Apellyasiya Məhkəməsi Hüseyn Abdullayevin Şikayətini Rədd Etdi
Keçmiş deputat Hüseyn Abdullayevin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə iclası yekunlaşdıqdan sonra qərar açıqlanıb. Qərara əsasən, Hüseyn Abdullayevin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Yenidən Cinayət Məsuliyyətinə Cəlb Edilmə və Cinayət Yolu ilə Əldə Edilmiş Pulların Leqallaşdırılması
Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış, yeni aşkar edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli hökmü ilə “Quska” ləqəbli şəxs cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hüseyn Abdullayev bilərəkdən cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adına ölkədə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatları həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb. Bu əməllərinə görə ona, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasını əks etdirən Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.