Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə fiziki şəxs İsmayılov Səfər Yusifəli oğlu arasında 19 iyun 2025-ci il tarixində icarə xidmətlərinin alınması üzrə müqavilə imzalanıb. Bir mənbədən satınalma metodu ilə bağlanan bu müqavilənin dəyəri 45.144 manat təşkil edib.
Notariusun İkili Fəaliyyəti İddiaları
Apardığımız araşdırmalar göstərir ki, müqavilənin digər tərəfi olan fiziki şəxs Səfər İsmayılov hal-hazırda Lənkəran Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu vəzifəsində çalışır. Bir neçə ay əvvəl elektron mediada onun fəaliyyəti ilə bağlı maraqlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda Səfər İsmayılovun əvvəllər Lənkəran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında yerləşən 1 nömrəli notariat ofisinin notariusu olduğu bildirilirdi. Lənkəran regional “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladıqdan sonra isə notariat ofisinin həmin mərkəzə köçdüyü qeyd olunurdu.
“Özü-Özü ilə” İcarə Müqaviləsi Şübhələri
Medianın diqqətini çəkən əsas məqamlardan biri də Səfər İsmayılovun vaxtilə özünün notariat fəaliyyəti göstərdiyi binanın sahibi olması iddialarıdır. Daxil olan məlumatlara görə, o, müxtəlif internet resurslarında elanlar yerləşdirərək həmin binanı 5000 AZN-ə icarəyə verirmiş. Bu fakt, notariusun “özü-özü ilə” icarə müqaviləsi bağlaması kimi qəbuledilməz vəziyyət yaradır. Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin bu məsələni araşdıracağı təqdirdə iddiaların doğruluğu üzə çıxa bilər.
Maliyyə Vəziyyəti və Şəxsi Davranışlar
Qeyd edək ki, Səfər İsmayılovun adı əvvəllər oğlu ilə bağlı medianın gündəminə gəlmişdi. Belə ki, onun oğlunun 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobillə Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməsi geniş müzakirələrə səbəb olmuşdu. Bu hadisə Səfər İsmayılovun Lənkəranda heç də az imkanlara sahib olmadığını göstərir.
Nazirliyin Məlumatlılığı Sualları
Bütün bunlar SəfəR İsmayılovun məlum olmayan, yəni gizli şəkildə icarəyə verdiyi daha nə qədər obyektinin olduğu sualını doğurur. Ən maraqlısı isə onun bu əmlakları ərsəyə gətirmək üçün vəsaiti haradan əldə etməsidir. Həmçinin, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində və xüsusən də nazir Fərid Əhmədovun Lənkəran Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səfər İsmayılovun həm də bir çox obyekt sahibi olmasından xəbərdar olub-olmaması da cəmiyyət üçün maraq kəsb edir.