Odessada Azərbaycan layihələri münasibətlərə mühüm töhfə verir

Odessada Azərbaycan layihələri münasibətlərə mühüm töhfə verir

Odessada Azərbaycan İzləri

Ukraynanın Qara dəniz sahilindəki mühüm turizm mərkəzlərindən biri olan Odessa şəhərində icra olunan layihələr Azərbaycan və Ukrayna arasında əlaqələrin dərinləşməsinə xüsusi töhfələr verir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu şəhərdə salınması nəzərdə tutulan “Azərbaycan” parkı bu təşəbbüslər arasında mühüm əhəmiyyət kəsb edir. Şəhər meri Gennadi Truxanovun təsdiqi ilə start verilən bu layihəyə diaspor nümayəndələri tərəfindən də maliyyə dəstəyi təmin edilir. Ümumi sahəsi 3 hektardan artıq olacaq parkda ölkəmizin tarixi və mədəniyyətini əks etdirən məlumat köşkləri, muzey, müxtəlif yaş qrupları üçün istirahət və idman sahələri, eləcə də “Azərbaycan” fotobölgəsinin yaradılması planlaşdırılır. Şəhər ictimaiyyəti bu layihəni yüksək qiymətləndirir və parkın həm sakinlər, həm də turistlər üçün cəlbedici məkana çevriləcəyinə inanır.

“Bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onun nailiyyətləri, qəhrəmanları, eləcə də Ukrayna ilə ölkəmiz arasında illər ərzində formalaşan əlaqələr barədə məlumat verəcək. Ümid edirəm ki, park şəhərimizin incisinə çevriləcək”, – deyə Odessa Milli İqtisadi Universitetinin professoru Mixail Zveryakov vurğulayıb.

İki Ölkə Arasında Əlaqələr Möhkəmlənir

Bunlarla yanaşı, “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə Odessada Ukraynanın ən böyük məscid komplekslərindən birinin inşası gerçəkləşdirilir. Ümumi sahəsi 2758 kvadratmetr təşkil edən kompleksdə kişi və qadınlar üçün ayrı-ayrı ibadət zalları, mərasim otaqları, qonaq evi və digər funksional bölmələrin yaradılması planlaşdırılır. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev tikinti işlərinin artıq yekunlaşma mərhələsində olduğunu bildirib.

Ölkəmizin Ukraynadakı Səfirliyinin dəstəyi ilə şəhərin mərkəzindəki məsafə göstəriciləri sırasında Gəncənin adının da yer alması diqqət çəkir. Xatırladaq ki, Gəncə və Odessa 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı qardaşlaşmış şəhərlər elan olunub.

Bütün bu təşəbbüslər həm şəhərlərarası münasibətlərin möhkəmlənməsinə, həm də Azərbaycan mədəniyyətinin Ukraynada daha geniş tanıdılmasına xidmət edərək iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirir.

Xəbər Xətti