Bakıda qanunsuz tikililər: Səbail Rayon İcra Hakimiyyəti və müəmmalı himayədarlıq
Bakının Səbail rayonunda sürətlə artan qanunsuz tikililər ölkə ictimaiyyətində ciddi narahatlıq doğurmaqdadır. Xüsusilə də Bayıl ərazisində bu cür tikinti fəaliyyətinin yağışdan sonra bitən göbələklər kimi sürətlə yayılması əhali arasında şübhələrə yol açır. Medianın diqqət mərkəzində olan bu artım, rayondakı qanunsuz tikililərlə mübarizənin effektivliyini sual altında qoyur.
Məsələ ilə bağlı aparılan araşdırmalar göstərir ki, rayon ərazisindəki bu tikinti fəaliyyətinin miqyasının genişlənməsi nə Əmlak Məsələləri Dövlət Xidmətinin, nə də Şəhərsalma və Arxitektura Komitəsinin səhlənkarlığından irəli gəlmir. Əksinə, iddialara görə, bu cür inşaatların sayının artmasına səbəb Səbail Rayon İcra Hakimiyyətindəki bəzi rəsmilər tərəfindən onlara göstərilən himayədir. Məhz bu səbəbdən qanunsuz tikinti işləri azalmaq əvəzinə, getdikcə daha da çoxalır. Maraqlıdır ki, sözügedən tikinti işlərinin əksəriyyəti gecə saatlarında həyata keçirilir. Bu isə, bir çoxlarına görə, aparılan işləri ictimai nəzərdən gizlətmək məqsədi daşıyır.
Qafur Məmmədov adına parkda baş verənlər yuxarıda qeyd edilənlərin bariz nümunəsidir. Son bir il ərzində bu park ərazisində xeyli sayda qanunsuz obyekt tikilib və bunların hamısının icra hakimiyyətinin razılığı ilə reallaşdığı bildirilir. Ən narahatedici məqam isə bu neqativ tendensiyanın getdikcə daha da genişlənməsidir. Növbəti yazılarımızda oxucularımızı mövzu ilə bağlı daha ətraflı məlumatlandırmağa çalışacağıq.