Nəsimidə Qanunsuz Tikintilər: Aidiyyəti Qurumlar Niyə Sükut Edir?
Bakı şəhərinin mərkəzi rayonlarından olan Nəsimi rayonunda qanunsuz tikinti işləri haqqında mütəmadi olaraq məlumatlar yayılır. Təəccüblü olan budur ki, ölkənin ən ucqar yaşayış məntəqələrində aparılan istənilən tikinti işindən dərhal xəbər tutan və müdaxilə edən müvafiq qurumlar Nasimi rayon icra hakimiyyəti ərazisindəki qanunsuz tikintilərə göz yumur. Qeyd edək ki, rayon icra başçısı Asif Əsgərov Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib və hazırda səlahiyyətləri müavinlər icra edir. Rayondakı qanunsuz tikintilərin icra hakimiyyətinin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirildiyi iddia olunur. Heç bir rəsmi icazə sənədi olmadan müxtəlif obyektlərin inşa edilməsi davam edir.
Mərkəzi Rayonda Özbaşınalıqlar
Son dövrlərdə Nəsimi rayonunda qeydə alınan bir neçə qanunsuz tikinti halı diqqət çəkir. Alı Müstafayev küçəsi 14 ünvanında yerləşən binanın zirzəmisi qazılaraq qanunsuz tikinti işləri aparılır. Normativ tikinti qaydalarına zidd olan bu fəaliyyətə kimin icazə verdiyi sualı cavabsız qalır. Məsələ ilə bağlı Nasimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmayıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də münasibət bildirməkdən imtina edib.
Cavadxan küçəsi 17 ünvanında aparılan qeyri-qanuni tikinti işləri də yüksək vəzifəli məmurların himayəsində olduğu deyilən layihələrdəndir. Bu ərazidəki tikinti işləri heç bir normativə uyğun gəlmir. Sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, heç bir ciddi reaksiya verilməyib. Yaşayış binalarının arasında yerləşən kiçik həyət sonradan sahibkar tərəfindən zəbt edilib. Sakinlər bildirirlər ki, “Dəfərlərlə dövlət orqanlarına yazmışıq, lakin məktublarımıza cavab verilmir. Bir ay əvvəl Ekologiya Nazirliyindən əraziyə gəlib baxış keçirib getdilər. Bu obyektin yeri əvvəllər kiçik məhəllə parkı idi. Yaşlılarımız burada hava alır, söhbətləşir, uşaqlarımız oynayırdılar. Ancaq qəfildən bu tanımadığımız sahibkar ərazini zəbt etdi. Yaşıl ağacları doğrayıb burada qanunsuz bir obyekt tikdi. Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən.”
Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 80 ünvanında yerləşən “Əcəmi Mall”da da qanunsuz artırma işləri aşkarlanıb. Qeyd edək ki, hələ 2024-cü ildə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bu qanunsuz tikinti dayandırılmışdı. İddiaya görə, bir müddət ötdükdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin müdiri və müavinindən “razılıq” alan “sahibkar” yenidən qanunsuz tikintiyə başlayıb. Digər bir fakt isə Nəsimi rayonunda, Feyzulla Qasımzadə küçəsində, Nəsimi bazarının yanında qeydə alınıb.
Məsuliyyətsizlik Və Boş Qalan Vəzifə
Bəs bütün bu qanunsuz tikintiləri kim himayə edir? Yuxarıda qeyd edildiyi kimi, 2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nasimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə hazırda boşdur. Hazırda Nasimi rayon icra hakimiyyətində başçının birinci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından isə başçının birinci müavini vəzifəsində işləyir. Rayon icra hakimiyyətinin digər iki müavini Zahid Xəlilov və Ramiz Quliyevdir. Tikinti işlərinə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir. Bu vəzifəli şəxslərin məsuliyyətindən yayınması, ictimaiyyətin narahatlıqlarına biganə qalması narazılıqlara səbəb olur.