London Lordlar Palatasında Orta Dəhlizin Strateji Əhəmiyyəti Müzakirə Edilib
London, 3 iyul – Britaniya Parlamentinin Lordlar Palatasında “Third World Solidarity” parlament qrupunun təşkilatçılığı ilə yüksəksəviyyəli tədbir keçirilib. “Orta Dəhliz: strateji investisiya və əməkdaşlıq imkanları” mövzusunda baş tutan tədbirdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun artan geosiyasi və iqtisadi əhəmiyyəti diqqət mərkəzində olub.
Tədbirdə siyasətçilər, infrastruktur mütəxəssisləri, ticarət nümayəndələri, akademiklər və biznes liderləri bir araya gələrək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun — Orta Dəhlizin cari və gələcək imkanlarını dəyərləndiriblər.
Orta Dəhlizin Regional İnkişaf Potensialı
Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov çıxışında dəhlizə cəlb olunan ölkələrin yalnız tranzit fəaliyyətlə məhdudlaşmayaraq, sənaye əməkdaşlığını da dərinləşdirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, regionda dayanıqlı inkişaf üçün əsas şərtdir.
RUSI-nin (Royal United Services Institute) Maliyyə və Təhlükəsizlik Mərkəzinin analitiki Arzu Abbasova Orta Dəhlizin böyük potensiala malik olduğunu və regiona yeni siyasi-iqtisadi baxış gətirdiyini qeyd edib. O, Azərbaycanın regional və qlobal nəqliyyat qovşağı kimi əhəmiyyətinin artdığını, türk dövlətləri arasında isə iqtisadi əməkdaşlığın daha da gücləndiyini bildirib.
“S&P Global Commodity Insights”ın enerji üzrə baş redaktoru Nik Kolmen dəhliz üzərində yerləşən Azərbaycan, Türkiyə və Qazaxıstanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artdığını xüsusi qeyd edib. Bu ölkələr vasitəsilə enerji resurslarının Avropaya nəqli strateji əhəmiyyət kəsb edir.
Böyük Britaniyanın Dəstəyi və Gələcək Perspektivlər
Tədbirə sədrlik edən Edinburq Biznes Məktəbinin nümayəndəsi Assılbek Nurğabdeşov koordinasiya və strateji investisiyaların Orta Dəhlizi Asiya və Avropa arasında daha dayanıqlı ticarət üçün katalizatora çevirə biləcəyini vurğulayıb. O, Böyük Britaniyanın infrastruktur, təhsil, logistika və innovasiya sahəsindəki təcrübəsinin bu transformasiyanı dəstəkləmək üçün əlverişli zəmin yaratdığını əlavə edib. Lordlar Palatasında keçirilən bu tədbir, dəhlizin gələcək inkişafı üçün beynəlxalq əməkdaşlığın vacibliyini bir daha ortaya qoyub.