Bakı Tenderlərinin Məxfi Qalibi: Ramazan Mirzəyev
Bakıda illərdir demək olar ki, bütün dövlət satınalmalarının qalibi kimi tanınan iş adamı haqqında mediada tənqidi yazılar və ciddi iddialar yer alır. Məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyətinin və bir sıra nazirliklərin dəstəyi ilə iri layihələrə ayrılan dövlət vəsaitləri məhz həmin iş adamına həvalə edilir. Görülən işlərlə bağlı dəqiq olan məlumat isə dövlət büdcəsindən ayrılan milyonların böyük faizinin mənimsənilməsidir.
Bəs kimdir hamının tanıdığı, dövlət vəsaitlərini saxta adlarla mənimsədiyi iddia edilən bu milyonçu iş adamı?
Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və əsas oyunçulardan biri sayılan “tender kralı” kimi tanınan iş adamı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Mirzəyevin müxtəlif sahələrdə dövlət satınalmalarını udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb. Bu şirkətlərin satınalmaları qazanması bir qayda olaraq qanun pozuntuları ilə müşahidə edilib. Buna baxmayaraq, Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda davam edir.
Şəbəkənin Quruluşu: “10 Manatlıq” Şirkətlər və İzlər
Bir qayda olaraq, dövlət satınalmalarında iştirak edib qalib gələn məhdud məsuliyyətli cəmiyyətlər (MMC-lər) heç kimin tanımadığı adamların adına rəsmiləşdirilir. Bəzən həmin şirkətlərin sahibləri belə, bəzən onların adlarına rəsmiləşdirilmiş bu fəaliyyətdən xəbərsiz olurlar. Diqqət çəkən odur ki, Ramazan Mirzəyevə məxsus olduğu iddia edilən onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir.
Maraqlıdır ki, illərdir dövlət qurumlarının keçirdiyi dövlət satınalmalarının əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat dəyərində satınalmaların qalibi olan bu şirkətlər haqqında araşdırmalar zamanı heç bir etibarlı məlumata rast gəlinmir. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində satınalma müsabiqələrinin qalibi olan bu şirkətlərin əlaqə vasitələri mövcud deyil, bu da onlarla əlaqəni mümkünsüz edir.
İş adamı böyük satınalmaları “VEST-LTD” QSC və “İnpeks.N.” MMC şirkətləri ilə qazansa da, digər kiçik satınalmalarda, əsasən, “10 manatlıq” MMC-lərini cəlb edir. Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə belə şirkətlərə sahib olması ilə bağlıdır.
Mənimsənilən Milyardlar və Himayədarlıq İddiaları
Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2024-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.
Sual yaranır – Ramazan Mirzəyevə niyə bu qədər şərait yaradılır və dövlət vəsaitlərini mənimsəyən bu şəxs barədə niyə tədbirlər görülmür? Məlumatlara görə, Ramazan Mirzəyev yuxarı dairələr tərəfindən himayə olunmaqla yanaşı, ona dövlət satınalmalarını qazandıran qurumlarla şərikli mənimsəmələrdə iştirak edir. Araşdırmalardan məlum olur ki, Ramazan Mirzəyevə məxsus şirkətlər son 10 il ərzində milyardlarla manat dəyərində vəsaiti satınalma müsabiqələri vasitəsilə əldə edib. Bu vəsaitlərin böyük hissəsinin isə iş adamı tərəfindən mənimsənildiyi iddia edilir. Qeyd edək ki, Ramazan Mirzəyev Neftçala, Masallı və digər rayonlarda böyük biznes şəbəkəsinə sahibdir.
Araşdırmalar Davam Edir
Ramazan Mirzəyevin digər qanunsuz əməlləri ilə bağlı araşdırmalarımız davam edir.
Yuxarıda qeyd olunan iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da, heç bir əlaqə məlumatı tapa bilmədik. İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.