“Allure” MMC-də Qanuni Təmsilçi Dəyişikliyi: Ləğvetmə Prosesində Müəmmalı Addım
Ləğv prosesində olan “Allure” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisində gözlənilməz bir dəyişiklik yaşanıb. Nizamnamə kapitalı cəmi 10 manat təşkil edən “Allure” MMC-nin əvvəlki qanuni təmsilçisi Bağırov Eşqi Cəfər oğlu olmuşdur. Son məlumata görə, bu vəzifə artıq “Mirzəyev və Partnyorları Vəkil Bürosu”nun təcrübəli vəkili İsmayılzadə Qulam Azər oğluna keçib. Şirkətin hüquqi ünvanı – Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, mənzil 102 – isə dəyişməz olaraq qalıb.
Eşqi Bağırov və Şirkətin Statusu Ətrafında Suallar
“Allure” MMC 2008-ci il iyulun 9-da rəsmi olaraq dövlət qeydiyyatına alınıb. Bu ilin fevral ayında şirkətin ləğv edilməsi ilə bağlı ictimaiyyətə məlumat verilmişdi. Lakin ləğv prosesi davam edərkən, “Allure” MMC-nin hüquqi təmsilçiliyinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdan Qulam İsmayılzadəyə transfer edilməsi ciddi suallar doğurur. Bu addım ləğvetmə mərhələsində olan bir cəmiyyətin mülkiyyət və idarəçilik məsələlərindəki şəffaflıq prinsipinə kölgə salır.
Vəkilin Kommersiya Sirri Cavabı
Yaranmış vəziyyətlə bağlı şirkətin yeni qanuni təmsilçisi Qulam İsmayılzadə ilə əlaqə saxlanılıb. Ona şirkətin nə üçün satıldığı və ya bu transferin hansı məqsədlərlə həyata keçirildiyi barədə ünvanlanan suala Qulam İsmayılzadə cavab verməkdən imtina edərək, bu məsələnin kommersiya sirri olduğunu bildirib: “Bu məsələ kommersiya sirridir. Bununla bağlı heç bir söz danışmaq istəmirəm.” Bu açıqlama, ləğv prosesindəki bir şirkətin təmsilçi dəyişikliyi ətrafında yaranan müəmmaları daha da dərinləşdirir.