Azərbaycan-Rusiya Gərginliyinin İki Mühüm Detalı
Rusiya ilə Azərbaycan arasında görünməmiş gərginliyin informasiya axını fonunda iki əhəmiyyətli məqam diqqət çəkir. Birincisi, Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) iş adamı Araz Ağalarov barəsində icraat başlatmasıdır. Bu xəbər ilk baxışda texniki məhkəmə proseduru təsiri bağışlasa da, sənədləşmənin arxasında daha böyük siyasi oyunların gizləndiyi iddia edilir. Xüsusilə də, indiki mürəkkəb siyasi kontekstdə bu addımın xüsusi mesajlar daşıdığı düşünülür.
Araz Ağalarova Yönəlik Təzyiqlər: Gizli Mesajlar
Formal səbəb borc mübahisəsi kimi təqdim edilsə də, prosesin zamanlaması və Kremlin son davranışları məsələnin təkcə maliyyə ilə məhdudlaşmadığını göstərir. Araz Ağalarov sadəcə 1,7 milyard dollarlıq sərvəti olan “Crocus Group” imperiyasının sahibi, Rusiyanın ən böyük tikinti, əmlak və infrastruktur maqnatlarından biri deyil. O həm də Azərbaycana bağlılığı ilə tanınan, köklərinə, kimliyinə, Azərbaycan dövlətinə və xalqına hər zaman açıq dəstək nümayiş etdirən Azərbaycanlı milyarderlərdən biridir. Bu illər ərzində Ağalarovların adı yalnız kommersiya layihələrində deyil, Azərbaycanın haqq işini müdafiə edərkən, Qarabağ münaqişəsi dövründə Bakıya siyasi, mənəvi və maddi dəstək göstərənlər arasında da ön sırada yer alıb. Araz Ağalarovun oğlu Emin Ağalarov bu bağlılığın daha canlı simvoludur. Başqa sözlə, Ağalarovlara qarşı atılan bu addım Azərbaycana verilən bir mesajdır.
İlham Rəhimovun “Xilaskar” Obrazı: Siyasi Təxribat
İkinci xəbər də Azərbaycanlı milyarderlərlə bağlıdır. Söhbət “Putinin dostu” kimi tanınan İlham Rəhimovdan gedir. Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınski sərt şəkildə saxlanılır və qısa müddət sonra azadlığa buraxılan həmyerlimiz belə bir açıqlama verir: “Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporunun təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporu bu proseslərdən daha ağır zərbə ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu”. Hadisə mahiyyət etibarı ilə Azərbaycana qarşı növbəti informasiya təxribatıdır. Araz Ağalarova qarşı qondarma hüquqi təzyiqlər fonunda İlham Rəhimovun xilaskar və nəcib obrazının yaradılması hansı məqsədə xidmət edə bilər? Belə çıxır ki, guya məhz bu şəxsdən Rusiyada yaşayan azərbaycanlıların taleyi asılıdır və o, bu məsələdə Azərbaycan prezidentindən də qüdrətlidir. Bu, Rusiya xüsusi xidmət orqanlarının hazırladığı siyasi texnologiyadır.
Putinin Dostu Niyə Susur? İlham Rəhimovun İctimai Profili
Rusiyada azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin arxasında kim dayanır? Əlbəttə, Vladimir Putin! Bəs onun dostu və yaxın tərəfdaşı azərbaycanlıları necə xilas edə bilər? Necə ola bilər ki, Kreml bu boyda dövlətlə gərginliyin azalması üçün kiçik bir addım belə atmır, amma cənab Rəhimovun sözü ilə xüsusi əməliyyatla həbs olunan həmyerlimiz azadlığa çıxır? Bunun arxasında isə Azərbaycan mediası İlham Rəhimovun xilaskar obrazını Azərbaycan cəmiyyətinə təlqin edir. Belə yerdə məşhur tamaşadakı sual lap yerinə düşər: Axı sən kimsən, İlham Rəhimov?! 2016-cı illərin sonunda İlham Rəhimov birdən-birə Azərbaycan mətbuatına maraq göstərməyə başladı. Ölkənin ən tanınmış qəzetlərinə maliyyə ayıran, prezident Putinlə dostluq münasibətləri olan bu şəxs, eyni zamanda bir neçə sayt açaraq onları maliyyələşdirməyə başladı. Diqqət etmisinizsə, son illərdə İlham Rəhimovun ölkə mətbuatındakı təbliğatı aşağıdakı təqdimatlarla aparılır:
* Uğurlu elm adamı;
* Vətənpərvər siyasətçi;
* Xeyriyyəçi;
* Bacarıqlı iş adamı;
* Qüdrətli dövlətin məğlubedilməz liderinin dostu.
Sual İşarələri: İlham Rəhimovun Əsl Rolu
Ona da diqqət yetirilməlidir ki, İlham Rəhimov son bir ildə mətbuat səhifələrində gah yeni çapdan çıxmış monoqrafiyası ilə bağlı uzun-uzadı müsahibə verir, elmi nailiyyətlərindən söz açır, gah vətənpərvər, ölkəsinin çıxarlarını düşünən, Qarabağ problemi ilə yaşayan və bu mövzuda heç bir güzəşt tanımayan ziyalı, siyasətçi kimi təqdim olunur, gah reklama ehtiyacı olmayan xeyriyyəçi kimi cəmiyyətə təlqin edilir, gah da bacarıqlı iş adamı və Putinin dostu kimi gözə soxulur. İnsafən, bütün bu təqdimatların hamısında müəyyən qədər həqiqət payı var. Lakin anti-Azərbaycan layihəsi olan məşhur və məşum “Milyarderlər İttifaqı”nın üzvü olmuş adamlarla yaxınlığı barədə bir kəlmə də yazılmır. Xocalı soyqırımında ermənilərlə bərabər Rusiya hərbçilərinin də məsuliyyət daşıdığı “vətənpərvər siyasətçi”nin, hüquq professorunun dilindən bircə dəfə də olsun eşidilməyib. Ümumiyyətlə, onun heç bir müsahibəsində Qarabağ münaqişəsinin yaranması və illərlə uzanmasında Rusiyanın oynadığı mənfi rol barədə heç nə eşitməzsiniz. Əksinə, Rusiya tərəfindən əleyhimizə bir addım atılarsa, bizi günahkar bilər. Halbuki, Dağlıq Qarabağdakı qondarma separatçı rejimi illərlə erməni diasporunun maliyyələşdirdiyi hər kəsə bəllidir. Yaxşı, İlham Rəhimov Kremlin yanında otel tikir, amma Azərbaycanda doğulduğu kənddə yağış yağanda palçıq dizə çıxır. Heç olmasa öz kəndindən rayon mərkəzinə bir yol çəksin. Öz kəndində uşaqların palçığın içərisində məktəbə gedib-gəlməməsi üçün kəndarası yolları çəksin. Ümumiyyətlə, bu şəxsin özünü təbliğ etməkdən başqa Azərbaycana bir manat belə sərmayə qoyması yoxdur. Yeri gəlmişkən, bəlkə Ağalarovların Kremlin qəzəbinə düçar olması həm də bu fərqlə bağlıdır?
İlham Rəhimovun son təbliğatı təkcə “xilaskarlıq” missiyası yox, həm də özünü siyasi arenada yenidən xatırlatma cəhdi kimi qiymətləndirilə bilər. Professor həm Moskvaya, həm də Bakıya göstərmək istəyir ki, hələ də oyunda olduğunu, hələ də təsirli və nüfuzlu bir fiqur olduğunu, hələ də Putinlə eyni süfrə arxasında otura, onunla “işgüzar səhər yeməyi” yeyə biləcəyini. Bəlkə də bu proses sadəcə Kremlin narazı azərbaycanlıları sakitləşdirmək üçün seçdiyi taktiki bir gedişdir – sanki “baxın, sizin də səsiniz eşidilir, sizin də təmsilçiniz var” görüntüsü yaratmaq üçün. Əgər Rəhimovun doğrudan da nüfuzu və iradəsi varsa və baş verənlərdə səmimidirsə – niyə o, dostu “Rusiya kralına” zəng etmir? Niyə Kremlin repressiv maşınına qarşı açıq mövqe göstərmir? Edə bilməz. Çünki kuklalar yalnız sahibinin istəyini icra edə bilir.