Sahib Məmmədovun Rəhbərliyindəki AHİK: Yeni Qalmaqallar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə təyin olunmuş Sahib Məmmədovun fəaliyyət dövrü, demək olar ki, bir ilini tamamlayır. Bu müddət ərzində onun idarəetmə tərzi və mübahisəli təyinatları ilə bağlı narazılıqlar davamlı olaraq gündəmdədir. Xüsusilə də, təşkilatın ətrafına qarşı göstərdiyi hədsiz həssas yanaşma diqqət çəkir.
İdman Təşkilatları Assosiasiyasında Kütləvi İşdən Çıxarmalar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına tabe olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasından daxil olan şikayətlərin sayı durmadan artır. Məlumatlara görə, 2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər təqribən 500 nəfər əməkdaş müxtəlif səbəblərlə işdən çıxarılıb və ya ixtisara salınaraq işsiz qalıb. Bundan əlavə, heç bir əsaslandırma olmadan Assosiasiyanın nəzdində fəaliyyət göstərən 10 idman cəmiyyəti bağlanıb. Bu cəmiyyətlər illərdir ölkə idmanına mühüm töhfələr vermiş, idmançılarının beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanmasına şərait yaratmışdılar. Lakin bu addımlar qurum tərəfindən heç bir ictimai reaksiya olmadan həyata keçirilib.
Gənclik Könüllü Tələbə İdman Cəmiyyəti Ətrafında Şübhələr
Assosiasiyanın tabeliyində yalnız Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin saxlanılması ilkin olaraq tələbələrin fiziki hazırlığına və asudə vaxtının səmərəli təşkilinə xidmət edəcəyi düşüncəsini yaratmışdı. Lakin sonradan məqsədlərin tamamilə fərqli olduğu ortaya çıxıb. Cəmiyyətin nizamnaməsinə əsasən, 2024-2025-ci tədris ilində ölkə ərazisində ali və orta ixtisas təhsil müəssisələrində idman yarışları keçirilməli, nəticədə isə 12 idman növü üzrə komandalar formalaşdırılaraq beynəlxalq yarışlarda iştirakları təmin edilməlidir. Bunun üçün Gənclər və İdman Nazirliyinə siyahılar təqdim olunmalıdır. Maraqlıdır ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının rəsmi sosial şəbəkələrində bu yarışlar haqqında heç bir məlumat yoxdur. Bu isə həmin yarışların yalnız sənəd üzərində saxtalaşdırılaraq, digər işlərdə olduğu kimi, Gənclər və İdman Nazirliyinə göndərilməsi ehtimalını gücləndirir.
Vəsaitlərin Şəxsi Məqsədlər Üçün İstifadəsi İddiaları
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının AHİK sədrinin müşaviri Nigar Vahabzadənin nəzarətində olması faktının arxasında duran məqsədlər getdikcə daha aydın görünür. İddialara görə, xanım Vahabzadə bu ilin iyul ayında Almaniya və digər bahalı Avropa ölkələrində keçiriləcək iddia olunan yarışlar adı altında, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vəsaiti hesabına istirahət səfərinə hazırlaşır. Hətta əldə edilən məlumatlarda onun bu səfərə azyaşlı oğlunu da aparmağı planlaşdırdığı bildirilir. Əvvəlki illərdə xarici yarışlarda iştirak üçün ezamiyyə xərcləri yalnız komandanın üzvləri üçün ayrıldığı halda, cari ildə təşkilatın sədri Tural Qasımov və sədrin müavini, Sahib Məmmədovun yaxın qohumu Fikrət Hacıyevin də AHİK vəsaiti, yəni aztəminatlı insanlardan tutulan 2% üzvlük haqqı hesabına bu səfərə qatılmağa hazırlaşması ciddi suallar doğurur.