Yekaterinburqda Azərbaycanlılara Qarşı Zorakılıq: Hüquqi və İnsani Dram
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakı və alçaldıcı davranış, habelə hüquq-mühafizə orqanlarının qərəzli mövqeyi qəbuledilməzdir. Bu hadisə xalqımızın milli ləyaqətinə, vətəndaşlarımızın təhlükəsizliyinə və hüquqlarına yönəlmiş açıq təzyiqin bariz nümunəsidir. Baş verənlər təsadüfi deyil; bu, azərbaycanlıların, eləcə də ümumən türklərin, müsəlmanların və qeyri-rus əhalinin Rusiya cəmiyyətində hədəfə çevrilməsinin növbəti acı göstəricisidir.
Beynəlxalq Öhdəliklərin Pozulması və Diplomatik Etinasızlıq
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi bəyanatını dəstəklədiyini bildirib. O qeyd edib ki, bəyanat beynəlxalq hüququn əsas prinsiplərinə – insan hüquqlarına, milli və etnik mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyinə əsaslanır. Rusiya Federasiyası öz ərazisində yaşayan və ya müvəqqəti olan şəxslərin həyatına, toxunulmazlığına və hüquqlarına təminat verməyə borcludur. Bu öhdəliyin kobud şəkildə pozulması yalnız insan hüquqlarının deyil, həm də dövlətlərarası münasibətlərin pozulması deməkdir. Yekaterinburqda yaşananlar təkcə hüquqi məsələ olmayıb, eyni zamanda, humanitar faciə və ciddi diplomatik etinasızlıqdır.
Təcili İstintaq Tələbi və Vətəndaş Həmrəyliyi
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Rusiya vətəndaş cəmiyyəti institutlarına çağırış edir, Federasiyanın müvafiq qurumlarını isə qətiyyətlə xəbərdar edirik: bu hadisə hüquqi və ictimai müstəvidə ciddi nəticələrə səbəb ola bilər. Təcili, şəffaf və obyektiv istintaq aparılmalı, təqsirli şəxslər məsuliyyətə cəlb olunmalı, azərbaycanlıların hüquqları və təhlükəsizliyi sistemli şəkildə təmin edilməlidir. Yekaterinburqda və ümumən Rusiyada yaşayan ictimaiyyətə, xüsusilə də yerli vətəndaş cəmiyyəti fəallarına səslənirik: susmaq və seyrçi qalmaq bitərəflik deyil, ədalətsizliyə şərik olmaqdır. İndi susmaq, sabah daha böyük faciələrə yol açmaq deməkdir.
Eyni zamanda, Rusiyadakı həmvətənlərimizə müraciət edirik: təmkinli olun, lakin susmayın. Emosiyalarla deyil, hüquqla danışın. Səsinizi beynəlxalq hüquq müstəvisində, qanuni yollarla qaldırmaq və haqlarınızı tələb etmək sizin haqqınızdır.
Milli ləyaqət və hüquqlar təkcə dövlətin deyil, xalqın özünün də məsuliyyətidir. Hər bir vətəndaş bu məsuliyyətin daşıyıcısıdır. Biganəlik deyil, birlik nümayiş etdirmək, təzyiqlərə qarşı prinsipial mövqe sərgiləmək zamanıdır! Bizim işimiz haqq işidir! Haqq incələr, üzülməz!