Fermerə Torpaq Verilməsi Süni Şəkildə Əngəllənir: İcra Başçısına Müraciət və Şikayətlər
Qobustan rayonunun Təklə kənd sakini, fermer Əfqan Məhərrəmov ölkə rəhbərliyinə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Məktubda sahibkarlığın inkişafı istiqamətində atılan müsbət addımlara baxmayaraq, dövlət idarələrində süni maneələrin yaradıldığı qeyd olunur.
Əfqan Məhərrəmov nəsillikcə heyvandarlıq təsərrüfatı ilə məşğul olduğunu bildirir. Fermer adətən qışda cənub regionlarındakı qışlaq ərazilərindən, yayda isə şimal zonasındakı yaylaqlardan istifadə etməklə ailəsi ilə birlikdə dolanışığını təmin etdiyini vurğulayır. O, 2019-2024-cü illərdə 550 baş xırdabuynuzlu heyvanı ilə yaylaq otlaqlarda otardığını qeyd edib.
Abşeron Rayonunda Yaranmış Çıxılmaz Vəziyyət
Şikayət məktubunda deyilir ki, növbəti dəfə Abşeron rayonunun “Ramazan” qışlaq sahəsinə gətirdiyi heyvanları otarmaq istərkən Mürşüd adlı şəxsdən 400 hektar sahəni 4000 manat nağd pulla aldığını bildirib. Lakin sonradan bəlli olub ki, Mürşüd eyni ərazini başqa bir şəxsə də icarəyə verərək dələduzluq edib. Məlum olub ki, Mürşüd heç bir mal-qarası olmadan, 2022-ci ilə qədər icarə müqaviləsi əsasında istifadə etdiyi bu ərazini hazırda qanunsuz zəbt edərək real fermerlərə pul qarşılığında satır və əsassız varlanır. Bundan əlavə, Rasim adlı başqa bir şəxsin də 250 hektar ərazini Mürşüd kimi vasitəçilik yolu ilə istifadə etdiyi, lakin dövlət büdcəsinə heç bir ödəniş etmədiyi vurğulanır.
Yaranmış vəziyyətlə bağlı Əfqan Məhərrəmov Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək son üç ildə boş qalan “Ramazan” qış otlaq sahəsini yatağı üçün icarəyə götürmək istədiyini bildirib. Onun 15 fevral 2025-ci il tarixli ərizəsindən sonra Abşeron Rayon İcra Hakimiyyətindən müvafiq göstəriş verilib və fermerin balansındakı heyvanların sayına uyğun olaraq “Ramazan” qış otlaq sahəsindən 400 hektar torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilib. Bütün sənədlər hazırlanaraq mütəxəssis-mühəndis tərəfindən aprel ayında ərazidə GPS avadanlığı ilə ölçü işləri aparılıb. 13 may 2025-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi məktubu ilə yerquruluşu planının hazırlanması və təsdiq edilməsi üçün Dövlət Əmlak Xidmətinin 4 saylı Abşeron Rayon Reyestr Xidmətinə (Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsi) göndərilib.
Fuad İbrəhimovun Süni Maneələri İddiası
Lakin bir ay keçməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, rəhbəri Fuad İbrəhimovun imzası ilə, Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı 05 iyun 2025-ci il tarixli cavab məktubunda yerquruluşu planının hazırlanmasının mümkün olmadığını bildirib. Səbəb kimi, ayrılması nəzərdə tutulan torpaq sahəsinin JN-7983 və 3327 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən ərazilərlə üst-üstə düşməsi göstərilib.
Əfqan Məhərrəmov bu iddiaları əsassız hesab edir. O vurğulayır ki, Mürşüd adlı şəxsə həmin ərazi 2024-cü ilə qədər 15 illik icarəyə veriləndə qeyd olunan şəhadətnamələr ortalığa çıxmamışdı. Bundan əlavə, Abşeron İcra Hakimiyyətinin torpaq şöbəsinin mütəxəssisləri ilə birlikdə ərazidə GPS avadanlığı vasitəsilə ölçü aparılarkən heç bir pay torpağına və ya istifadə olunan digər torpaq sahəsinə rast gəlinməyib. Fermer iddia edir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin “torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin olması” iddiası yalnız rəhbərliyin “təxəyyülünün məhsuludur” və bunun arxasında maliyyə maraqları dayanır. O, məlumatlara əsasən, vaxtilə Qax rayon İcra başçısı olmuş M. Şəkiliyevin də yerli fermerlərə öz maddi maraqları çərçivəsində belə torpaq sahələrini verdiyini xatırladır.
Əfqan Məhərrəmov qeyd edir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov üç-dörd il əvvəl də qanunsuz əməlləri səbəbindən işdən azad edildiyi, lakin sonradan yenidən vəzifəsinə qaytarıldığı da qeyd edilir. Fermer Prezident İlham Əliyevdən, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdan, İqtisadiyyat naziri Mikayıl Cabbarovdan, DTX rəisi Əli Nağıyevdən və KOBİA sədri Orxan Məmmədovdan xahiş edir ki, Abşeron Rayon İcra Hakimiyyətində aidiyyəti məmurların “Ramazan” qış otlaq sahəsi üzrə icarə müqaviləsi bağlanması üçün yerquruluşu planının hazırlanmasına süni maneçilik törədən 4 saylı Abşeron Ərazi İdarəsi rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq orqanlara göstəriş verilsin.