Elmir Ramazanov Sahibkarlara Basqı Tətbiq Etməkdə İttiham Olunur
Redaksiyamıza müraciət edən sahibkar Ramil Aslanov bildirib ki, Elmir Ramazanov ona yaxın sahibkarlara imtiyazlar tanımaqla digər iş adamlarını təzyiq altında saxlamağa çalışır. Aslanovun sözlərinə görə, ölkə rəhbərliyinin sahibkarların incidilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görüləcəyi barədə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Elmir Ramazanov çirkin niyyətini davam etdirir. Onun qanunsuz əməlləri Bakı Baş Gömrük İdarəsini qanunların işləmədiyi bir mərkəzə çevirib.
Gömrükdə Şəxsi Maraqların Qanundan Üstünlüyü
İddialara görə, Elmir Ramazanov gömrük rüsumlarının hesablanması və təyinatların verilməsi əvəzinə, sahibkarlara nə qədər ziyan vura biləcəyinin hesabını aparır və şəxsi maraqlarını qanunlardan üstün tutur. Sahibkar Ramil Aslanov bu iddiaları maddi sübutlarla, sənədlərlə təsdiqlədiyini bildirib. Məsələn, ona şənbə günü, iş bitdikdən sonra bildiriş verilib. Halbuki Gömrük Qanunlarında 5 iş günü müddəti göstərilsə də, Elmir Ramazanov prinsipal münasibət bəslədiyi sahibkara qarşı bütün qanunsuz üsulları tətbiq edir. Ramil Aslanov həmçinin vurğulayıb ki, Elmir Ramazanov ona İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin adından təzyiq edir. Gömrük haqqında qanunun 7.4-cü maddəsində malların dəyərləndirilməsinin ən sadə və ədalətli prinsiplə təqdim edilməsi göstərilsə də, Elmir Ramazanovun niyyəti tamamilə fərqlidir.
Dövlət Gömrük Komitəsi və İqtisadiyyata Vurulan Zərbələr
Elmir Ramazanovun kimə və hara tabe olduğunu unutsada, Dövlət Gömrük Komitəsi (DGK) ona bu faktı xatırlatmağı zəruri edir. Sahibkarın incidilməsi, onun müflis olmasına yönələn addımlar ölkə iqtisadiyyatına vurulan ciddi zərbələrdəndir. Prezidentin çıxışları ilə təsdiqini tapan dövlətin sahibkarlara dəstəyi bir Elmir Ramazanovun hərəkətlərinə qurban verilə bilməz. Monopolist şəbəkəyə rəhbərlik edən və İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyevin adını özünə qalxan olaraq istifadə edən Elmir Ramazanovun artıq həddini aşdığı müşahidə olunur. Bakı Baş Gömrük İdarəsinin aylardır süni qiymət artımına israrlı olması, ölkə rəhbərinin apardığı iqtisadi siyasətə kölgə salmaq məqsədi güdür?
Depozit Hesabları və Qanunsuz Əmrlər
İş proseslərinin nəticələri göstərir ki, Elmir Ramazanov sahibkarın düşdüyü vəziyyətdən çıxmasına deyil, daha da dərinə batmasına şərait yaradır və iş adamının hesabında olan pulları ödəniş olaraq qəbul edir. Lakin Ramil Aslanov sonuncu məktublarında pulunun geri qaytarılmasını tələb etsə də, sahibkarın depozit hesabına geri qaytarılmayıb. Bu qanunsuzluğun əsası isə sahibkarın haqlı tələbinin Elmir Ramazanov tərəfindən icra edilməməsidir. Bakı Baş Gömrük İdarəsi malların buraxıldığını göstərərək yuxarı orqanlara yanlış məlumatlar ötürür və sahibkarı haqsız çıxarmağa çalışır. Hazırda bir neçə malın ödənişini etmiş Ramil Aslanov günlərdir Elmir Ramazanovun şəxsi prinsiplərinin qurbanına çevrilir. Məhz bu prinsiplər əsasında gömrük əməkdaşları qanunsuz əməlləri icra etməkdən çəkinmirlər. Elmir Ramazanov monopoliyasına boyun əyməyən sahibkarın iflasına səbəb olacaq hər bir addımı məqbul sayır?
Ölkə İqtisadiyyatına Zərər Vurmaq Cəhdləri
Sahibkar bildirir ki, DGK rəhbər şəxslərinin sahibkarı narazı salmamaq barədə Elmir Ramazanova verdiyi göstərişlər, sanki, Gömrük Komitəsinin inzibati binasında qalıb. Ramil Aslanov Elmir Ramazanova Şahin Bağırovun tövsiyələrini xatırlatdıqda aldığı cavab şok edici olub: “Mən Şahin Bağırovu tanımıram və yeganə əmr aldığım adam isə Elnur Əliyevdir”. Bu haldan təsirlənən sahibkar təəssüflə bildirib ki, Elmir Ramazanovun sahibkarın müflis edilməsində maraqlı tərəf olduğu görünür. Depozitə qoyduğu pulları silsə də, gətirilən mallarını götürə bilmir. Malların verilməməsi səbəbilə silinən vəsaitlərin hesabına qaytarılması tələbinə də məhəl qoyulmur. Ölkədə işsizliyin sayının artmasına yönələn addımlar cəmiyyət tərəfindən qəbul edilmir. Aqil İbadov adlı gömrük əməkdaşının Qazinin sənədlərini qəbul etməməsi ilə ölkənin rəhbər şəxslərinin tövsiyələrinə də məhəl qoymadıqları açıq bəyan edilir. Elmir Ramazanovun qurduğu daxili imperiyası tək sahibkarlara deyil, Azərbaycanın daxili bazarında yüksək qiymət artımlarına xidmət edir. Beləliklə, ölkədə ümumi narazılığın və qiymətlərin süni artımının Elmir Ramazanovun qəbul edilməz qərarları ucbatından formalaşdığı iddia edilir. Broker siyasətini yenidən qurmaq istiqamətində sürətlə addımlar atan Elmir Ramazanovun 000karqo xidmətlərinin bir əldə cəmləşdirilməsi barədə qeyri-rəsmi məclislərdə danışdığı da bildirilir. Bu isə Prezidentin iradəsinə qarşı atılan addım olaraq qiymətləndirilir. Qısa müddət əvvəl məhz Prezident İlham Əliyevin göstərişi ilə Gömrük sistemində yaradılan qanunsuz broker şəbəkəsi hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək ləğv edilmişdi.
Dərc edilən ittihamlara qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.