İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX) minik avtomobillərinə təxminən 200 min manatlıq yanacaq və yağ süzgəcləri almağa hazırlaşır. Bu xəbər Xidmətin büdcə xərcləri ilə bağlı ciddi suallar doğurur. Yaxın günlərdə yekunlaşan tenderə əsasən, ümumi məbləği 193.284 AZN olan alışın qalibi “Azizi” MMC elan edilib.
Alınacaq malların siyahısından aydın olur ki, 489 növ müxtəlif nəqliyyat vasitəsi üçün minlərlə süzgəc əldə olunacaq. Bu göstərici İŞBSTX-nin xidmətində yüzlərlə, bəlkə də minlərlə minik avtomobilinin olduğunu ortaya qoyur. Bu avtomobillər arasında çox bahalı “Lexus”lar, “Toyota”lar, “Mercedes-Benz” markalı maşınlar və digər qiymətli xidməti nəqliyyat vasitələri də mövcuddur.
Yalnız süzgəclərin dəyişdirilməsi üçün təxminən 200 min manat dövlət vəsaiti xərcləyən bu Xidmətin nəqliyyat parkının ümumi saxlanılması, onlara göstərilən texniki xidmətlər, ehtiyat hissələri və yanacaq üçün nə qədər vəsait sərf etdiyi ciddi suallar doğurur. Bu xərclər, cəmiyyətdə suyun qiymətinin necə formalaşdığı barədə narahatlıq yaradır.
Maraqlıdır ki, bu xərclər fonunda İŞBSTX rəsmisi yaxınlarda verdiyi açıqlamada əhaliyə satılan suyun maya dəyərinin faktiki qiymətlərdən dəfələrlə yüksək olduğunu bildirmişdi. Bəs bu suyun maya dəyərini bu qədər şişirdən kimlərdir?
Keçirilən çoxsaylı tenderlər göstərir ki, suyun dəyərini artıran əhali deyil, məhz dövlət pulları hesabına komfort içində yaşamağa üstünlük verən Xidmətin əməkdaşları, daha doğrusu rəhbərliyidir. Bu məmurların rahatlığı naminə artan xərcləri sonda əhali və dövlət ödəyir, bu da sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır.
Qeyd edək ki, ötən ilin dekabrında dərc olunan məlumata görə, İŞBSTX 2023-cü ili 226,293 milyon manat xalis zərərlə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 26,7% çoxdur. Bu fakt, iki il əvvəl Azərsu-dan İŞBSTX-yə çevrilən bu qurumda islahatların mənfi nəticələr verdiyini və rəhbərliyin fəaliyyətsizliyi ilə birbaşa əlaqəli olduğunu təsdiqləyir. Qurumun fəaliyyətində şəffaflığın artırılması vacibdir.
Daxili xərclərin minimuma endirilməsi ilə bağlı dövlət islahat komissiyasının yaradılmasına ehtiyac artıq özünü göstərir. Dünən yekunlaşan bu tender əhaliyə satılan suyun maya dəyərini artıran yüzlərlə səbəblərdən yalnız biridir. Bu kimi halların qarşısı alınmalıdır.