Yekaterinburq şəhərində baş verən hadisələr iki əsas prizmadan dəyərləndirilməlidir: hüquqi və siyasi. Hüquqi aspektdən, bu hadisələr yeni cinayət vəziyyətinə nəzarət, cinayətkarlıqla, xüsusən də etnik cinayətkarlıqla mübarizə, əməliyyat tədbirləri və istintaq hərəkətləri kimi qiymətləndirilməlidir. Cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılması, ölkədə ümumi Rusiya cinayətkarlığının azaldılması baxımından bu hadisələr təhlil olunmalıdır. Siyasi prizmadan isə dövlətlərarası və millətlərarası münasibətlər kontekstində incələnməlidir.
Kim tərəfindən törədilməsindən asılı olmayaraq, hər hansı bir cinayət ölkə qanunvericiliyi çərçivəsində araşdırılmalı, cinayəti törədən şəxs məsuliyyətə cəlb edilməli və layiqli cəzasını almalıdır. Lakin Rusiya mediasına diqqət yetirdikdə, xüsusən də son illərdə güclənən maraqlı bir tendensiyanın şahidi oluruq. Yayılan kriminal xəbərlərin əsas iştirakçıları, ölkədə cinayət statistikasının artmasına təsir edən əsasən ya miqrantlar, ya da Rusiya vətəndaşı olan digər xalqların, xüsusilə Mərkəzi Asiya və Qafqaz müsəlman xalqlarının nümayəndələridir.
Media Təbliğatı və Miqrant Stereotipləri
Qəribədir ki, digər millətlərin bu və ya başqa formada iştirak etdiyi cinayət hadisələri böyük bir şouya çevrilir və gündəmi zəbt edir. Bütün media, “növbətçi ictimai-siyasi xadimlər” və din xadimləri bu hadisədən danışır. Cinayətin mahiyyəti kənarda qalır, cinayətkarın milli mənsubiyyəti müzakirə mövzusuna çevrilir. Qısası, Rusiyanın Gebblesvari təbliğatından belə təəssürat yaranır ki, bu ölkədə yerli əhali, yəni ruslar, qanunpərəst, dinc və sakit insanlardır, digər xalqların nümayəndələri isə “cinayətkar ünsürlərdir”. Bu səbəbdən də cinayət hadisələrinin 90-95 faizini məhz “milli azlıqlar” törədir. Bu təbliğatın başında isə tez-tez Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin kimi şəxslərin çıxışları dayanır.
Üstəlik, həmin kriminal hadisənin iştirakçısına qarşı törədilən qanuna və insanlığa sığmayan tədbirlər bir yana, bunu bəhanə edərək geniş kampaniyalar təşkil olunur. Bu məsələyə əlaqəsi olmayan çoxsaylı miqrant saxlanılır, incidilir, yaranmış vəziyyət qəsdən şişirdilir. Bu proses hətta öz vətəndaşları olan, lakin başqa milli və dini mənsubiyyəti fərqli olanlara, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər miqrantlara qarşı reydlərlə, onlara qarşı kobud, aşağılayıcı tədbirlərlə müşayiət olunur. Bu, vətəndaşlığından asılı olmayaraq başqa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına səbəb olur.
Bəs əslində vəziyyət necədir? Həqiqətənmi Rusiyada cinayətlər törədənlərin əksəriyyəti digər xalqların nümayəndələridir? Yaxud həqiqi Rusiya cinayətkarlığının kökü başqadır? Əlbəttə, Rusiyada cinayət törədən şəxslərin etnik mənşəyi haqqında məlumatlar olduqca məhduddur. Lakin mövcud statistikaya və araşdırmalara əsaslanaraq bəzi məlumatları qeyd etmək mümkündür.
Ölkədaxili Həqiqi Rusiya cinayətkarlığı
2024-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, xarici vətəndaşların törətdiyi cinayətlərin ümumi payı təqribən 4 faiz təşkil edib. Hətta digər müstəqil və xarici mənbələrdə bu rəqəm daha aşağı, 2 faiz həddindədir. Bu fərqlər hesablamada istifadə olunan metodoloji yanaşmalardan qaynaqlana bilər. Amma hər halda ümumilikdə, cinayət statistikasında digər xalqların və xarici vətəndaşların payı olduqca aşağıdır: bu rəqəm 2-4 faiz arasında dəyişir. Bu rəqəmlər Kremlin təbliğat maşınının növbəti dezinformasiyalarını puça çıxarır və həqiqi Rusiya cinayətkarlığının mənbəyini başqa yerdə axtarmaq lazım olduğunu göstərir.
Bəs Rusiyanın ört-basdır etməyə çalışdığı, əslində isə ölkə daxilində törədilən cinayətlərin 96-98 faizini törədən “yerli rus cinayətkarları” ilə bağlı vəziyyət necədir? Öz dediklərinə görə “slavyan mənşəli” cinayətkar qruplar Rusiyada və dünyada nə işlə məşğuldurlar?
Rusiyanın “vasitəçi cinayət şəbəkələri” regional və beynəlxalq səviyyədə fəaliyyət göstərir və birbaşa Rusiya dövləti ilə əlaqəli iqtisadi və kibercinayətlərdə iştirak etməsi ehtimal edilir. Məsələn, bu yaxınlarda Azərbaycana qarşı da kiberhücum təşkil etmişdilər. Qlobal miqyasda rus cinayətkar şəbəkələri ABŞ-da və Avropada geniş yayılıb. Bu ölkələrdə rus mənşəli kriminal şəbəkələr mövcuddur. Bəzi mənbələrin verdiyi məlumatlara görə, Rusiyadan çıxmış 200-dən çox peşəkar cinayətkar təşkilat 44 ölkədə fəaliyyət göstərir. Xüsusən Yunanıstan, Kipr, Almaniya, Baltik ölkələri, Böyük Britaniya və Fransada çirkli pulların yuyulması, kibercinayətlər, silah, narkotik və insan alveri ilə məşğuldurlar. Bundan əlavə, Rusiya həm hədəf, həm də tranzit ölkə olaraq insan alveri və qaçaqmalçılıqda mühüm rol oynadığı beynəlxalq cinayətkarlıqla mübarizə institutlarına məlumdur. Bu şəbəkələr beynəlxalq səviyyədə “ciddi təhlükə” hesab olunur və ABŞ kimi ölkələr buna qarşı sanksiyalar tətbiq edir. Bu, ölkədəki həqiqi Rusiya cinayətkarlığının miqyasını əyani şəkildə göstərir. Yəni, Rusiya hüquq-mühafizə orqanları öz vəzifə borclarını ləyaqətlə yerinə yetirsəydilər, öz işlərini vicdanla, peşəkarlıqla görmüş olsalar, həqiqi Rusiya cinayətkarlığı ilə mübarizə aparardılar.
Hüquq-Mühafizə Orqanlarının Yanaşması və Aleksandr Bastrıkinin Rolu
Ümumiyyətlə, Rusiyanın müvafiq strukturlarının mütəmadi olaraq miqrantlara, vətəndaşlığından asılı olmayaraq digər xalqlara, xüsusilə də türk və müsəlmanlara qarşı bu cür tədbirləri cinayətkarlığın qarşısının alınması məqsədi ilə keçirilən əməliyyat tədbirlərindən daha çox siyasi xarakter daşıyır. Sanki bu cür hərəkətlər digər xalqları qorxu içində saxlamağa, həmin milli azlıqlara yönəlmiş “əzələ nümayişi”dir. Bu cür siyasət, hüquq-mühafizə orqanlarının əsl Rusiya cinayətkarlığını deyil, sadəcə öz təbliğat hədəflərini izlədiyini sübut edir.
Əks halda, Rusiya hüquq-mühafizə sisteminin ən yüksək dairələrindən olan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantlara, həmçinin Rusiya vətəndaşları olan digər xalqlara qarşı kin və nifrətini açıq nümayiş etdirməsini, etdiyi qanunsuz, insan haqları pozulması ilə bağlı hərəkətlərini ört-basdır etməməsini, digər xalqların nümayəndəsinin cinayətindən şou hazırlanmasını, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı quraşdırılmış tamaşanın aktyoru kimi Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin özünün iştirakını, bütün bu proseslərdə yol verilmiş zorakılıq, insan haqlarının pozulması, şəxsiyyətin alçadılmasını və sair qanuna zidd hərəkətləri nə ilə izah etmək olar? Bütün bunlar nəinki peşəkarlığa, hətta elementar insani dəyərlərə və etik normalara sığmayan əməllərdir. Bu iyrəncliklərin sonradan açıq şəkildə TV-də, internetdə və mediada nümayiş etdirilməsini sağlam məntiq baxımından izah etmək çətindir. İstənilən halda, hər şeydən əvvəl bu cür zorakı, eyni zamanda ucuz hərəkətlər dövlətin zəiflik və acizlik göstəricisidir.
Siyasi Təsirlər və Millətlərarası Münasibətlər
Yekaterinburq hadisələrinin siyasi mahiyyəti – dövlətlərarası, millətlərarası münasibətlər baxımından təsiri isə daha genişdir. Rusiyanın siyasi rəhbərliyi, xüsusilə hazırkı iqtidarı, nə vaxt anlamağa başlayacaqlar ki, 180-dən artıq etnik qrupun yaşadığı Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Tarix sübut edir ki, Rusiyanın millətlərarası siyasətində ciddi səhvlərə yol verilib, bu siyasət daim bir xalqın xeyrinə istifadə olunub. Bir neçə xalq istisna olmaqla əksər xalqlar ciddi demoqrafik, dil, mədəniyyət və resurslardan istifadə problemləri ilə üzləşiblər.
Digər dövlət və xalqlarla münasibətə gəldikdə isə burada məsələ daha aydındır. Rusiyaya nifrət edənləri və ya mülayim desək isti yanaşmayanları saymaqdansa, az-çox loyal olanları sadalamaq daha asandır: Şimali Koreya, Kuba, bir neçə Afrika ölkəsi və keçmiş SSRİ respublikalarından bir neçəsi (bu da yalnız siyasi rəhbərlik səviyyəsindədir).
Rusiyada təbliğat maşını dayanmadan işləyir, bütün uğursuzluqlar, böhranlar, məğlubiyyətlər ört-basdır edilir. Ətrafda hər kəs düşməndir! Hər yerdə, hər saat, hər dəqiqə yalan, dezinformasiya, böhtan, iftira!
Son illərdə özünü bütün dünyaya qarşı qoyan Rusiya, bütün istiqamətlərdə uduzan, düşdüyü vəziyyətdən çıxmaq üçün etdiyi yanlış cəhdlər daha böyük səhvlərə səbəb olur. Eyni zamanda, bir neçə istiqamətdə münaqişələrdə iştirak etmək iddiasında olan, özünü çox çətin və çıxılmaz vəziyyətə salan, xüsusilə Ukrayna ilə müharibənin bu qədər uzanması Rusiyanın reputasiyasını məhv etməklə yanaşı, superdövlət, dünyanın 2-ci ordusu imicini darmadağın edib. Ən pessimist analitiklərin belə ağlına gəlməyən, artıq 3 ildən çox davam edən müharibə Rusiyanı həm maliyyə, həm iqtisadi, həm texniki, həm də insan resursu, ən əsası da ideoloji baxımdan tükəndirib. Beynəlxalq ictimaiyyəti demirəm, artıq onların münasibəti məlumdur, daxildə də problemlər yaranmağa başlayıb. Axı yalanlarla insanları nə qədər doydurmaq olar?
Bax bu boşluğu yaşayan Kreml çıxış yolunu ifrat millətçilik, şovinizm, dini radikalizm və sair qeyri-demokratik, qeyri-sivil metodlara əsaslanan və digər xalqlara, xüsusilə də türklərə, müsəlmanlara qarşı nifrət siyasəti və onlara qarşı təzyiqlərlə doldurmağa çalışır. Xüsusilə siyasi gərginliklər dövründə (Ukrayna müharibəsi, Suriya böhranı, iqtisadi gərginlik, daxili terror təhlükəsi elan olunduqda) miqrant və qeyri-ruslara qarşı “təmizləmə” reydləri keçirilir.
Rusiya və onun Prezidenti başda olmaqla siyasi rəhbərliyi anlamalıdır ki, Rusiya kimi çoxmillətli dövlətdə millətlərarası münasibətlərə yanlış siqnal verən ritorikaya yer olmamalı, irqçilik, ayrı-seçkilik, ksenofobiya kimi zərərli meyillərin qarşısı vaxtında alınmalıdır. Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Bu balansın pozulması ciddi sarsıntılara və problemlərə səbəb olur.