İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan əlaqələrini dərinləşdirir

İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan əlaqələrini dərinləşdirir

Azərbaycanın Xarici Siyasətində Özbəkistanla Əlaqələrin Yüksələn Xətti

Bakı, 2 iyul. Azərbaycan bu gün bir çox hədəfinə çatmaqla yanaşı, regionun aparıcı iştirakçısı, Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Ölkəmiz həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində müxtəlif sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni reallıqlar yaradan Azərbaycan Şərq-Qərb əməkdaşlığında da əsas həlqələrdən biridir. Ölkəmizin sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər həm region dövlətləri, həm də dünyanın böyük dövlətləri və beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin inkişafına, xalqların rifahına xidmət edən həyati əhəmiyyətli amillərə çevrilib. Məhz bu amillər Azərbaycanla müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına stimul verir. Xarici siyasətimizdə üstünlük təşkil edən istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir. Bu kontekstdə Özbəkistan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük və sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistanla Azərbaycan-Özbəkistan əlaqələri xüsusilə son illərdə ardıcıl olaraq genişlənir. Respublikamızın bu ölkə ilə münasibətləri həm ikitərəfli, həm də çoxşaxəli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində intensiv şəkildə inkişaf edir.

Qədim Köklərdən Gələn Qardaşlıq Əlaqələri

Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni köklərə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Dahi özbək mütəfəkkiri Əlişir Nəvainin “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alması təsadüfi deyil.

Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq bildirmişdir: “Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq göstəriciləridir”. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarayı Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilənin mövcud olduğunu göstərir.

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Müstəqillik İllərində Strateji Tərəfdaşlığın Formalaşması

Azərbaycan-Özbəkistan əlaqələri müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Şərəf Rəşidov ilə, ondan sonra – 1990-cı illərdə isə İslam Kərimovla dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. 1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin göstəricisidir.

Müasir Dövrün Yüksək Səviyyəli Əməkdaşlığı

Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsas rol oynayır. Hər iki prezident dövlət və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

İqtisadi və Nəqliyyat Əməkdaşlığında Yeni Üfüqlər

Xüsusilə 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından uğurlu olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas istiqamətlərini müəyyən edib.

Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının güclü dövlətləri hesab olunurlar. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına stimul verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Yüksək Səviyyəli Qarşılıqlı Səfərlər və Gələcək Perspektivlər

Şavkat Mirziyoyevin 2024-cü il avqustun 22-23-də Azərbaycana dövlət səfəri isə qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açıb. Bu səfər zamanı imzalanan sənədlər və əməkdaşlıq planları Azərbaycan-Özbəkistan əlaqələrinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Özbəkistan Prezidentinin erməni işğalından azad edilmiş ərazilərə – Füzuliyə və Şuşaya səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfəsinin və dəstəyinin daha bir göstəricisi oldu.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən il Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə cari il iyulun 5-6-da Azərbaycanda səfərdə olub. Bu, TDT-nin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli toplantısı olub.

Şavkat Mirziyoyev ən son 2024-cü il noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində noyabrın 13-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycan və Özbəkistan prezidentlərinin mütəmadi şəkildə həyata keçirilən qarşılıqlı səfərləri bu dəfə də öz ənənəsinə sadiq qaldı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə imkan verir. Azərbaycana bugünkü dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional əsasda möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.

Şübhəsiz ki, son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Eyni ortaq köklərə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə getdikcə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Xəbər Xətti

6 Şərh

  1. Şahnaz Cavadova says:

    Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Şavkat Mirziyoyevin dəstəyi ilə Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşməsi, regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq, xalqlarımız arasında tarixi bağları daha da gücləndirərək, iqtisadi və mədəni sahələrdə yeni imkanlar yaradır. Azərbaycanın regiondakı liderliyi və Özbəkistanın inkişafa olan sadiqliyi, bu əlaqələri daha da möhkəmləndirəcək və bölgəmiz üçün parlaq gələcək vəd edir.

    1. Günel Əkbərova says:

      Azərbaycan və Özbəkistan arasında əlaqələrin dərinləşməsi təqdirəlayiqdir, lakin bu əməkdaşlığın regiondakı bütün tərəflərin maraqlarına xidmət etməsi vacibdir. İqtisadi və mədəni sahələrdəki inkişaf, yalnız iki ölkə üçün deyil, bütün region üçün faydalı olmalıdır. Gələcəkdə bu əlaqələrin daha geniş regional layihələrə töhfə verməsi arzuolunandır.

  2. Aytən Qarayeva says:

    Azərbaycanın xarici siyasətində Özbəkistanla əlaqələrin yüksələn xətti, ölkəmizin regiondakı rolunu daha da gücləndirir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan, Mərkəzi Asiya ölkələri ilə münasibətlərini inkişaf etdirərək, regional əməkdaşlığa böyük töhfə verir. Bu əlaqələr, ölkələrimiz arasında iqtisadi, mədəni və siyasi sahələrdə yeni imkanlar açır. İlham Əliyevin bu istiqamətdəki səyləri təqdirəlayiqdir və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

    1. Ülvi Rzayev says:

      Azərbaycanın Özbəkistanla əlaqələrinin yüksələn xətti, şübhəsiz ki, regionda yeni iqtisadi və siyasi imkanlar yaradır. Lakin bu əməkdaşlığın davamlı və səmərəli olması üçün tərəflər arasında qarşılıqlı etimadın və şəffaflığın təmin edilməsi vacibdir. Həmçinin, regional layihələrin icrasında bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyətinin iştirakı təmin olunmalıdır ki, əməkdaşlıq yalnız elitar səviyyədə deyil, xalqlar arasında da dərinləşsin.

  3. Arif Əkbərov says:

    Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. Özbəkistanla əlaqələrin dərinləşməsi də bu uğurlu siyasətin nəticəsidir. Bu əməkdaşlıq hər iki xalqın rifahına xidmət edəcək və bölgədə sabitliyin təmin olunmasına töhfə verəcəkdir.

    1. Qismət Şıxəliyev says:

      Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı, şübhəsiz ki, müsbət haldır və region üçün yeni imkanlar yaradır. Lakin əməkdaşlığın davamlı və səmərəli olması üçün tərəflər arasında bərabərhüquqlu münasibətlərin qurulması, iqtisadi layihələrin şəffaflığı və hər iki ölkənin milli maraqlarının nəzərə alınması vacibdir. Bu prinsiplərə riayət olunması əməkdaşlığın uzunmüddətli perspektivdə uğurlu olmasına zəmin yaradacaq.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.