Azərbaycan-Suriya Əlaqələrinin Yeni İstiqamətləri
Bakı, 13 iyul. Azərbaycanla Suriya arasında əlaqələr müasir dövrdə inkişaf etməkdədir. Bəşər Əsəd rejiminin devrilməsindən sonra qardaş Türkiyənin Suriya ərazilərində maraqlarının təminatı Azərbaycan üçün də geniş imkanlar açmışdır. Azərbaycan Yaxın Şərq regionundakı müharibə sonrası reallıqlarda fəal diplomatik siyasət həyata keçirir. Bu fəaliyyət siyasi, iqtisadi, humanitar, mədəni, enerji və nəqliyyat sahələrində böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Suriyada yeni keçid hökumətinin təşəkkülündən sonra Azərbaycan nümayəndə heyəti Suriyaya səfər etmişdir. Həmçinin, Antalya diplomatik forumu çərçivəsində liderlər arasında görüş keçirilmişdir. Bu görüşlər gələcək geniş əməkdaşlıq formatları üçün zəmin yaradır.
İqtisadi və Bərpa Perspektivləri
Azərbaycan-Suriya əməkdaşlığı karbohidrogen ehtiyatlarının Yaxın Şərq hövzəsinə ixracı üçün əlverişli imkanlar yaradır. İraq, Türkiyə və Suriya potensial alıcılar sırasında yer alır, artıq bir sıra uğurlu layihələr istifadəyə verilmişdir. Cənub Qaz Dəhlizi geniş perspektivlər vəd edir, çünki bu, Azərbaycanın enerji resurslarının şaxələndirilməsi və alıcı bazasının genişləndirilməsi deməkdir. Mühüm bir məqam da ondan ibarətdir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi geniş bərpa-quruculuq işləri sayəsində əhəmiyyətli təcrübə qazanmışdır. Həmin təcrübəni Suriyanın yenidən qurulmasında da tətbiq etmək mümkündür. Azərbaycanın tikinti, memarlıq və dizayn sahəsində ixtisaslaşmış şirkətləri Suriyanın bərpasında və inkişafında fəal rol oynaya bilər. Bu istiqamətdə Azərbaycanın zəngin təcrübəsi bölüşülə bilər.
Əhməd Əl Şaraa Səfərinin Əhəmiyyəti və Azərbaycanın Regional Rolu
Əhməd Əl Şaraa‘nın səfəri Azərbaycan-Suriya əməkdaşlığını daha da gücləndirməyə xidmət edəcəkdir. Azərbaycan fəal siyasi aktor olaraq müasir beynəlxalq münasibətlər sistemində nüfuzunu artırır. Eyni zamanda, Azərbaycan Suriya-İsrail və Türkiyə-İsrail münasibətlərinin Suriya kontekstində yaxınlaşmasında vasitəçilik missiyasını yerinə yetirir, bunun üçün bütün diplomatik resurslarını səfərbər edir. Bu, ölkəmizin artan nüfuzunu, genişlənən maraqlarını və regional gücünü nümayiş etdirir.