Sumqayıt məktəbində şok iddialar: Direktorun fəaliyyəti araşdırılır
Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəbin direktoru Afik İsmayılovun fəaliyyəti ilə bağlı ciddi iddialar gündəmə gəlib. Valideyn və müəllimlərdən daxil olan məlumatlara əsasən, məktəbdə qanunsuz pul yığımı, dərs yüklərinin satılması və birinci siniflərə qəbulda rüşvət hallarının mövcud olduğu bildirilir.
Şagirdlərdən “keçid haqqı” tələbi
Daxil olan məlumatlara görə, direktor Afik İsmayılov şagirdləri sinifdən-sinfə keçirərkən hər valideyndən 200 manat məbləğində “keçid haqqı” tələb edir. Valideynlər bildirir ki, bu məbləğ ödənilmədikdə, uşağın illik qiymətləri müsbət olsa belə, süni çətinliklər yaradılır və uşağın dərsə marağı süni şəkildə azaldılır. Valideynlər bu vəziyyətdən çıxış yolu olaraq ya tələblərə razılıq verməyə, ya da övladlarını başqa məktəbə köçürməyə məcbur olurlar.
Adının açıqlanmasını istəməyən bir valideyn bu barədə danışarkən deyib: “Elektron jurnalda övladımın nəticələri qaydasında idi, lakin müəllim direktorla danışmaq lazım olduğunu bildirdi. Direktorla görüşəndə isə açıq şəkildə 200 manat tələb olundu. Bildirildi ki, əgər keçmək istəyirsə, bu məbləği ödəməlidir, əks halda əlavə imtahanlar keçiriləcək.” Sinifdən-sinfə keçiddə əlavə imtahanların nəzərdə tutulmadığı halda direktorun bu cür üsullara əl atması qəbuledilməz hal kimi qiymətləndirilir.
Dərs bölgüsündəki narazılıqlar
Məktəbdə dərs bölgüsü də müəllim heyəti arasında ciddi narazılıqlara səbəb olur. Qeyri-rəsmi məlumatlara görə, məktəbdə dərs saatlarının bölgüsü rəsmi qaydada yox, şəxsi maraqlar və ödəniş müqabilində həyata keçirilir. Həmçinin, təhsil haqqında qanunun tələbləri Afik İsmayılov tərəfindən kobud şəkildə pozulur. Daha çox ödəniş edən müəllimlər daha yüksək dərs yükü alır, bu isə pedaqoji kollektivdə ədalətsizlik yaradır və tədris keyfiyyətinə mənfi təsir göstərir.
Qanunvericiliyə əsasən, eyni ixtisaslı bütün müəllimlər üçün dərs saatları kifayət həcmdədirsə, hər müəllimə 18 saat dərs bölgüsü verilməlidir. Hər müəllim 18 dərs saatı ilə təmin edildikdən sonra qalan dərslər diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər arasında bölünür. Əgər məktəbdə eyni ixtisaslı hər müəllimə 18 dərs saatı çatırsa, diaqnostik qiymətləndirmədən aşağı nəticə göstərən müəllimə 18 saatdan az dərs saatı verilməsi qanunvericiliyə ziddir. Yalnız bütün eyni ixtisaslı müəllimlər minimum 18 saat dərs saatı ilə təmin edildikdə, yüksək nəticə göstərən müəllimlərə daha artıq dərs verilə bilər.
Anonimliyi qorunmaq şərtilə danışan bir müəllim qeyd edib: “Əvvəllər dərs bölgüsü fənn üzrə təcrübəyə əsasən edilirdi. İndi isə pulu çox verən müəllim çox saat alır. Hətta yeni gələn müəllimlər belə üstünlük qazanır.”
Birinci sinfə qəbulda rüşvət iddiaları
Təhsil Nazirliyinin müəyyən etdiyi elektron qeydiyyat sistemi tətbiq edilsə də, məktəbdə bu sistem faktiki olaraq təsirsizdir. Valideynlər qeydiyyatı sistem üzərindən həyata keçirsələr də, təsdiq mərhələsində direktorun qəbuluna çağırılır və iddialara görə, “qeydiyyatın tamamlanması” üçün əlavə ödənişlər tələb olunur. Bu hal bir çox təhsil ocaqlarında mövcuddur. Qanunvericilik elektron qaydada övladın orta məktəbə yerləşdirilməsini birbaşa təmin etsə də, elektron qeydiyyatın təsdiqi yenə də direktorun səlahiyyətində qalır. Valideynlər bu qaydanın ləğv edilərək Regional idarələrin nəzarətinə verilməsini tələb edirlər. “Övladlarımızı məktəbə yerləşdirdikdən sonra direktorun qapısında növbəyə düzülmək istəmirik” – deyə valideynlər narazılıqlarını bildirirlər.
Valideynlərin sözlərinə görə, proses formal olsa da, faktiki olaraq şəffaflıqdan uzaqdır: “Biz sistemdə uşağı qeydiyyatdan keçirdik. Sonra zəng gəldi ki, direktorla görüşmək lazımdır. Görüşdə bizə açıq demədilər, amma dolayı yolla qanunsuz pul yığımı tələb olundu. Bu cür hallar yolverilməzdir.”
Səlahiyyət həvaləsi və məsuliyyətsizlik iddiaları
Direktor müavini Zülfiyyə Əliyevanın bir sinifə rəhbərlik etməsi, habelə təşkilatçı Amalya Allahverdiyevanın iki sinifə rəhbərlik etməklə yanaşı dərs bölgüsünü aparması da narazılıqlara səbəb olur. Direktorun öz səlahiyyətlərini digər şəxslərə həvalə etməsi və yaranmış nöqsanlara qarşı səssiz qalması vəziyyəti dözülməz hərc-mərcliyə çatdırıb. Bütün bunlar Afik İsmayılovun məsuliyyətli işlərdən daha çox gəliri üstün tutduğunu göstərir. Təhsilin keyfiyyəti yerinə, övladlarımıza hər şeyin pulla əldə olunduğu mesajı verilir. Müəllim kollektivi də Regional İdarə rəhbəri İlhamə Abdullayevanın tez bir zamanda tədbir görəcəyinə və onları bu vəziyyətdən xilas edəcəyinə inanır.
Rəsmi mövqe gözləntisi
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Təhsil Sektoru ilə əlaqə saxlanılaraq mövqe öyrənilməyə çalışılacaq. Redaksiya hazırda rəsmi açıqlama gözləyir. Məktəbdəki bu halların, xüsusilə də qanunsuz pul yığımının, Təhsil Nazirliyinin şəffaflıq prinsiplərinə və vətəndaş məmnunluğu məqsədinə zidd olduğu qeyd edilməlidir. İctimaiyyət aidiyyəti qurumların tez bir zamanda araşdırma apararaq, məsul şəxslərə qarşı lazımi tədbirlər görməsini gözləyir.