Ağcabədi RİH Başçısı Rafil Hüseynovla Fermerlər Arasında Gərginlik
İyunun 28-də bir qrup fermer Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olaraq kəskin etiraz edib. Hadisəyə səbəb, rayon icra başçısı Rafil Hüseynovun bu şəxslərə məxsus torpaq sahələrini külli miqdarda pul müqabilində digər şəxslərə satmaq cəhdi olub. Fermerlərin qəti mövqeyi qarşısında qalan icra başçısı vəziyyətin ciddiliyini dərk edib.
Sənədlər Geri Qaytarıldı, Sükut Tələbi Dilə Gətirildi
Gərginlikdən sonra, iyunun 30-da Rafil Hüseynov fermerlərin torpaq sənədlərini özlərinə qaytarıb. Hadisə şahidlərinin bildirdiyinə görə, o, bu məlumatın mediaya sızmamasını xahiş edərək yalvarışlı notlarla danışıb. Lakin bu xahişlərə baxmayaraq, hadisə bütün detalları ilə ictimailəşib.
Rafil Hüseynovun Adı Yenə Korrupsiya İttihamlarında
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun adı əvvəllər də mətbuatda müxtəlif korrupsiya əməlləri və özbaşınalıqlarla bağlı xəbərlərdə hallanıb. O, “Burda mənəm, Bağdadda kor xəlifə” kimi ifadələrlə çıxış edərək, vəzifəsini qorumaq üçün yuxarı dairələrə vaxtlı-vaxtında “hesab” çatdırdığını iddia edir. 72 yaşında olmasına və pensiya yaşının çoxdan keçməsinə baxmayaraq, Rafil Hüseynov hələ də vəzifəsini saxlayır ki, bu da “yuxarılara ödənilən xərcin” nəticəsi kimi qiymətləndirilir. Ağcabədi əhalisi rayonda icra başçısının rəhbərliyi altında cərəyan edən geniş rüşvətxorluğu həyəcanla izləyir. İcra hakimiyyətində torpaq sahələrinin mülkiyyəti ilə bağlı problemlər tez-tez yaşanır.