Masazırda Sabiq Bələdiyyə Üzvlərinin İddia Olunan Qanunsuz Fəaliyyətləri
Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə ildir ki, sabiq bələdiyyə üzvləri Niyaz, Əsəd və Maşallahın fəaliyyəti diqqət mərkəzindədir. Onlar zamanında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək on hektarlarla torpaq sahəsi ələ keçirməkdə, hazırda isə qanunsuz gəlirlər hesabına böyük layihələr həyata keçirməkdə ittiham olunurlar.
Məsələn, Niyaz adlı keçmiş bələdiyyə üzvünün Masazırda yerləşən “Rahat Nəfəs” yaşayış kompleksinin yaxınlığında bir hektar, Əsədin isə qəsəbədəki Ulu Öndərə məxsus plakatın ətrafında bir neçə hektar torpaq sahəsinə sahib olduğu iddia edilir.
Digər keçmiş bələdiyyə üzvlərindən Maşallah isə adıçəkilən şəxslərdən geri qalmır. Onun qəsəbədə qanunsuz yolla ələ keçirdiyi dövlət torpaqları hesabına təkcə özünə deyil, yaxın çevrəsinə də ev-eşik, mal-mülk təmin etdiyi bildirilir.
Keçmiş bələdiyyə sədri Siyanfər Əliyevin dönəmində qəsəbənin magistral yollarının hər iki tərəfindəki torpaq sahələrinin də bu şəxslər tərəfindən qanunsuz ələ keçirildiyi vurğulanır. Hazırda yol kənarlarında fəaliyyət göstərən ictimai iaşə obyektlərinin, dükan və kafelərin böyük əksəriyyətinin məhz bu sabiq bələdiyyə üzvlərinə aid olduğu iddia olunur.
Bu şəxslərin və onların yaxın qohumlarının qəsəbədə özlərini toxunulmaz saymaları narahatlıq doğurur. Hətta Niyazın qohumlarının ərazidə xidmət edən dövlət qurumlarının təmsilçiləri ilə mübahisə etməsi, qanuni tələblərə deyil, öz istəklərinə riayət olunmasını tələb etməsi halları da qeydə alınıb.
Ümid edilir ki, aidiyyəti qurumlar özlərini qəsəbənin sahibi kimi aparan bu şəxslərin fəaliyyətini hərtərəfli araşdıracaq və onların əməllərinə hüquqi qiymət verəcəklər.
Bu şəxslərin qanunsuz fəaliyyətləri haqqında daha ətraflı məlumatlar növbəti sayımızda təqdim ediləcək.