Sumqayıt Bələdiyyəsində Gözlənilməz Sədr Dəyişikliyi: Dörd Aylıq Sədr Niyə Getdi?
Bu ilin yanvar ayında yeni fəaliyyətə başlayan Sumqayıt Şəhər Bələdiyyəsinin sədri cəmi dörd ay sonra dəyişdirilib. Əvvəlki sədr Orxan Adıgözəlzadə vəzifəsindən çıxarılaraq müavin təyin edilib. Onun yerinə isə Sumqayıt Bələdiyyəsinə Adil Xudadatov rəhbər seçilib. Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük “Vətən müharibəsi” iştirakçısıdır və “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəfər” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Yeni sədr Adil Xudadatov isə əvvəllər şəhər bələdiyyəsinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sədrlərin Tez-tez Dəyişməsi: Sumqayıt Bələdiyyəsinin Qalmaqallı Keçmişi
Cəmi dörd ay sonra bələdiyyə sədrinin dəyişməsi ciddi suallar doğurur və bu vəzifənin ətrafında yaranan müəmmaları daha da artırır. Ümumiyyətlə, son illərdə bu qurumun sədrliyi vəzmaqallarla yadda qalıb. 2016-cı ildə on il ərzində şəhər bələdiyyəsinə rəhbərlik etmiş Əbülfəz Babayev vəzifəsindən azad edilib. Onun haqqında irəli sürülən ciddi iddialara və külli miqdarda vəsaitin mənimsənilməsi hallarına baxmayaraq, heç bir cəza almayıb. Daha sonra sədr postunu tutan Sultan Hacıyev 2021-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyə sədrinin müavini Sərviz Süleymanova tapşırılıb. Abşeron rayonunda icra başçısının müavini kimi uzun müddət işləmiş S.Süleymanov barədə də xeyli iddialar mövcuddur. Maraqlıdır ki, o da iki il sonra heç bir əsas göstərilmədən işə çıxmayaraq postunu tərk edib. Rəsmən bələdiyyə sədrliyindən çıxarılmasa da, 2023-cü ildən vəzifələrini Orxan Adıgözəlzadə icra etməyə başlayıb. Bütün bu proseslərin icra başçısı Zakir Fərəcovun razılığı ilə baş verdiyinə şübhə yoxdur. Sumqayıtın ilk bələdiyyə sədri olmuş və şəhəri dərindən bilən icra başçısının bu dəyişikliklərdən kənarda qalması sadəlövhlük olardı. Onun şəhərin yerli idarəetmə proseslərindəki təsiri göz qabağındadır.
Adil Xudadatovun Seçimi və Müəmmalı Diplom Məsələsi
Yeni seçilmiş bələdiyyə sədrinin təyinatının hələ seçkilərdən əvvəl məlum olduğu bildirilir. Belə ki, bələdiyyə seçkilərinə xeyli vaxt qalmış mediada adı müxtəlif qalmaqallarda, torpaq alverində, hətta korrupsiya ittihamlarında hallanan Adil Xudadatovun sədr olacağı qeyd edilmişdi. Abşeronda icra başçısı olarkən Adil Xudadatovla işləyən Zakir Fərəcovun, şəhər bələdiyyəsində onunla daha yaxşı anlaşacağını və məlum planlarını daha rahat həyata keçirəcəyini düşündüyü üçün bu qərarı verdiyi ehtimal olunur. Lakin görünən odur ki, Adil Xudadatovun mənfi reputasiyası “yuxarı dairələrin” bu plana etirazına səbəb olub. Məhz bu səbəbdən dörd ay sonra Sumqayıt Bələdiyyəsində “demokratik seçki yolu ilə” yeni bələdiyyə sədri seçilib.
Ən maraqlı məqam isə yeni sədrin diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir, onlardan biri isə Dağıstanda yerləşən “universitet” hesab olunur. “Kamaz” sürücüsü olan bir şəxsin qısa müddətdə iki ali məktəbi necə bitirə bilməsi sual doğurur. Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkinddir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Bu suallar cavabsız qalır. Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub-olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqədar qurumlar araşdırmalıdır. Ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin diplomunun həqiqiliyi ciddi məsələdir.