Şübhəli Beyin Əməliyyatı İddiası Gərginliyə Səbəb Olub
İki gün öncə beyin cərrahı, doktor Pərvin Mirzəliyevin tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiyası” üzərində 32 saatlıq əməliyyatı uğurla başa çatdırdığı barədə məlumatlar yayılmışdı. Bu iddia, həkim Mirzəliyevin sosial media hesabında “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!” sözləri ilə bölüşməsi ilə daha da geniş müzakirəyə səbəb olmuşdu.
Jurnalist Qənirə Ataşovadan Tənqidi Araşdırma
Amerikada yaşayan jurnalist Qənirə Ataşova sözügedən 32 saatlıq əməliyyatla bağlı araşdırma apararaq bunun həqiqətəuyğun olmadığını iddia edib. O, instaqram hesabında bildirib ki, beyin əməliyyatlarının müddəti maksimum 12–14 saat qəbul edilir. Bu limit keçildikdə isə mərhələli əməliyyatların aparılması daha məqsədəuyğun sayılır. Ataşova bu cür uzunmüddətli cərrahiyyə müdaxilələrində pasiyent üçün anestezioloji və cərrahi risklərin, o cümlədən infeksiya təhlükəsi və yüksək qan itkisinin artdığını vurğulayıb. Həmçinin, pasiyentin elektrolit balansının, turşu-qələvi müvazinətinin, O₂ və CO₂ göstəricilərinin kəskin pozulma ehtimalı da anestezioloji risklər sırasına daxildir. Bütün bunlar Pərvin Mirzəliyevin bəyan etdiyi əməliyyatın gerçəkliyinə dair suallar doğurur.
Jurnalist qeyd edib ki, cərrahın fiziki və emosional yorğunluğu, tükənməsi daha həlledici faktordur. Mürəkkəb beyin əməliyyatlarının ən çətin mərhələləri adətən əməliyyatın sonuna yaxın baş verdiyindən, yorğun bir cərrahın səhv etmə riski xeyli artır. Buna görə də, belə hallarda əməliyyatı dayandırıb, xəstənin vəziyyəti sabitləşdikdən və cərrah dincəldikdən sonra ikinci mərhələni icra etmək tövsiyə olunur.
Ataşova, beynəlxalq səviyyədə tanınmış amerikalı neyrocərrah Maykl T. Lautonun (1000-dən çox AVM əməliyyatı aparmış) ən böyük AVM əməliyyatını maksimum 14 saatda tamamladığını bildirib. O, 14 saatdan uzun davam edən əməliyyatların (məsələn, siam əkizlərinin ayrılması) yalnız çoxsaylı həkim briqadalarının iştirakı ilə həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin, ChatGPT-də AVM əməliyyatının orta hesabla 4–8 saat, bəzi mürəkkəb hallarda isə 12 saata qədər uzana bildiyi qeyd olunur. Bu məlumatlar Pərvin Mirzəliyevin 32 saatlıq əməliyyat iddiası ilə kəskin ziddiyyət təşkil edir.
Rəsmi Qurumlara Çağırışlar və Cavab Tələbi
Qənirə Ataşova Səhiyyə Nazirliyinə və Respublika Diaqnostika Mərkəzinin rəhbərliyinə çağırış edərək cəmiyyətin marağını nəzərə alaraq suallarına cavab tələb edib: “Doktor Pərvin Mirzəliyev 32 saatlıq əməliyyat ərzində otaqda konkret olaraq nə ilə məşğul olub? Beynəlxalq tibbi protokollara əsasən, ən mürəkkəb AVM əməliyyatlarında belə cərrahiyyə müddəti maksimum 12 saatla məhdudlaşır. Belə olan halda, həkimimizin 32 saatlıq fəaliyyətini necə əsaslandırırsınız və niyə bu qədər riskli və şübhəli bir müddətdə həkimə müdaxilə etməmisiniz?”
Jurnalist əlavə olaraq, bu “unikal” əməliyyatın addım-addım, detallı şəkildə izah edilməsini, hansı mərhələlərdən ibarət olduğunu, hansı prosedurların aparıldığını, fasilələrin necə təşkil olunduğunu, pasiyentin həyati göstəricilərinin necə izlənildiyini və ən əsası, bu prosesin hansı tibbi meyarlara əsaslandığını cəmiyyətə açıqlamağı xahiş edib. O, bu hadisənin “tibb tarixində yeni səhifə aça biləcəyini” və hətta “Ginnes Rekordlar Kitabına düşmək üçün əla fürsət” olduğunu kinayə ilə qeyd edib, əgər məqsəd “şan-şöhrət üçün xalqı aldatmaq deyildisə”.
Azərbaycan Neyrocərrahlar Assosiasiyasının Açıqlaması Gözlənilir
Ataşova bildirib ki, dünya protokollarına zidd olan bu 32 saatlıq əməliyyatla bağlı Azərbaycan Neyrocərrahlar Assosiasiyasının rəsmi açıqlaması tezliklə yayımlanacaq. Bu açıqlama doktor Pərvin Mirzəliyevin bu iddiasına son qoyacaqdır. O, ya ölkənin “Ginnes Rekordlar Kitabına düşəcəyini”, ya da Pərvin Mirzəliyevin təqdim etdiyi bu “fantastik əməliyyat hekayəsinin” rəsmən təkzib olunacağını vurğulayıb. Jurnalist çıxışını “Cərrahi əməliyyat otağı şou yeri deyil!” sözləri ilə tamamlayıb.