Sosial mediada Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində baş verən imtahan saxtakarlığına dair görüntülər ciddi narahatlıqlara səbəb olub. Elm və Təhsil Nazirliyinin nəzarətində olan bu təhsil müəssisəsində imtahanların formal xarakter daşıması, tələbələrdən qeyri-rəsmi ödənişlər alınması və “25% sistemi” adı altında korrupsiya halları ilə bağlı ictimai narazılıqlar getdikcə artır.
Təhsil Ocağında Nəzarətsiz İmtahanlar
Sosial şəbəkələrdə yayılan videolarda tələbələrin imtahan suallarını telefondan köçürməsi, nəzarətçilərin buna göz yumması və imtahan cavablarının əvvəlcədən tələbələrə ötürülməsi açıq şəkildə müşahidə olunur. Təəssüf doğuran məqam isə kollec rəhbərliyinin bu faktı inkar etməsi, bəzi media platformalarında isə məntiqsiz açıqlamalarla hadisəyə pərdə çəkməyə cəhd etməsidir. Lakin Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi və Elm və Təhsil Nazirliyinin aidiyyəti şəxsləri mövzu ilə bağlı sükut nümayiş etdirir. Cəmiyyətin tərəqqisi təhsildən başladığı hamıya aydın olsa da, Qida Sənayesi Kollecindəki qalmaqallı görüntülər bir çox nöqsanların üzə çıxmasına səbəb olub. Bu nöqsanlar, görüntülü şəkildə qanun pozuntusu olduğu halda susan rəhbər şəxslərin əhvalını pozmayacaq kimi görünür. Hər halda, görüntülü qanun pozuntusuna göz yummaq ən ağır qanun pozuntusu hesab edilir. Buna baxmayaraq, biz araşdırmalarımızı davam etdirərək bu məlumatları cəmiyyətə və yuxarı instansiyalara çatdıracağıq.
25% Sistemi və Korrupsiya Faktları
Qeyd edək ki, 2024-cü ilin yay və payız semestrlərində tələbələr imtahanların 80-90 faizini yazılı formada veriblər. Bu da onsuz da pisləşən təhsil səviyyəsində tələbələrin 80 faizdən çoxunun kəsilməsinə gətirib çıxarıb. Nəticədə, “25% ödənişi” edənlərin sayında artım baş verib və müəssisənin büdcəsinə yüksək məbləğdə vəsait toplanıb. Bəs toplanan bu vəsaitin aqibəti barədə niyə açıqlama verilmir sualı cəmiyyəti maraqlandırır. Bu barədə gələn yazılarımızda ətraflı məlumat veriləcək. Rəsmi məlumatlara görə, tələbələr imtahandan kəsildikdən sonra 25% ödəniş etməklə yenidən imtahana girə bilirlər. Bu qayda ilə tələbə imtahana buraxıldıqdan sonra qeyri-rəsmi tələb olunan məbləği ödəmədikdə, növbəti dəfə imtahandan kəsilir. Lakin tələbələr arasında yayılan yazışmalar və bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə, bu ödənişin miqdarı rəsmi 25%-dən çox, qeyri-rəsmi rüşvət olaraq bəzən 400-500 manata qədər pul tələb edilə bilər. Yəni bir imtahan üçün 50 manatdan 100 manatadək dəyişən məbləğdə pul istənilir. Bəs bu pullar hara gedir? Nə üçün 5-6 ay hazırlaşan tələbə kəsilir, amma 1 həftədə “köçürmə şəraiti” ilə imtahan verən tələbə keçmiş hesab olunur? Bu, birbaşa imtahan saxtakarlığı halı kimi qiymətləndirilir.
Gecikdirilən Reaksiya və Nazirliyin Sükutu
Onu da qeyd edək ki, yuxarıda qeyd edilənlərin hamısı həm Elm və Təhsil Nazirliyinə, həm də Prokurorluq orqanlarına rəsmi şəkildə təqdim edilmiş sübutlardır. Lakin bu sübutların qiymətləndirilməsini aidiyyəti Agentliyin gecikdirdiyi barədə məlumat da əldə etmişik. Təbii ki, burada süni maneələr varsa, demək maraqlar da var. Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Sektoru tərəfindən aparılan yoxlamalar, hadisənin baş verdiyini təsdiqləsə də, bu günə qədər heç bir ciddi tədbir görülməyib. Halbuki əvvəllər bənzər faktlara görə rəhbər vəzifəli şəxslər vəzifədən kənarlaşdırılırdı. Bu dəfə isə sükut və himayə görüntüsü yaranır. Nazirliyin ciddi bir məsələdə bu qədər sakit qalması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Nazir Emin Əmrullayev şəxslərin televiziya kanallarına verdikləri gülünc açıqlamaları izləmiş biri kimi, yəqin ki, vaxtında atmadığı addımı bu məqaləmizdən sonra atacağına ümid edirik. Ümumiyyətlə, təhsil sistemindəki bu cür nöqsanlar Azərbaycanın təhsil gələcəyini ciddi təhlükə altına qoyur.
Nəticə olaraq, Qida Sənayesi Kollecində baş verənlər təhsil sistemimizin bir hissəsinin necə iflic vəziyyətinə düşdüyünü göstərir. Saxta imtahanlar, qeyri-rəsmi ödənişlər, rüşvət və rəhbərliyin məsuliyyətsizliyi dövlətin təhsilə verdiyi əhəmiyyəti və cəmiyyətin gələcək intellektual potensialını təhlükə altına alır.
Növbəti yazılarda bu mövzulara toxunulacaq:
* “25% ödənişi”nin arxasındakı şəxslər kimlərdir?
* İmtahan sistemi necə formalaşdırılıb və nə üçün qəsdən iflic vəziyyətinə salınıb?
* Maliyyə itkiləri və büdcə vəsaitlərinin mənimsənilməsi.
* Ülvi Əzizov kimdir və ona verilən imtiyazların səbəbləri…?
Araşdırmamız davam edir…