Baş Göynük kəndində mədəniyyət ocağının acınacaqlı vəziyyəti
Şəki rayonunun Baş Göynük kəndində 1950-ci ildə “Qafqaz” kolxozu dövründə kənd camaatının iməciliklə inşa edib istifadəyə verdiyi kənd klubu 2016-cı ildə naməlum səbəbdən yanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğının səbəbi indiyədək sakinlərdən ötrü müəmmalı olaraq qalır, çünki hadisə zamanı klubda işıq və qaz xətti mövcud deyildi. Əsas problem isə ondan ibarətdir ki, son doqquz il ərzində Şəki Mədəniyyət İdarəsinin balansında fəaliyyət göstərən, əvvəllər “Mədəniyyət evi”, hazırda isə “Sənətkarlar evi” adlanan 300 kvadratmetr sahəsi olan bu klub binası hələ də bərpa edilməmişdir.
Mədəniyyət Nazirliyinin vədləri və laqeyd münasibəti
Yanğından bir il sonra, yəni 2017-ci ildə Bakıdan gəlmiş və özlərini Mədəniyyət Nazirliyinin əməkdaşları kimi təqdim edən dörd nəfər rəsmi şəxs yanmış binaya baxış keçirmiş və yerli əhaliyə söz vermişdilər ki, məsələ nazirlikdə qaldırılacaq, “Mədəniyyət evi” daha gözəl və müasir formada bərpa edilərək yenidən kənd sakinlərinin istifadəsinə veriləcəkdir. Kasıb camaat nazirliyin rəsmi qonaqlarına hörmətlə süfrə açıb yola salmışdı. Lakin aradan doqquz il keçməsinə baxmayaraq, nə Mədəniyyət Nazirliyindən, nə də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi rəhbərliyindən 10000 əhalisi olan, 4000 illik qədim tarixi Baş Göynük kəndinin mədəniyyət ocağının bərpası ilə maraqlanan olmamışdır. Yerli sakinlər bildirirlər ki, divarının qalınlığı 70 sm olan bu binanın bərpası üçün o qədər də böyük xərc tələb olunmur; yerli tikinti materiallarından istifadə etməklə binanın bərpası mümkündür. Onların sözlərinə görə, təki Mədəniyyət Nazirliyi cəmi 20-30 min manat vəsait ayırsa kifayətdir, onlar öz babaları kimi bu tarixi binanı yenidən olduğu kimi bərpa edə bilərlər.
Tarixi kəndin mübariz ruhu və hazırkı məhrumiyyəti
Baş Göynük kəndinin son 300 illik tarixinə nəzər yetirdikdə məlum olur ki, burada yaşayan insanlar heç bir qorxu bilməyən, cəsarətli, mübariz və mərd olublar. Məsələn, 1734-cü ildə Şəki-Qax yolunun 21-ci kilometrliyində yerləşən Biləcik kəndi yaxınlığında Nadir Şahın töycü yığan 100 nəfərlik dəstəsinin yerli sakinlərə qarşı tətbiq etdiyi zülmə qarşı üsyan qaldıraraq bir gecədə onların hamısını məhv etmişlər. 1807-ci ildə Baş Göynük kəndinə rəhbərlik edən sərkərdə Sultan Murad yüzbaşı iki il Çar Rusiyası İmperiyasının Şəki xanlığına təyin etdiyi Cəfərqulu xana itaət etməkdən imtina etmişdir. Xan İlisu ərazisindən götürdüyü 1100 nəfərlik süvari dəstəsi və mobil toplarla üsyançıların hərəkatını üç günlük döyüşdən sonra yatıra bilmişdir. 1930-cu il aprelin 13-də isə kənd sakinləri Sovet İmperiyasının zonadakı (Balakəndən Ağdaş-Qəbələyədək) hakimiyyətini devirərək yeni hökumət formalaşdırmışlar. Tarixə “Şəki üsyanı” kimi daxil olmuş bu üsyan da Stalinin göstərişi əsasında amansızlıqla yatırılmışdır. Budur, bu gün fakt bundan ibarətdir ki, İran, Çar Rusiyası və Sovet İmperiyalarına qarşı təkbaşına mübarizə aparmış Baş Göynük kəndi sakinləri sadəcə bir “mədəniyyət evi”ndən məhrum edilmişdir. Bu, sadəcə Mədəniyyət Nazirliyi rəhbərliyinin yerli sakinlərə qarşı sərgilədiyi hörmətsizlik, etinasızlıq və məsuliyyətsizlikdir.
Büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi
Mədəniyyət Nazirliyi dövlət büdcəsindən ona ayrılan illik vəsaitin təxminən 20 milyon manatını Şəki Regional Mədəniyyət İdarəsinə ayırır. Bəs bu vəsaitdən heç olmasa region müdiri 20 min manatı Baş Göynük kəndində fəaliyyət göstərən “Sənətkarlar evi”nin binasının təmirinə ayıra bilməzmi? Təbii ki, ayıra bilər, əgər maraq olsa. Bəs bu pulların əsas hissəsi hara xərclənir? Şəki və digər rayon mərkəzlərində yerləşən musiqi məktəblərinin hər il təkrar-təkrar təmir işlərinə.
Seçkilər və ictimai məkan problemi
Qeyd edək ki, müəyyən vaxtlarda ölkəmizin hər yerində olduğu kimi, Baş Göynük kəndində də prezident, deputat, bələdiyyə seçkiləri keçirilir. Məlum olduğu kimi, bu seçkilərdə namizədlər təbliğat-təşviqat kampaniyalarını müəyyən klublarda, mədəniyyət evlərində keçirirlər. Bu, əvvəllər Baş Göynük kəndində də belə olub. Lakin son doqquz ildir ki, istər prezident, istərsə də deputat seçkilərində hava şəraitindən asılı olmayaraq təbliğat kampaniyaları kəndin küçələrində keçirilir. Bütün bunlar rayon İcra Hakimiyyəti rəsmilərinin, rayon ictimaiyyətinin gözləri qarşısında cərəyan edir. Lakin təəssüflər olsun ki, nə rayon İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyi bu problemin aradan qalxmasına səy göstərmir.