Leyla Əliyeva 39 yaşında: Uğurlu fəaliyyət yolu

Leyla Əliyeva 39 yaşında: Uğurlu fəaliyyət yolu

Bugün Azərbaycanın tanınmış ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. Onun fəaliyyəti təkcə Heydər Əliyev Fondu çərçivəsində deyil, həm də beynəlxalq arenalarda, ekologiya, mədəniyyət və humanitar sahələrdə geniş miqyas alır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr onun geniş spektrli maraqlarını əks etdirir.

Həyatı və Təhsil Yolu

Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya göz açıb. O, 1989-2000-ci illərdə Bakı şəhərindəki 160 nömrəli tam orta məktəbdə təhsil alıb, 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə daxil olub. Təhsilini daha da dərinləşdirərək, 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsini bitirib.

Leyla Əliyevanın Çoxşaxəli İctimai Fəaliyyəti

2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərən Leyla Əliyeva, 2011-ci ildən etibarən Fondun vitse-prezidenti vəzifəsini icra edir. O, bu vəzifəsində Heydər Əliyev Fondunun himayəsi altında yardıma ehtiyacı olan insanlara xüsusi diqqət yetirir. Bu xeyirxah fəaliyyət Heydər Əliyev Fondunun əsas dəyərlərini əks etdirir və o, doğum gününü də ənənəvi olaraq qayğı göstərdiyi uşaqlarla birgə keçirir. Yaşlı insanlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə dəstək proqramlarında birbaşa iştirak edir.

O, həmçinin, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrin təşəbbüskarı və iştirakçısıdır. Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri kimi, Leyla Əliyeva bu təşkilatı Rusiyada ən fəal gənclər strukturuna çevirmişdir. AMOR vasitəsilə Rusiya cəmiyyətini Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış etmək üçün fəal iş aparılır.

O, 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalının əsasını qoyub.

“Xocalıya Ədalət” Kampaniyası və Ekoloji Təşəbbüslər

8 may 2008-ci ildən başladılan “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı kimi, Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün böyük səy göstərir. Bu təşəbbüs çərçivəsində on üç ildən artıqdır ki, dünyanın müxtəlif yerlərində maarifləndirici tədbirlər və aksiyalar təşkil edilir. Onun bu sahədəki fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunmasında əhəmiyyətli rol oynayır.

Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri olaraq, Leyla Əliyeva ətraf mühitin qorunması sahəsində də önəmli işlər görür. Onun təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilmişdir. Həmçinin, o, sosial və ekoloji layihələri birləşdirən “Məktəb bağları” təşəbbüsünün müəllifidir. Bu layihənin ilk aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində 100 ədəd badam, gavalı və nar ağacı əkilmişdir.

Mükafatlar və Beynəlxalq Tanınma

Fəaliyyətlərinə görə Leyla Əliyeva bir sıra beynəlxalq və yerli mükafatlara layiq görülmüşdür. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Həmin ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatını almışdır. 2012-ci il sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı, 2013-cü il aprelin 5-də “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə təltif olunmuşdur. 2013-cü il dekabrın 20-də isə III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ona təqdim edilmişdir.

2015-ci ilin may ayında aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təminatı və kənd təsərrüfatı sahəsində verdiyi töhfələrə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür. 2015-ci il oktyabrın 20-də “Puşkin” medalı, 2016-cı il sentyabrın 28-də isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Yaradıcılıq və Şəxsi Həyatı

Leyla Əliyeva həm də yaradıcı bir insandır. O, şeirlər yazır, rəsm çəkir. “Əli və Nino” filminin icraçı prodüseri olmuş, habelə “Bakı, mən səni sevirəm” adlı kinolayihəyə rəhbərlik etmişdir. O, iki oğul və bir qız anasıdır.

Xəbər Xətti

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.