Tovuz Rayonunda Meşələrin Talanı
Tovuz rayonunun Sarıtala kənd sakini Azər Məmmədovun müraciəti bir kəndin deyil, bütöv bir sistemin necə çürüdüyünü əyani şəkildə nümayiş etdirir. Azər Məmmədovun illərlə davam edən, artıq hamının bildiyi, lakin heç kimin məsuliyyətə cəlb edilmədiyi qanunsuzluqları videosübutlarla və faktlarla təsdiqlənmiş real hadisələrdir. Lakin bu günə qədər nə bir vəzifəli şəxs cəzalandırılıb, nə də bir tənbeh eşidilib.
Sənəd Üzərindəki İşlər və Faktiki Vəziyyət
Məmmədov bildirir ki, yaşadığı ərazidə – 2 saylı Yanıqlı meşəbəyliyində hər il şitil əkilir, lakin nəticədə bir qarış belə örtülü meşə əmələ gəlmir. İşlər yalnız formal sənədlər üzərində görülmüş kimi göstərilir, faktiki olaraq isə bu prosesin əvəzində təbiət sistemli şəkildə məhv edilir. Əvvəllər gözətçilərin həyat yoldaşlarının adına sənədlər tərtib edilərək pullar mənimsənilirdi. İndi isə həmin işlər artıq gözətçilərin özlərinə gördürülür – yəni bu insanlar əmək haqqı almadan fiziki işə məcbur edilir. Meşəçilik fəaliyyətinin adını belə ləkələyənlər rəsmi şəkildə “təbiəti qoruyanlar” kimi təqdim olunurlar.
Gədəbəy ərazisi olsa da, rəsmiyyətdə Tovuz rayonunun meşəsi kimi sənədləşdirilmiş 47-ci dolayda da hər şeyin normal olduğu qeyd olunur. Rəsmən orada palıd qozası əkildiyi bildirilir. Amma ərazidə ağır texnikaların şumladığı sahələr, sağlam ağacların qabıqlarının soyulub məftillərlə sarındığı və inkişafının bilərəkdən məhdudlaşdırıldığı məlumdur. Bu, ağacın “süni” quruması üçündür ki, sonradan “quruyub deyə kəsildi” adı ilə sənədləşdirilsin.
Odun Satışı və Qara Bazarın Hökmranlığı
Məmmədovun qeyd etdiyi digər vacib məqam isə odun məsələsidir. Kənddə 400 ev var və hər evdə ən azı iki soba işləyir. Bu da ildə yüzlərlə ton odun tələbatı deməkdir. Lakin rəsmi sənədlərdə yalnız 15-20 nəfərə odun satıldığı qeyd olunur. Yəni yüzlərlə ton odun qara bazarda, qeyri-rəsmi pulla dövriyyəyə buraxılır. Bu, sadəcə maliyyə pozuntusu deyil, dövlətin sərvətinin talanıdır. Bunun üstünü örtmək üçün edilən yalançı hesabatların, saxta qəbzlərin, “oduncağa satılıb” deyə maskalanmış mebel sexlərinə kəsilmiş ağacların hesabı heç yerdə verilmir.
Hərbi hissələrə məxsus yük avtomobillərinin guya “yanacaq məqsədilə” daşıdığı odunların ölçüsü isə elə mebel sənayesinin tələb etdiyi standartlardır. Kəndin mal-qarasının yaxın buraxılmadığı “qorunan” şitillik ərazilər iri sahibkarların sürülərinə otlaq yeri kimi ayrılıb. Həmin ərazilərdən kəndin içməli su kanalları keçir – indi bu su kanalları mal ayaqlarının altında, sidik və nəcisin içində qalıb.
Dövlət Qurumlarının Göz Yumması
Bütün bu faktlar dəfələrlə ictimailəşdirilib. Video sübutlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər edilib. Amma Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən verilən rəsmi cavabda qeyd edilir ki, “heç bir qanunsuzluq aşkar olunmamışdır.” Bu cavab – tək bir qurumun deyil, bütöv bir
korrupsiya şəbəkəsinin necə işlədiyinin bariz nümunəsidir. Onlar görmək istəmədikləri üçün görmürlər. Bütün bu proseslər nə ilk dəfə baş verir, nə də təkcə Tovuz rayonuna aiddir. Respublikanın istənilən rayonunda bu ssenarini tətbiq etmək mümkündür: “ağac quruyubmuş deyə kəsildi”, “otlaq yoxdur, amma fermalar doludur”, “şitil əkildi, amma meşə yoxdur”, “rəsmi odun satışı 20 nəfərə, real istifadə 2000 nəfər”.
Keçmiş Nazirin Məsuliyyəti: Muxtar Babayev Məsələsi
Bu sistemin başında dayanan sabiq nazir Muxtar Babayev illərlə bu fəsadlara göz yumdu. O, yalnız göz yummadı, kömək etdi, şərait yaratdı, baxdı və susdu. Əvəzində cəzalandırılmadı – əksinə, vəzifəsi artırıldı. Təbiət məhv edildiyi halda, vəzifələr böyüdü. Ekoloji cinayətlərin fonunda yüksələn karyeralar bu ölkədə ədalət meyarlarının hansı formada dəyişdirildiyinin ən aydın sübutudur.