Hacı Ramazan Mirzəyevlə bağlı yeni iddialar: Dövlət büdcəsinə milyonlarla ziyan
Dövlət büdcəsinə milyonlarla manat ziyan vurulduğu iddia edilən yeni faktlar ortaya çıxıb. Məlumata görə, illərdir paytaxtda keçirilən demək olar ki, bütün tenderlərdə qalib gələn iş adamı Hacı Ramazan Mirzəyev təkcə son bir ayda dövlət vəsaitlərinə külli miqdarda zərər vurmaqda ittiham olunur.
Bakıda yağan qar səbəbindən yolların təmizlənməsi üçün istifadə olunan materiallar və tonlarla duzun da məhz Hacı Ramazan Mirzəyevə məxsus şirkətlər tərəfindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliklərinə və digər tabeli qurumlara verilməsi ciddi suallar doğurur. Paytaxtda keçirilən əksər tenderlərin dəyişməz qalibi olan Ramazan Mirzəyevə aid şirkətlərin yolların buz örtüyündən təmizlənməsi üçün elan olunan satınalmalarda yenidən qalib gəlməsi, bu şəxsin himayədarlarının yüksək vəzifələrdə təmsil olunmasına işarə edir.
Araşdırmalar nələri üzə çıxardı?
Aparılan araşdırmalar zamanı məlum olub ki, Hacı Ramazan Mirzəyevin əsas şəriklərindən biri Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənovdur. İllərdir dövlət büdcəsini mənimsəməkdə ittiham olunan Ramazan-Təbriz cütlüyünün qanunsuz əməlləri örtülü saxlanılır, ictimaiyyətə məlum olan faktlar isə araşdırılmır.
Bakının baş maliyyəçisi Təbriz Həsənovun istər tenderlərdə, istərsə də dövlət vəsaitinin ayrılmasında Hacı Ramazan Mirzəyevə xüsusi diqqət göstərməsi Bakı Şəhər İcra Hakimiyyətinin də bu məsələdən xəbərdar olduğuna şübhə yeri qoymur. Görünən odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə Hacı Ramazan Mirzəyevə aid şirkətlər saxta yollarla tenderlərin qalibi elan olunur, dövlətdən ayrılan milyonlar isə adı çəkilən vəzifəli şəxslər tərəfindən bölüşdürülür. Əks halda, 2018-ci ildən bu günə qədər Bakıda keçirilən bütün tenderlərin dəyişməz qalibi məhz o olmazdı.
Tenderlər necə saxtalaşdırılır?
Milyonlarla manatlıq sərvətə sahib iş adamı böyük tenderləri “VEST-LTD” QSC və “İnpeks.N.” MMC adlı şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda əsasən, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-lərindən istifadə edir. Aparılan araşdırmalara əsasən, 2018-2025-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin və digər qurumların satınalmalarında qalib olan aşağıdakı MMC-lərin Hacı Ramazan Mirzəyevə məxsus olduğu iddia olunur:
“Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”, “Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” və s.
Bu satınalmalarda və tenderlərin saxtalaşdırılmasında Hacı Ramazan Mirzəyevə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi himayədarlıq edir. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin necə bölüşdürüldüyü bəlli olmasa da, hər il milyonlarla manatın dövlətə ziyan vurulduğuna şübhə yeri qalmır.
Dəyəri 10 manat olan MMC-lərin milyonluq tenderlərdə iştirakını təmin edən məmurlar yalnız Ramazan Mirzəyevə yaşıl işıq yandırırlar. İllərdir Ramazan Mirzəyevdən başqa tender qalibi olmayan digər şirkət rəhbərləri bu vəziyyətdən narazılıqlarını bildirsələr də, onların etirazlarına məhəl qoyan yoxdur.
Bakıdakı idarə və müəssisələrə yalnız Ramazan Mirzəyevin şirkətləri ilə işləmək tapşırılıb. Bir çox məmurlar isə artıq onun saxtakarlıqlarından narahatdırlar. Onların narazılığı səbəbsiz deyil – görülən işlər üçün ödənilməli olan məbləğin yarısını belə ala bilməyən idarə və təşkilatlar yaranmış maliyyə çatışmazlığını şəxsi vəsaitləri hesabına aradan qaldırmaq məcburiyyətində qalırlar.
Tenderlərin qalibinə isə görülən işlərin yüksək səviyyədə tamamlanması üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, lakin bu vəsaitlər Hacı Ramazan Mirzəyev, Maliyyə İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bölüşdürülür.
Ramazan Mirzəyevin varidatı və qanunsuz biznesləri
Dövlət büdcəsini mənimsəməklə milyonçu məmur və iş adamına çevrilən şəxslər cəzasızlıq mühitindən geniş şəkildə faydalanırlar. Milyonluq villalar, bahalı avtomobillər və böyük biznes şəbəkəsinin sahibi olan Hacı Ramazan Mirzəyev təkcə Bakı şəhərində deyil, həm də Neftçala və Masallı rayonlarında gəlir mənbələri formalaşdırıb:
- Bakıda “Məmmədoğlu” şirkətinə aid obyektlər
- Neftçalada böyük balıq biznesi
- Kür çayından kilometrlərlə uzunluqda şəxsi su kanalı çəkdirməsi
Xüsusilə, şəxsi balıq biznesi üçün Kür çayından qanunsuz su kanalı çəkdirməsi səbəbindən yerli əhali ciddi ziyana məruz qalıb. Sadə vətəndaşların örüş və əkin sahələrinin yararsız hala düşməsi bu ziyanın bir hissəsidir.
Ramazan Mirzəyevin şəriki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənovun dövlətdən mənimsədiyi milyonlar hesabına nələrə sahib olduğu barədə növbəti materialda məlumat veriləcək. Araşdırmalar davam etdirilir və materialda adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hər zaman hazırıq.