Rusiyanın Yekaterinburqda törətdiyi hadisələr şovinist siyasətin təzahürüdür
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadıqları evlərə basqınları, günahsız insanlara qarşı edilən zorakılıq və qətl halları, onları vəhşicəsinə döymələri açıq şəkildə rus şovinizmi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Son illər Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına yüksəlməsi, ölkə liderinin beynəlxalq reytinqinin sürətlə artması özlərini dünya gücü hesab edən bəzi ölkələri ciddi şəkildə narahat edir. 2020-ci ildə Ermənistanın və onun havadarlarının məğlubiyyəti, ardınca 2023-cü ildə Qarabağda aparılan lokal antiterror tədbirləri narahatlıqları daha da artırıb.
Azərbaycan-Rusiya əlaqələrinə kölgə salan təxribatlar
1997-ci ildən indiyədək Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik və strateji tərəfdaşlıq sahəsində dörd mühüm sənəd imzalanıb. Bu sənədlərdən sonuncusu, 22 fevral 2022-ci ildə Moskvada Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış 43 bənddən ibarət “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dünya ictimaiyyətində böyük maraq doğurmuşdu. Həmin sənədlərdə iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə sadiqlikləri, siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial, səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahələrində yaxınlaşmanın vacibliyi öz əksini tapmışdı. Eyni zamanda, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli fəaliyyətin inkişaf etdirilməsi də prioritet vəzifə kimi müəyyən edilmişdi.
Qarabağ reallığı və rus şovinizmi
Son illərdə Rusiyanın Azərbaycana qarşı təxribatlarının arxasında dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiya faktları dayanır. Əsas məqam isə Azərbaycanın dünya birliyində sürətlə yüksələn reytinqidir. Görünür, bu gün Rusiyanın bəzi şovinist və ermənipərəst rəsmiləri bu reallığı qəbul edə bilmirlər. Onları narahat edən əsas məqam artıq dünya birliyinin də “Qarabağ Azərbaycandır!” reallığını, eləcə də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etməsidir. Yekaterinburq hadisələri də bu qəbuledilməzliyin və rus şovinizmi siyasətinin acı nəticəsidir.