“Səhliyalı” keyfiyyətsiz məhsul satışında ittiham olunur
Ölkənin tanınmış ət məhsulları istehsalçılarından olan “Səhliyalı” Kiçik Müəssisəsinin saxta və standartlara uyğun olmayan kolbasa məhsulları satdığı aşkar edilib. Aparılan yoxlamalar nəticəsində müəssisənin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ticarət qaydalarını tənzimləyən 448-ci maddəsini pozduğu müəyyən olunub.
Bu maddə saxta, dövlət standartlarına və ya digər normativ sənədlərin tələblərinə cavab verməyən malların idxalına və satışına görə məsuliyyət nəzərdə tutur. Pozuntuya yol verən fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir, eyni zamanda, keyfiyyətsiz məhsullar müsadirə olunur.
Məhkəmə prosesi başlayır
Adıçəkilən şirkətlə bağlı iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Məhkəmə baxışı 22 noyabr tarixində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutacaq. İşin nəticəsi geniş ictimai marağa səbəb olub.
Müəssisə haqqında məlumat
1996-cı ildə fəaliyyətə başlayan “Səhliyalı” Kiçik Müəssisəsi bazarda uzun illərdir mövcuddur. Şirkətin məşhur “1000 bərəkət, halal nemət” ticarət nişanı 2009-cu ildən istifadə olunur. Müəssisənin direktoru Rövşən Knyaz oğlu Səmədovdur. Məsələ ilə bağlı şirkətin də mövqeyini dinləməyə hazırıq.