Qobu Kəndində Ekoloji Fəlakət: Kərpic Zavodunun Fəaliyyəti Təbiətə və Sağlamlığa Ziyan Vurur
Abşeron rayonunun Qobu kəndində fəaliyyət göstərən “Qobu KZ” kərpic zavodu yerli əhalinin sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədiməliyevə məxsus olduğu iddia edilən bu zavodun fəaliyyəti illərdir kənd sakinlərinin narazılığına səbəb olur, lakin etirazlara baxmayaraq, ekoloji problemlər dərinləşməkdədir.
Zavodun Ekoloji Təsirləri
Qobu kəndi əsasən dağlıq ərazidə yerləşir və təbii gözəlliyi ilə seçilir. Lakin “Qobu KZ” zavodunun fəaliyyəti kəndin təbii ekosistemini məhv edir. Aparılan araşdırmalar göstərir ki, zavod xammal əldə etmək üçün kəndin ən hündür dağının alt hissəsini karyer kimi qazır. Bunun nəticəsində havaya yayılan toz və kimyəvi tullantılar kəndin havasını çirkləndirir, oksigen çatışmazlığı yaradır və sakinlərin sağlamlığını təhlükə altına atır. Zavodun fəaliyyəti ekoloji tarazlığı pozaraq bitki örtüyünün məhvinə gətirib çıxarır. Ətraf mühitə vurulan ziyanın həcmi milyonlarla manatla ölçülə bilər.
Əvvəlki Qadağa və Hazırkı Vəziyyət
Qobu kənd sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyyəti qurumlara dəfələrlə müraciət edərək zavodun fəaliyyətinin dayandırılmasını tələb ediblər. Əvvəllər aparılan yoxlamalar nəticəsində müəssisənin fəaliyyətinə rəsmi qadağa qoyulsa da, qısa müddət sonra zavod yenidən işə başlayıb. 03 mart 2025-ci il tarixində aparılan araşdırmalar zavodun hazırda tam gücü ilə işlədiyini aşkara çıxarıb. Əraziyə baş çəkərkən açıq şəkildə müşahidə edilmişdir ki, kəndin dağları karyer kimi istifadə olunur, toz buludları havaya yayılır və ətraf mühitə ciddi ziyan vurulur. Havadakı çirklənmə səbəbindən nəfəs almaqda çətinlik yaranır, ətraf torpaq və bitki örtüyü isə gözlə görünməyən dərəcədə tozla örtülmüş vəziyyətdədir.
Sakinlərin Sualları və Narahatlıqları
Qobu sakinləri haqlı olaraq sual edirlər: Yusif Qədiməliyevin sərvəti insanların sağlamlığından və ətraf mühitin qorunmasından daha vacibdirmi? Dövlət qurumları niyə bu ekoloji fəlakətə göz yumur? Bir dəfə fəaliyyətinə qadağa qoyulan zavod nə üçün yenidən işə salınmışdır?
İnsan Resursları və İqtisadi Prioritetlər
İqtisadiyyatın təməl prinsiplərinə görə, dövlətin əsas kapitalı və ən dəyərli sərvəti insan resurslarıdır. Sağlam və təhlükəsiz mühitdə yaşayan vətəndaşlar daha yüksək məhsuldarlığa malik olur, dövlət büdcəsinə daha çox töhfə verir və uzunmüddətli sosial-iqtisadi sabitliyin təminatçısıdır. Lakin Qobu KZ zavodunun fəaliyyəti ilə bağlı Qobuda baş verənlər göstərir ki, bəzi hallarda iqtisadi maraqlar insan sağlamlığı və ekoloji dəyərlərdən üstün tutulur. Müasir dövrdə inkişaf etmiş ölkələr ekoloji tarazlığın qorunmasını prioritet istiqamət olaraq müəyyən edir və ekoloji standartlara cavab verməyən müəssisələrin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyur. Çünki qısamüddətli iqtisadi qazanc ekoloji fəlakətlərin uzunmüddətli nəticələrini aradan qaldıra bilmir.
Dövlət Nəzarətinin Vacibliyi
Azərbaycanda da ekoloji siyasət və sosial rifah prioritetlər arasında olmalıdır. Lakin Qobuda yaşanan bu hadisələr bəzi biznes qurumlarının ekoloji qaydalara əməl etmədən öz kommersiya maraqlarını ön plana çıxardığını, dövlətin bu məsələdə nəzarətinin yetərli olmadığını göstərir. Dövlət siyasətinin əsas məqsədi vətəndaşın rifahını və ekoloji təhlükəsizliyini təmin etmək olmalıdır. Əks halda, ekoloji balansın pozulması nəticəsində yaranan xəstəliklər, torpaq eroziyası və ekosistemin çöküşü ölkənin iqtisadi gələcəyini təhlükə altına alacaq. Dövlət iqtisadiyyatını qurmaq üçün vətəndaşa ehtiyac duyursa, bəs niyə vətəndaşın sağlamlığı və ekoloji rifahı arxa planda qalır? Bu sualın cavabını aidiyyəti qurumlar verməlidir.