Bakı küçələrində tullantı problemi: Nərimanovda acınacaqlı vəziyyət
Azərbaycanda ətraf mühitin zibillənməsi, məişət tullantılarının toplanması və daşınması uzun illərdir müzakirə olunan əsas problemlərdən biridir. Əvvəlki dövrlərdə şəhər və rayon küçələrində zibil qabları ya ümumiyyətlə yox idi, ya da sayı çox az idi. Son illərdə yaşayış məntəqələrinə yaxın ərazilərdə, küçə və məhəllələrdə tullantı yeşikləri quraşdırılsa da, bəzi bölgələrdə onların sayı kifayət qədər deyil. Xüsusilə paytaxtda əhalinin gündən-günə artması mövcud zibil qablarının məişət tullantılarının effektiv şəkildə yığılması üçün yetərli olmadığını göstərir.
Nərimanovda tullantı yığımının çatışmazlıqları
Bu cür problemlərlə üzləşən ərazilərdən biri də Nərimanov rayonunun Nazim Hacıyev küçəsidir. Həmin küçədə bir neçə zibil qabı yerləşdirilsə də, günün sonunda dolduğu üçün sakinlər tullantılarını qabların ətrafına atmaq məcburiyyətində qalırlar. Digər ciddi problem isə məişət tullantılarının daşınmasının qrafikə uyğun olmamasıdır. Adətən, tullantılar gündə bir dəfə, səhər saatlarında aparılır. Lakin bəzən daşınma qeyd olunan vaxtda həyata keçirilmir, bu da xoşagəlməz mənzərələrin yaranmasına səbəb olur.
Qurumların məsuliyyətsizliyi və zənglərə cavabsızlıq
Bəs niyə bu cür vəziyyətlərin qarşısının alınması üçün müvafiq qurumlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər? Məsələ ilə bağlı Nərimanov rayonu İcra Hakimiyyəti ilə əlaqə qurma cəhdlərimiz uğursuzluqla nəticələnib. Dəfələrlə aidiyyəti və digər şöbələrə edilən zənglərə cavab verilməyib.
Ödənilən vəsaitlər və tarif qaydaları
Xatırlatmaq lazımdır ki, sakinlər məişət tullantılarının daşınması və yığılması üçün müvafiq qurumlara vəsait ödəyirlər. Məişət tullantılarının yığılması və daşınması Tarif Şurasının 29 iyun 2024-cü il tarixli qərarı ilə tənzimlənir. Həmin qərarın 1-ci maddəsinə əsasən, bərk məişət tullantılarının yığılması və daşınması üçün tarif bir nəfər üçün 1 manat müəyyən edilib. Lakin bəzi ərazilərdə mənzillərdə yaşayanların sayından asılı olmayaraq, aylıq 3 manat, bəzi yerlərdə isə 6 manat vəsait toplanır. Yeni yaşayış binalarında bu vəsait mülkiyyətçilərin seçimi ilə müştərək cəmiyyətin müqavilə bağladığı şirkətə, bəzən isə qanunsuz olaraq ləğv edilməmiş MTK-lara ödənilir.