Dövlət Satınalmalarında Şübhəli Tendensiya: Milyonların Sirri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi tərəfindən 25 aprel 2025-ci il tarixində elan edilmiş açıq tender sorğusunda yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ELEMENT YT Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib. Şirkətlə 10.165.227,01 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Gözləmə müddəti 24 iyun 2025-ci ildə başlayıb, 2 iyul 2025-ci il tarixində başa çatacaq.
Qeyd etmək lazımdır ki, son illərdə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin keçirdiyi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması satınalmalarını yalnız ELEMENT YT QSC udur. Tərəflər arasında indiyədək beş iri satınalma müqaviləsi imzalanıb: 11 noyabr 2020-ci il tarixində 12.399.775,71 manat; 21 sentyabr 2021-ci il tarixində 13.099.713,9 manat; 7 oktyabr 2022-ci il tarixində 15.144.749,4 manat; 20 noyabr 2023-cü il tarixində 14.461.575,32 manat; 11 dekabr 2024-cü il tarixində 10.621.760,17 manat. Bundan əlavə, Elm və Təhsil Nazirliyi 3 sentyabr 2024-cü ildə inzibati binada mövcud yanğınsöndürən balonların təkrar doldurulması xidmətləri üçün də ELEMENT YT QSC ilə 1.420,72 manatlıq müqavilə bağlayıb.
“ELEMENT YT” QSC-nin Fəaliyyətinə dair Qaranlıq Məqamlar
Bəs idarə bu qədər vəsaiti nə kimi yanğın mühafizə sistemlərinin alınmasına və quraşdırılmasına ayırır? İdarənin 2024-cü ilin dekabrında bağladığı müqavilənin şərtlər toplusuna əsasən, 2.000 ədəd 1x16A avtomat, 1.330 ədəd 1x20A avtomat, 415 ədəd 3x50A avtomat, 5.330 ədəd iki yerli elektrik yuvası, 12.000 ədəd Led panel (30×30), 1.500 ədəd mövcud yanğın təhlükəsizlik sistemlərinin servisi, 2.335 ədəd Alüminium 4×16 SİP kabel, 3.000 metr mis 1×16 kabel, 22.500 ədəd yanğın tüstü detektorunun quraşdırılması, 308 ədəd gərginlik tənzimləyicisi, 252 ədəd akumulyatorun (12V-5A) quraşdırılması, 12.000 ədəd quru kimyəvi toz tərkibli yanğınsöndürmə balonlarının yenidən doldurulması və bu kimi 90 adda müxtəlif avadanlıqların alınaraq quraşdırılması nəzərdə tutulub. Lakin bu işlərin harada icra edildiyi məlum deyil.
ELEMENT YT QSC (VÖEN: 2005410371) Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən, 16 yanvar 2019-cu il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizanamə kapitalı 2010.00 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev.15 ünvanında yerləşir. Qanuni təmsilçisi kimi Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərə görə, şirkət əvvəlcə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçib və 25 yanvar 2022-ci ildə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. İlk təsisçisi və qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub, daha sonra Abbasov Elçin Təmraz oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Qəribədir ki, milyonlarla manat dövlət sifarişi alan ELEMENT YT QSC-nin heç bir sosial şəbəkə hesabı, nə də rəsmi internet portalı yoxdur.
Maliyyə Hesabatlarının Gizlədilməsi və Şəffaflıq Problemi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq edən qərarı var. Həmin qərarın 5.1.1-ci bəndində göstərilir ki, dövlət zəmanəti ilə kredit alan, dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, habelə büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan dövlət satınalmalarında iştirak edən kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Lakin internet axtarış sistemləri vasitəsilə apardığımız araşdırmada ELEMENT YT QSC-nin illik maliyyə hesabatları barədə çox az məlumat əldə edə bildik.
Elektron mediada yer alan məlumata görə, şirkət 2022-ci ili 1 milyon 796 min manat xalis mənfəətlə başa vurub. Lakin ELEMENT YT QSC həm 2021-ci il, həm də 2023-2024-cü illər üzrə maliyyə göstəricilərini açıqlamayıb ki, bu da Nazirlər Kabinetinin müvafiq Qərarının kobud şəkildə pozulması deməkdir. Satınalmalar portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi, şirkət son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi ilə ümumi dəyəri 65.727.572 manat olan 5 satınalma müqaviləsi bağlayıb. Müqavilə bağlamaq istədiyi son tender də əlavə olunduğunda, bu rəqəm son 5 ildə 75.892.799 manat dövlət vəsaitinə bərabər olur.
Milyonların Təyinatı: Yanğın Təhlükəsizliyi Yoxsa Başqa Məqsədlər?
Tikinti norma və qaydalarına əsasən, təhsil müəssisələri yanğın xəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, qəza işıqlandırma sistemləri, eləcə də digər yanğın avtomatika qurğuları ilə təchiz olunmalıdır. Həmçinin, təhsil müəssisəsinin rəhbərliyi yanğın su hovuzlarına, çənlərə, su kəməri şəbəkəsinə və hidrantlara mütəmadi texniki müşahidə aparmalı, su mənbələrinin daim yararlı vəziyyətini təmin etməli, daxili yanğına qarşı su kranlarını şlanq və lülələrlə təchiz etməlidir. Yanğın su hovuzlarında və çənlərində hesablanmış miqdarda suyun olmasına daimi nəzarət vacibdir.
Şübhəsiz ki, təhsil müəssisələrində yanğına qarşı önləyici tədbirlərin görülməsinin əleyhinə deyilik. Lakin hesab edirik ki, bu məqsəd adı altında dövlətin milyonlarla manat vəsaitinin təyinatı bəlli olmayan yerlərə xərclənməsinə ciddi nəzarət olunmalıdır. Təəssüf ki, bölgələrdə, rayon və kəndlərdə məktəblərin yanğından mühafizəsinə vəsaitlər ayrılsa da, bunlara hər məktəbdə əməl olunmur. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi ilə ELEMENT YT QSC arasında son dörd il ərzində bağlanan müqavilələrin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılmasından daha çox başqa məqsədlərə xidmət etdiyi də buradan açıq-aşkar görünür.
İdarə Rəisi Valeh Mirzəliyevin Rolu
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzəliyevdir. O, 2022-ci ilin mart ayından bu vəzifəyə təyin olunub. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə, Valeh Mirzəliyev nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.