Hünər Hadızadənin Lənkərandakı möhürlənmiş binasında tikinti davam edir

Hünər Hadızadənin Lənkərandakı möhürlənmiş binasında tikinti davam edir

Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəssisəsi “MTS” ərazisi) ucalan səkkizmərtəbəli yaşayış binası dövlət qanunlarına açıq şəkildə meydan oxuyan bir qalaya çevrilib. Bu tikintinin ilk növbədə böyük bir yaşıllıq zolağının məhv edilməsi ilə başlaması ekoloji cinayət aktı idi. Lakin tikinti sahibləri bu ekoloji cinayətə görə məsuliyyətə cəlb edilmədikləri üçün, sonradan qanunları da təməl qazıntısına ataraq üzərini betonladılar.

Qanunsuzluğun Xronologiyası: İcazədən Artıq Tikinti

Sözügedən tikinti ilə bağlı mediada dəfələrlə məsələ qaldırılıb, sakinlərin müvafiq dövlət qurumlarına müraciətləri işıqlandırılıb. Təəccüblüdür ki, vətəndaşların müraciətlərinə cavab olaraq, dövlət təşkilatları özləri də tikintinin qanunsuz tikinti olduğunu etiraf ediblər. Məlumatlara görə, binanın sahibi, iş adamı Hünər Hadızadəyə həmin ərazidə 2021-ci ildə cəmi üç mərtəbə və mansard qatından ibarət yaşayış sahəsi tikməyə icazə verilibmiş. Lakin naməlum səbəblərdən, Hünər Hadızadə icazədə göstərilən ölçüləri aşaraq, yeddi mərtəbə və mansarddan ibarət yaşayış binası inşa edib.

2021-ci il iyulun 23-də müvafiq qurumlar Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova tikinti işlərinin dayandırılması üçün müraciət ediblər. Elə həmin il Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəffətişliyinin əməkdaşları tikiliyə baxış keçirib, pozuntuları sənədləşdiriblər. Agentlik rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə həmin ərazidə tikinti işlərinin dayandırılması qərara alınıb. Cəbrayıl Xanlarovun əmri ilə Hünər Hadızadə barəsində 23 sentyabr 2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və obyekt möhürlənib. Buna baxmayaraq, naməlum səbəblərdən Hünər Hadızadə tikinti işlərini davam etdirərək, heç bir vəzifəli şəxsin “gözünə görünmədən” yeddimərtəbəli binanın tikintisini tamamlamağa müvəffəq olub.

Məmurların Əlbirliyindən Məsuliyyətsizliyə

Müəmmalı səbəblərdən Cənub Regional Tikinti Müfəttişliyinin keçmiş rəisi Rövşən, vəzifəsində işləyərkən Lənkəran şəhəri, Füzuli küçəsi, ev 7 ünvanında tikinti qanunvericiliyinin kobud şəkildə pozularaq tikinti-quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına rəğmən, xidməti vəzifələrinin icrası ilə əlaqədar bir qrup vəzifəli şəxslə əlbir olaraq qanunsuz üstünlük əldə edib, yəni qanun pozuntusu hesabına aparılan tikintinin başa çatdırılmasına şərait yaradıb. 2024-cü ilin avqust ayında Rövşən vəzifəsindən kənarlaşdırılaraq barəsində cinayət işi açılıb. Qeyd etmək lazımdır ki, hadisə ilə bağlı iş adamı Hünər Hadızadə də həbs edilib. Lakin bir müddət sonra H. Hadızadə hansısa “sehirli gücün” köməyi ilə azadlığa çıxıb və bununla kifayətlənməyərək, hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tikintisi dayandırılmış, prokurorluq tərəfindən möhürlənmiş binada tikinti işlərini davam etdirir. Beş rayonda icra başçısı olmuş Taleh Qaraşov kimi şəxsləri, FHN kimi ciddi bir qurumu “razı salmaq” bu iki şəxsin işinə bənzəmir. İcra Hakimiyyəti və FHN 2021-ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bu qanunsuz tikintinin dayandırılması haqqında qərar versələr də, tikinti bir gün belə dayanmayıb və hazırda orada işlər davam edir. Bu, açıq-aşkar dövlət orqanlarının qərarlarına laqeyd münasibətin göstəricisidir.

Tikinti Qaydalarına Ziddiyyətli Faktlar

Tikinti Məcəlləsində bina tikintisi üçün təsdiq edilmiş bütün maddələr kobud şəkildə pozulub. Belə ki, tikinti üçün ayrılmış Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında Hünər Hadızadənin mülkiyyətində olan 0.06751 hektar torpaq sahəsinin hamısında tikinti aparılıb, hətta bir kvadratmetr belə istirahət üçün yer saxlanılmayıb. Binanın çirkab sularının axıdılması və kanalizasiya sistemi ümumiyyətlə yoxdur. İçməli su və yanğın üçün su anbarları, həmçinin nasos sistemi ayrı tikilməli olsa da, bu arqumentlər nəzərə alınmayıb. Ətrafdakı qonşu tikililər də zərər görüb, çünki bina qanuna uyğun tikilmədiyindən ara məsafələr nəzərə alınmayıb və hətta bəzi evlər binaya bitişikdir. Bu cür fundamental pozuntular binanın təhlükəsizliyi və ətraf mühit üçün ciddi risklər yaradır.

Qanunlardan Üstün “Status” Və Cəzasızlıq Mühiti

Bu şəxslər hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının ali qanunlarını heçə sayır, dövlət qurumlarının qərarlarını görməzdən gəlir və istədikləri kimi qanunsuz tikinti aparırlar? Tikilən binaya ekspertiza rəyi verilməsi vacibdir, çünki bu rəydə binanın tikilmə qaydaları və infrastrukturunun forması ilə bağlı müddəalar var. Lakin bu binaya ekspertiza rəyi verilməyib. Ekspertiza rəyi olmayan binanın Yerli İcra Orqanında çalışan memar tərəfindən tikilməsinə göz yumulması anlaşılan deyil. Bu insanlar, doğrudan da, dövlətdən üstündürlərmi? Lənkəranın sabiq baş memarı Elgün Abdullayev Füzuli küçəsi, ev 7 ünvanındakı bu qanunsuz tikintidə özünü günahkar görməyib. O, məhkəmədəki çıxışında bu tikintidə günahkar kimi daha yüksək vəzifəli şəxslərin adlarını çəkib. Lakin təəssüf ki, həmin şəxslər hələ də azadlıqda və vəzifə başındadırlar. Bu vəziyyət, ölkədə cəzasızlıq mühitinin mövcudluğu və məsuliyyətdən yayınma hallarının geniş yayıldığına dair ciddi suallar doğurur.

Xəbər Xətti

3 Şərh

  1. Emin Rafiqov says:

    Bu nə biabırçılıqdır?! Hünər Hadızadə adlı bu adam qanunları saymır, dövləti saymır, insanları saymır! Belə özbaşınalıq olmaz! Nədir bu, Lənkəranı özünə şəxsi mülk hesab edir? Hardadır bu dövlət qurumları, niyə göz yumurlar bu qanunsuzluğa? Məgər qanunlar ancaq kasıb-kusuba yazılandır? Əgər icazəsi üç mərtəbədirsə, niyə yeddi mərtəbə tikir? Kim buna “dur” deyəcək?! Bu məsələ ən ciddi şəkildə araşdırılmalı və günahkarlar ən sərt şəkildə cəzalandırılmalıdır! Yaşıllıqları məhv etmək, qanunları tapdalamaq – bu, bağışlanılmazdır!

    1. Aqil Mustafayev says:

      Hər bir qanun pozuntusu, istər tikinti sahəsində olsun, istərsə də digər sahələrdə, narahatlıq doğurur. Lakin bu kimi məsələlərdə emosional reaksiyalar əvəzinə, faktlara əsaslanmaq və səlahiyyətli qurumların araşdırmasının nəticələrini gözləmək daha doğru olardı. Əgər qanun pozuntusu varsa, əminəm ki, müvafiq tədbirlər görüləcək.

  2. Səbuhi Cavadov says:

    Bu cür özbaşınalıqlar dövlətimizin imicinə zərbə vurur. Qanunlara sayğısız yanaşan bu kimi şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan abadlıq və quruculuq işləri göz önündədir, lakin bu cür halların qarşısı alınmazsa, bütün səylər boşa çıxa bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə dərhal müdaxilə edəcək və günahkarlar layiqli cəzalarını alacaqlar.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.