Bu dəfə sizə, adı “Nurlu Karqo” olan, lakin fəaliyyətində xoşagəlməz hallara yol verən bir daşınma şirkəti haqqında danışacağıq. Şirkət haqlı etiraz edən müştərini elə bir hədə ilə qarşı-qarşıya qoyub ki, Azərbaycanın daşınma bazarı hələ indiyədək belə bir absurdluqla üzləşməmişdi. Adətən, bir müştərinin bir şikayəti olur, lakin sözügedən Nurlu Karqo cəmi dörd ay kimi qısa müddətdə eyni müştərinin başına üç dəfə problem gətirib.
İlk Qanunsuzluq: Tariflərdəki Fərq
Müştərinin Nurlu Karqo ilə bağlı yaşadığı ilk narazılıq bu ilin may ayında baş verib. Müştəri bağlamasının anbara gəldiyini gördükdə, qiymətin vəd olunandan fərqli şəkildə hesablandığını aşkarlayıb. Belə ki, may ayında rəsmi saytda elan edilən tarifə görə, 1-5 kq arası üçün xidmət haqqı 6 AZN olduğu halda, Nurlu Karqo bağlamanı 9 AZN-dən hesablayıb. Bu etiraza cavab olaraq şirkət, saytdakı tarifin deyil, İnstaqram səhifəsindəki tarifin əsas olduğunu iddia edərək qəbuledilməz bir izahat verib. Xatırladaq ki, oxşar qanun pozuntusuna görə 2023-cü ilin oktyabrında “Antiinhisar” qurumu məhkəməyə müraciət edərək “Bahar Karqo”nu cəzalandırmışdı. Müştəri qanunlara riayət olunmasını və “Antiinhisar”a şikayət edəcəyini bildirdikdə isə şirkət nümayəndələri, nədənsə arxayın şəkildə, qurumu ciddiyə almadıqlarını ifadə ediblər.
Zədələnmiş Bağlama və Məsuliyyətsizlik
Sözügedən şirkətlə bağlı yaşanan ikinci problem isə müştəriyə təqdim edilən bağlamanın sınmış və istifadəyə yararsız vəziyyətə düşməsi ilə bağlı olub. Belə ki, “french press” adlanan məhsul ikiqat qutu ilə qorunduğu halda, sınmış şəkildə təhvil verilib. Şirkət rəsmisi, təbii ki, yenə də məsuliyyəti üzərindən atmağa çalışaraq, bağlamaya görə heç bir halda məsuliyyət daşımadıqlarını bildirib. Qeyd edək ki, müştəri, şirkətin “Neftçilər” filialının əməkdaşlarının bağlamaları qayğısız şəkildə atdığını, bunu həftələr öncə kameraya çəkdiyini və “Antiinhisar”ın cavabından sonra ictimailəşdirməyi düşündüyünü bildirir. Karqo xidməti tərəfindən müştəriyə qırıq şəkildə təhvil verilən məhsulun qutusunun üzərində “Trendyol”un “DİKKAT KIRILIR!” xəbərdarlığı mövcud olub, yəni xüsusi xəbərdarlığa baxmayaraq, bağlama ilə ehtiyatsız davranılıb.
Bağlamaların Yoxa Çıxması və Hesabın Bloklanması Təhdidi
“Nurlu Karqo” müştəriyə yaşatdığı problemləri az hesab edərək, bu dəfə bağlamaları gizlədib və “tap, görüm, hardadır!” deyib. Belə ki, iyul ayının ortalarında “Smart Customs” sistemində qeydiyyatdan keçən üç bağlama bir aya yaxındır ki, hələ də müştəriyə təslim edilməyib. Şirkət müxtəlif bəhanələrlə məsuliyyəti üzərindən ataraq, “bu gün gətiriləcək, sabah gətiriləcək” deyə vaxt qazanır. Müştəri vəziyyətlə barışmayıb etiraz etdikdə isə şirkət daha bir absurd addım ataraq, müştərini “qara siyahıya” salacağını və hesabını bloklayacağını bildirib. Bu isə o deməkdir ki, yolda olan bağlamalar və hesabda olan vəsaitlər avtomatik olaraq ləğv olunur. Belə görünür ki, Nurlu Karqo müştəri problemlərini həll etməyin ən asan yolunu tapıb.
“Nurlu Karqo”nun Arxayınlığı və Hüquqi Müstəvi
Yekunda qeyd etmək lazımdır ki, “Nurlu Karqo” adlı daşınma şirkəti nəyəsə və kiməsə çox arxayındır ki, qanunsuzluqlar rekordunu qırmaqla məşğuldur. Bu aşkar sübutlardan sonra Nurlu Karqo heç bir izah verə, bəhanə gətirə bilməz. Bəlkə də, yoxa çıxartdığı üç bağlamanı küləyin apardığını yaxud qeyri-adi səbəblər olduğunu söyləyə bilər, lakin vəd olunan tarifdən başqa cür hesablanmanın izahını heç cür verə bilməz. Müştərinin müştəri hüquqları ilə bağlı rəsmi şikayəti bir neçə gündür ki, “Antiinhisar”a ünvanlanıb. Əgər ötən ilin oktyabrında eyni qanunsuzluğa görə “Bahar Karqo”ya sanksiya tətbiq edilibsə, məntiqə görə, Nurlu Karqoya da eyni sanksiya tətbiq edilməlidir. Bunun baş verməməsi, “Nurlu Karqo”nun arxayınlığının səbəbsiz olmadığını ortaya qoyacaq. Məsələnin təqibçisi olacağıq.