Əliyev və Ərdoğan Xankəndidə görüşüb

Əliyev və Ərdoğan Xankəndidə görüşüb

Xankəndidə tarixi görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndi şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Görüş zamanı Türkiyə Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək diplomatik səviyyədə keçirildiyini qeyd edib. Dövlət başçımız Zirvə görüşündə iştiraka görə türk həmkarına minnətdarlığını bildirib.

Qardaşlıq və strateji müttəfiqlik

Danışıqlar zamanı iki ölkə arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyə Prezidenti bir daha qeyd edib ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə Azərbaycanın yanında olub və bundan sonra da belə davam edəcək. Dövlətimizin başçısı bu dəstəyə görə təşəkkürünü ifadə edərək, öz növbəsində Azərbaycanın da həm sevincli, həm də kədərli günlərdə hər zaman qardaş Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.

Gələcək əməkdaşlıq perspektivləri

Azərbaycan və Türkiyə Prezidentləri, həmçinin, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər Xətti