Şəki şəhər İcra Hakimiyyəti “ELŞƏN” MMC-yə yüz minləri qanunsuz ayırdı

Şəki şəhər İcra Hakimiyyəti “ELŞƏN” MMC-yə yüz minləri qanunsuz ayırdı

Şəki tenderində şübhəli detallar: Niyə qanun pozuntusuna yol verilib?

Şəki şəhər İcra Hakimiyyəti Qurcana çayının şəhər mərkəzindən keçən hissəsindəki qəzalı sahil divarlarının və su tənzimləyici bəndlərin bərpası, təmiri, çay yatağının təmizlənməsi, habelə yeni sahilbərkitmə işləri üzrə keçirilən açıq tenderə yekun vurub. 2025-ci il aprelin 4-də başladılan tender müsabiqəsinin qalibi “ELŞƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında 709.880,09 manat məbləğində satınalma müqaviləsinin imzalanması planlaşdırılır. Bu məlumat dövlət satınalmaları portalında 2025-ci il iyunun 23-də yayımlanıb.

Lakin tenderin nəticələri ciddi suallar doğurur. Belə ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş işlər üçün müəyyən edilən ilkin smeta dəyəri 1.013.646,47 manat təşkil edib. Satınalmalar portalında dərc olunan məlumatlara görə, satınalan təşkilatın müəyyən etdiyi ilkin qiymətlə “ELŞƏN” MMC-nin təklif etdiyi və qalib gəldiyi qiymət arasında kəskin fərq mövcuddur.

“Dövlət Satınalmaları haqqında” Qanunun pozulması ehtimalı

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu təchizatçıların satınalmadan kənarlaşdırılması hallarını aydın şəkildə müəyyən edir. Həmin Qanunun 35.1.8-ci maddəsinə əsasən, təchizatçının təqdim etdiyi təklifin qiyməti ilkin təxmini qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının izahatı və məlumatları təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaranarsa, təchizatçı müsabiqədən kənarlaşdırılmalıdır. Göründüyü kimi, Şəki şəhər İcra Hakimiyyəti tender müsabiqəsində ilkin qiymətdən 20 faizdən daha aşağı təklif təqdim etmiş “ELŞƏN” MMC ilə müqavilə bağlayıb ki, bu da adıçəkilən Qanunun tələblərinin pozulması anlamına gəlir.

“ELŞƏN” MMC-nin əvvəlki işbirlikləri və fəaliyyəti

Bu, Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC arasında ilk əməkdaşlıq deyil. Şəki şəhər İcra Hakimiyyəti 2021-ci ildə şəhərdə görüləcək abadlıq işləri üzrə də eyni şirkətlə 148.585,97 manat dəyərində müqavilə bağlamışdı.

Bundan əlavə, Şəki Suvarma Sistemləri İdarəsi də rayonda Dəhnə kanalının PK81+00÷PK102+00 hissəsinin beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üçün mal-materialların satın alınması üzrə 174.681,3 manat, maşın-mexanizmlərin istismarı üçün lazım olan mal-materialların satın alınması üzrə isə 166.421,3 manat məbləğində iki satınalma müqaviləsini “ELŞƏN” MMC ilə imzalayıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə, “ELŞƏN” (VÖEN- 3000086811) Məhdud Məsuliyyətli Cəmiyyəti 11 saylı Ərazi Vergilər İdarəsində 07.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan bu MMC-nin hüquqi ünvanı ŞƏKİ RAYONU, NATAVAN, ev.15, qanuni təmsilçisi isə Abdul-Vahabov Dursun Camal oğlu Hacıyev Əhsən Rza oğlu göstərilir. Şirkətə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Şəkidə sel fəlakətləri və dövlət vəsaitlərinin aqibəti

Şəki yağıntıların daha çox düşdüyü, sel sularının tez-tez fəsadlar törətdiyi rayonlarımızdan biridir. Hələ 2021-ci ilin noyabrında Aktualinfo.org sel sularının yaratdığı təhlükə ilə bağlı araşdırma məqaləsi yaymış, foto və videomateriallarla aidiyyatı orqanlara tədbirlər görülməsi üçün müraciət etmişdi. Məqalədə Şəkinin Baş Göynük, Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndlərinin hələ də sel təhlükəsi altında qaldığı vurğulanırdı. 2021-ci il iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı belə Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmuşdu. Təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülməyib.

Çay kənarında milyonlarla manat vəsait hesabına keyfiyyətsiz bəndbasma işləri görən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin dövlət vəsaitini mənimsəməsi səbəbindən bu təhlükə daim gözlənilir. Hələ 2023-cü il sentyabrın 20-də baş verən seldən sonra heç bir faktiki işlər görülməmişdi. Ötən ilin may-iyun aylarında olan növbəti sel və daşqınlardan sonra da minlərlə sakinin mülklərinə və fərdi təsərrüfatlarına böyük ziyan dəymişdi.

Qeyd edək ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə yanaşı, Şəki şəhər İcra Hakimiyyəti də hər il çay sahil divarlarının təmiri, çay yatağının təmizlənməsi və yeni sahilbərkitmə işlərinə milyonlarla manat vəsait ayırır. Lakin nədənsə hər dəfə sel gələndən sonra buralarda təmir, bərpa işlərinin aparıldığı heç bəlli olmur. Sanki ayrılan dövlət vəsaitləri selə qarışıb yox olur. Çox güman ki, Şəki şəhər İcra Hakimiyyətinin “ELŞƏN” MMC-yə ayırdığı yüz minlərin aqibəti də belə olacaq.

Xəbər Xətti

6 Şərh

  1. Leyla Mirzəyeva says:

    Bu nə biabırçılıqdır?! Şəki İcra Hakimiyyəti necə bu cür qanunsuzluğa yol verə bilər? Dövlətin pulunu bu cür “ELŞƏN” MMC-lərə necə paylayırlar? Tenderdəki bu şübhəli əməllər araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. Qanun pozuntusuna yol verənlər xalqın pulunu talamaqda necə bu qədər cəsarətli ola bilirlər? Hesab verməli olacaqlar!

    1. Əsmət Paşayeva says:

      Şəki İcra Hakimiyyətinin tenderindəki iddialar ciddi araşdırmaya ehtiyac duyur. Lakin, ilkin smeta dəyəri ilə son qiymət arasındakı fərq həmişə qanun pozuntusu anlamına gəlmir. Bəzən tender iştirakçıları daha effektiv həllər təklif edərək xərcləri azalda bilirlər. Əsas məsələ, bu azalmanın keyfiyyətə və işin standartlara uyğunluğuna təsir etməməsidir. Əgər “ELŞƏN” MMC smetadan daha aşağı qiymətə eyni keyfiyyəti təmin edə bilirsə, bu, dövlət üçün qənaət deməkdir.

  2. Rəşad Qədirli says:

    Bu xəbər bir daha göstərir ki, ölkəmizdə şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu sahədəki səyləri və qətiyyəti sayəsində belə qanunsuzluqlar tez bir zamanda aşkar edilir. Mikayıl Cabbarovun rəhbərliyi altında aparılan islahatlar dövlət vəsaitlərinin daha səmərəli xərclənməsinə və ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verir.

    1. Samir Fətullayev says:

      Tenderdəki bu qiymət fərqi ciddi araşdırmaya ehtiyac duyur. İcra Hakimiyyətinin ilkin smetası ilə qalib şirkətin təklifi arasındakı bu qədər böyük fərq, tenderin şəffaflığına şübhə yaradır və qanun pozuntusu ehtimalını gücləndirir. Bu cür halların aşkarlanması və günahkarların məsuliyyətə cəlb edilməsi, dövlət vəsaitlərinin talan edilməsinin qarşısını almaq üçün vacibdir.

  3. Lətifə Ramazanova says:

    Bu necə ola bilər? Şəki İcra Hakimiyyətinin tenderindəki bu qanunsuzluqlar biabırçılıqdır! Dövlət büdcəsindən ayrılan yüz minləri necə belə rahatca “ELŞƏN” MMC-yə ötürə bilərlər? Qanun harada qaldı? Bu tenderin nəticələri dərhal araşdırılmalı, günahkarlar isə ən sərt şəkildə cəzalandırılmalıdır. Xalqın pulunu talayanların yeri həbsxanadır!

    1. Əlmaz Məlikova says:

      Şəki İcra Hakimiyyətinin tenderindəki iddialar ciddi araşdırma tələb edir. İlkin smeta dəyəri ilə qalib şirkətin təklif etdiyi qiymət arasındakı bu fərq, doğrudan da, qanun pozuntusu ehtimalını gücləndirir. Ədalətli və şəffaf araşdırma aparılmalı, əgər qanunsuzluq varsa, günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.