açıqlamasına rast gələn olubmu?
Vaqif Məmişova yönəlik tənqid
Adı daha çox Rusiyada azərbaycanlı iş adamlarının sıxışdırılmasında hallanan Vaqif Məmişovun dəbdəbəli həyat tərzi sürməsini onun şəxsi işi hesab etmək olardı, lakin onun adının qarşısında “Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri” vəzifəsinin yazılması bizə onun fəaliyyətsizliyi üzərindən sükutla keçməyə imkan vermir. Üstəlik, Vaqif Məmişov Azərbaycan dövlət rəhbərliyi tərəfindən 1996-cı ildə “Vətən qarşısında xidmətinə görə” II dərəcəli ordenlə, “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə və 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bu medallar ona gözəlliyinə, puluna görə deyil, Azərbaycan dövlətinin ondan gözləntiləri olduğuna, ona etibar etdiyinə görə verilib. İnanılmışdı ki, Vaqif Məmişov dar gündə, kritik məqamlarda azərbaycanlıları müdafiə edəcək, dövlətimizi dəstəkləyəcək. Lakin təəssüf ki, Vaqif Məmişov bu dəfə ona olan inamı, etimadı heçə saydı.
Diaspor rəhbərlərindən gözləntilər və reallıq
Biz Vaqif Məmişovdan və Rusiyadakı digər Azərbaycan diasporu sədrlərindən Rusiya hakimiyyətini kəskin tənqid edən açıqlamalar gözləmirik. Bilirik ki, onların əksəriyyəti ticarətlə məşğuldurlar və biznes maraqlarını, pulu hər şeydən üstün tuturlar. Biz də onların bazarına əl qoyulmasını, gəlirlərindən məhrum olmalarını istəməzdik. Lakin ən azından belə həssas məqamlarda barışdırıcı mövqe sərgiləyə, qətlə yetirilən soydaşlarımızın tabutu altına çiyinlərini verə, həbs edilənləri vəkillə təmin edə bilərdilər. İndiki halda bunların heç birini görmürük. Milyonçu və milyarder diaspor rəhbərlərimizin əyləncələrindən geri qalmadıqları müşahidə olunur. Ola bilsin ki, Yekaterinburqda baş verənlər, jurnalistlərin zəngləri, eləcə də bu yazı yayın ləzzətini yüksək səviyyədə çıxaran diaspor rəhbəri üçün xoşagəlməzdir. Hətta Məmişov bizi onun istirahət hüququnu pozmaqda da ittiham edə bilər.
Təsəvvür edin, Azərbaycandakı rus icmasının nümayəndələri, Rusiyadakı bəzi ziyalılar Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən qəddarlığı pisləyən açıqlamalar, bəyanatlar verirlər, lakin bizim diaspor nümayəndələrinin səsi-səmiri çıxmır. Hətta bəziləri öldürülən, işgəncələrə məruz qalan, həbs edilən azərbaycanlıları günahlandırırlar. Məsələn, Vidadi Mustafayev adlı diaspor nümayəndəsi deyir: “Biz daim Sverdlovsk vilayətində azərbaycanlılar tərəfindən inteqrasiya və tərbiyə işinin uğursuz olduğunu deyirik. Hamı hər şeyi bilirdi: kimin öldürdüyünü, nə vaxt öldürdüyünü. Saxlanılanların sayı bunu göstərir. Amma diaspor hüquq-mühafizə orqanlarına kömək etmək və sistemli iş aparmaq əvəzinə bütün bu illər ərzində cinayətkarları qoruyurdu”.
Azərbaycan 34 ildir ki, Sovet Rusiyasının müstəmləkəsi altından azad olub, müstəqil dövlət qurmuşuq, böyük zəfərlərə imza atmışıq, ərazi bütövlüyünü təmin etmişik. Lakin təəssüf ki, içimizdə hələ də sovet dövrünün həsrətini çəkən, Rusiyanın boyunduruğu altına girmək istəyən Əliheydər Qarayevlər, Həmid, Ayuna Sultanovlar, Çingiz İldırımlar var. İstəməzdik ki, Vaqif Məmişov da onlardan biri olsun! Bəlkə hazırda “Sea Breeze”də dincələn Vaqif Məmişov “işarəni” dənizdən gözləyir?