Ermənistan rəsmilərinin məhkəməsi davam edir: Harutyunyan və Qukasyan dindirildi

Ermənistan rəsmilərinin məhkəməsi davam edir: Harutyunyan və Qukasyan dindirildi

Bakı Hərbi Məhkəməsində “işğalçı rejim”in keçmiş “rəhbərlərinin” cinayət işi davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ermənistan Respublikası vətəndaşları — Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayev (sədr), Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən iclasda təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiəçilərlə təmin olunub. Məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların vəkilləri, zərərçəkmişlərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Arayik Harutyunyanın ifadələri: “Qondarma qurum”da hərbi ədalət sistemi yox idi

İclasda əvvəlcə təqsirləndirilən şəxs Arayik Harutyunyan öz müdafiəçisi tərəfindən ünvanlanan sualları cavablandırıb. Arayik Harutyunyan bildirib ki, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə general-leytenant rütbəsini Ermənistan prezidenti Armen Sarkisyan verib. O, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur) belə bir qərar vermək səlahiyyətinin olmadığını vurğulayıb. Arayik Harutyunyan əlavə edib: “Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumda “hərbi polis”in, “hərbi prokurorluq”un və “hərbi məhkəmə”nin olmadığını da söyləyib. O deyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı.”

Vəkilinin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yaşayan erməniəsilli şəxslərin 44 günlük müharibədən sonra Azərbaycan Respublikasına inteqrasiyası ilə bağlı sualına cavab verən Arayik Harutyunyan, orada bəzi qrupların qisasa meyilli olduğunu deyib. O bildirib: “Elə qruplar var idi ki, onlar çox ekstremist idilər. Onlar haqq-hesab çəkməyə hazır idilər və belə hadisələr də baş verib. Elə adamlarımız olub ki, onlar çox konstruktiv idilər. Elə adamlar var idi ki, məni xəyanətdə, əməkdaşlıq etməkdə ittiham edirdilər. Amma elə bir əhali təbəqəsi də var idi ki, onlar başa düşürdülər ki, başqa alternativ yoxdur. Mənə etimad səviyyəsinin azalması nəticə etibarilə o həddə çatdı ki, mən “istefa” verdim”.

Arayik Harutyunyan vəkilin “İstefa”dan əvvəl sui-qəsd olubmu?” sualına “Sui-qəsd olmayıb, amma elə şeylər olub ki… Çəkilişə də düşüb, bu barədə demək istəmirəm, susmağa üstünlük verirəm” cavabını verib. Müdafiə tərəfinin digər vəkili Arayik Harutyunyandan qondarma rejimin “rəhbəri” kimi onun tabeliyində hərbi bölmə, manqa və s. olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs isə onun tabeliyində yalnız “polis” və “milli təhlükəsizlik xidməti”nin olduğunu söyləyib. Vəkilin “İstənilən hərbi birləşmə Ermənistan ordusunun tərkib hissəsi idi?” sualına isə “Bəli” cavabını verib.

Arkadi Qukasyanın ifadələri: “Base Metals” və məskunlaşma planları

Daha sonra təqsirləndirilən şəxs Arkadi Qukasyan tribunaya dəvət edilib. Ona Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayev suallar ünvanlayıb. Arkadi Qukasyan qondarma rejimin “rəhbəri” olduğu dövrlərdə orada kənd təsərrüfatı və sənaye sahəsində xırda şirkətlərin mövcud olduğunu bildirib, həmçinin nəhəng “Base Metals” şirkətinin fəaliyyəti barədə danışıb. O deyib: “Orada həmin kəşfiyyat işlərini aparan şirkət prioritet hüquq qazanırdı ki, həmin yataqları işləsin. Məsələ onda idi ki, geoloji kəşfiyyat işlərini yalnız “Base Metals” şirkəti aparırdı və bu səbəbdən o, həmin sahələri işlətmək üçün prioritet hüquq əldə etmişdi. O dövrdə həmin istiqamətdə işləmək istəyən başqa bir şirkət yox idi. Bu, yeganə şirkət idi”.

Arkadi Qukasyan “Base Metals” şirkətinin 2001-ci, yaxud 2002-ci ildən Ermənistanın işğalı altında olan Azərbaycanın suveren ərazilərində fəaliyyətə başladığını, 2012-ci ilədək Heyvalı yatağından mis çıxardığını söyləyib. Şirkətin yatağa qoyduğu sərmayələrin məbləği ilə bağlı isə bunları deyib: “Dəqiq deyə bilmərəm, amma burada on milyonlarla sərmayə yatırılırdı. Səhv etmirəmsə, orada 2 minə yaxın işçi çalışırdı. “Büdcədaxilolmaları” da kifayət qədər böyük bir rəqəmi əhatə edirdi. Şirkətin direktoru Artur Mkrtumyan, sahibi isə Valeriy Mejlumyan idi”. Arkadi Qukasyan əldə olunan misin Ermənistana aparıldığını da qeyd edib. Təqsirləndirilən şəxs 2012-ci ildə Heyvalı yatağında misin bitdiyini, lakin şirkətin bu və digər istiqamətlərdə fəaliyyətini davam etdirdiyini deyib.

Arkadi Qukasyan isveçrəəsilli erməni iş adamı Vartan Srmakeşin qondarma rejimin ərazisindəki fəaliyyəti barədə də danışıb. Bildirib ki, o, “Artsaxbank”ın və Ermənistandakı “Armswissbank”ın sahiblərindən idi. Xankəndidə təxminən 20-25 nəfərin çalışdığı müəssisənin rəhbəri olub. İş adamı Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində balıq təsərrüfatı da yaradıb. Təqsirləndirilən şəxs qondarma rejimin mobil operatoru – “Karabax Telekom”un fəaliyyətindən bəhs edərkən deyib ki, onun sahibi Livan ermənisi idi: “Onlar həmin vaxt Ermənistanda işləyirdilər, bizə də sərmayə yatırdılar”.

O, 2020-ci ildə Bako Sahakyanla birlikdə Arayik Harutyunyanla bunkerdə görüşdüyünü də söyləyib: “Arayik Harutyunyan dedi Ermənistanın rəhbərliyinə çatdırmalısınız və xahiş etməlisiniz ki, əlindən gələn hər şeyi etsin ki, bu müharibəni dayandırsın. Bu, təkcə Arayik Harutyunyanın xahişi deyildi, bir çox adamlar yaxınlaşıb bizdən xahiş edirdi”. Arkadi Qukasyan oktyabrın 18-20-də B.Sahakyanla birlikdə İrəvana gedərək baş nazir Nikol Paşinyanla görüşdüyünü, ona xahişi çatdırdıqlarını deyib: “Ondan xahiş etdik ki, əlindən gələni etsin ki, bu müharibəni dayandırsın”.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Arkadi Qukasyan qondarma rejimin “rəhbəri” qismində “Hayastan” ümumerməni fondunun Himayəçilər Şurasının üzvü olduğunu bildirib. Əlavə edib ki, fondun Himayəçilər Şurası arasında Ermənistan prezidenti, baş naziri, parlament sədri, maliyyə naziri, iki katolikos, tanınmış erməni diaspor təşkilatlarının rəhbərləri və s. şəxslər (ümumilikdə 30-40 nəfər) olub. Arkadi Qukasyan fondun Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində gördüyü işlərdən də danışıb. Bu sıraya Ermənistanla qondarma rejimi birləşdirən yolun çəkilməsi, məktəblərin tikilməsi və s. daxildir. Təqsirləndirilən şəxs fond üçün vəsaitlərin telemarafonlar vasitəsilə yığıldığını, özünün də telemarafonlarda iştirak etdiyini bildirib. O deyib ki, telemarafonlar ABŞ-da (Los-Ancelesdə), Fransada (Parisdə), Almaniyada, Avstriyada, İsveçrədə keçirilib: “İnsanlar telemarafonlar vasitəsilə ianələr edirdi, biri 5 dollar, o biri 10 min dollar, başqası 50 min dollar verirdi”.

Arkadi Qukasyan Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində 2001-ci ildə məskunlaşma ilə bağlı onillik strateji planın qəbul edildiyini təsdiqləyib. Lakin iddia edib ki, bu qərar qondarma rejimin ərazisindən gedənlərin geri qaytarılması məqsədilə qəbul olunub. Bununla yanaşı, etiraf edib ki, qondarma rejimin ərazisinə Ermənistandan daimi yaşamaq üçün gələnlər olub.

Arkadi Qukasyanın mənzilinə baxış zamanı aşkarlanmış erməni dilində olan sənəd – Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində məskunlaşma ilə bağlı xəritə məhkəmədə tədqiq edilib. Burada müxtəlif ərazilər və ailələrin, sakinlərin sayları göstərilib. Arkadi Qukasyan prokurorun suallarını cavablandırarkən belə bir sənədi xatırlamadığını deyib və əlavə edib: “Bu, mənim dövrümə aid sənəd deyil. Ola bilsin 2015-2016-cı illərə aid olan sənəddir”.

Qarabağ müharibəsi cinayətləri və ittihamlar

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq humanitar hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Xəbər Xətti

6 Şərh

  1. Afaq Vəliyeva says:

    Bu məhkəmə prosesi illərdir çəkdiyimiz əziyyətlərin, itkilərin əvəzini çıxmaq üçün bir şansdır. Harutyunyan və Qukasyan kimi cinayətkarların dindirilməsi, onların əməllərinin ifşa olunması Azərbaycan xalqı üçün çox vacibdir. Onlar törətdikləri vəhşiliklərin, günahsız insanların qanını tökmələrinin əvəzini mütləq ödəməlidirlər. Bu məhkəmə, həm də gələcəkdə belə cinayətlərə cəhd edənlərə bir dərs olmalıdır. Ədalət mütləq bərpa olunmalıdır!

    1. Eldar Mikayılov says:

      Məhkəmə prosesinin ədalətli keçməsi və bütün tərəflərin hüquqlarının qorunması çox önəmlidir. Bu prosesin şəffaf və qərəzsiz aparılması, həm də beynəlxalq hüquq normalarına uyğun olması gələcəkdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına töhfə verə bilər. Ədalətli qərar, həm də cəmiyyətimizdə hüququn aliliyinə inamı gücləndirəcəkdir.

  2. Rəşad Quliyev says:

    Bu məhkəmə prosesi, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi və dövlətimizin gücü sayəsində mümkün oldu. Bu gün biz, Ermənistanın törətdiyi vəhşiliklərin cavabını tələb edirik. Ədalət mütləq bərpa olunmalıdır!

    1. Gülzar Ələkbərova says:

      Bu məhkəmə prosesi, Azərbaycanın ədalət axtarışında mühüm bir addımdır. Lakin, ədalət yalnız məhkəmə zallarında deyil, həm də qəlblərdə bərqərar olmalıdır. Unutmamalıyıq ki, bu proses, gələcək nəsillər üçün bir dərsdir – müharibənin acı nəticələri və sülhün dəyəri haqqında. Bu məhkəmə, həm də bölgədə davamlı sülhün təmin olunmasına töhfə verməlidir.

  3. Solmaz Quliyeva says:

    Bu məhkəmə prosesi, illərdir xalqımıza divan tutan, torpaqlarımızı işğal altında saxlayan cinayətkarların layiqli cəzasını alması üçün bir ümiddir. Harutyunyan və Qukasyan kimi qaniçənlərin dindirilməsi, onların əməllərinin ifşa olunması və bütün dünyaya göstərilməsi çox vacibdir. Onların “qondarma qurum” yaratmaq cəhdləri, törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq. Əminəm ki, Azərbaycan məhkəməsi bu cinayətkarlara ən sərt cəzanı verəcək və ədalət zəfər çalacaq!

    1. Əfsun Nəbiyeva says:

      Məhkəmə prosesinin ədalətli keçməsi və hər iki tərəfin arqumentlərinin diqqətlə dinlənilməsi çox önəmlidir. Bu, yalnız qurbanların xatirəsinə hörmət deyil, həm də gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün bir nümunədir. Ədalətli qərar, cəmiyyətdə əmin-amanlığın və barışığın bərqərar olmasına xidmət edəcək.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.