Saatlı Tibb Kollecində Mühafizə Tenderi Və Tələbələrdən Rüşvət İddiaları
Saatlı Tibb Kolleci tərəfindən mühafizə xidmətlərinin satınalınması üzrə elan edilən tenderin nəticələri bəlli olub. Müsabiqənin qalibi “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında 8 aylıq müddəti əhatə edəcək 32.900 AZN dəyərində müqavilə imzalanması gözlənilir. Bu məbləğ təhsil ocağının tədris binasının mühafizəsini əhatə edəcək.
Qeyd edək ki, “TİİM” MMC 2011-ci il iyunun 3-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.
Kollec Direktoruna Qarşı Rüşvət İddiaları Səsləndirilir
Tender məsələsinin ardınca, Saatlı Tibb Kollecinin direktoru Kamal Mürsəlovun adı daha ciddi iddialarda hallanmağa başlayıb. Sosial şəbəkələrdə təhsil müəssisəsinin tələbələrindən birinin etdiyi paylaşımlar böyük maraq doğurub. Həmin paylaşımda tələbə kollecdə toplanan rüşvətlərin miqdarından və bu tələblərə boyun əyməyənlərin aqibətindən danışıb.
Tələbənin irəli sürdüyü iddialara görə, direktor tərəfindən tələbələrdən hər kollekvium və imtahan üçün məcburi 50 manat rüşvət tələb olunur. İmtahan nəticələrindən asılı olmayaraq, ödəniş edilmədiyi təqdirdə tələbələrin kəsildiyi bildirilir. Paylaşımda qeyd olunur ki, “hamı şikayətçidir, sadəcə çəkinirlər deməyə ki, imtahanda və kollekviumlarda ancaq pul keçir.” Tələbə bu vəziyyətin düzgün olmadığını vurğulayaraq aidiyyəti qurumları məsələyə baxmağa çağırıb.
Kamal Mürsəlov Kimdir?
Bəs iddiaların mərkəzində olan Həkim Mürsəlov Kamal Mürsəlov Əlimuxtar oğlu kimdir? 1953-cü il iyunun 17-də Saatlı şəhərində anadan olan o, 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub və 1978-ci ildə təhsilini başa vurub.
Karyerasına 1978-ci ildə Saatlı rayon Nərimankənd kənd xəstəxanasında baş həkim kimi başlayan tibb mütəxəssisi, 1986-1990-cı illərdə Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1990-1994-cü illərdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin Saatlı Filialının direktoru olub. 1995-ci ildən Mərkəzi Rayon Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, 2014-cü ildən isə indiyədək bu təhsil müəssisəsinin direktoru vəzifəsini icra edir.