Buça, 1 iyul.
Ukraynanın Buça rayonunda insanlığa və bəşəriyyətə qarşı törədilən cinayətlərdən üç il ötür. Rusiya ordusunun mülki insanlara qarşı həyata keçirdiyi qətliamın acı nəticələri hələ də xalqın qəlbində dərin izlər buraxıb. Jurnalistlər Buça rayonunun eyniadlı şəhərinə və İrpenə gedərək törədilmiş cinayətə dair yeni faktları araşdırıb, hadisə şahidləri ilə danışıblar.
Buçada törədilən cinayətlər: Kütləvi məzarlıq və şahid ifadələri
Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk günlərində Buça şəhərində mülki insanlar amansızcasına kütləvi şəkildə qətlə yetirilib. Şəhər kilsəsinin ərazisində ilk kütləvi insan məzarlığı yaradılıb. Burada 120-dən çox şəhid, o cümlədən 30-dan çox qadın və onlarla uşaq dəfn olunub. Ümumilikdə, Buça şəhərində 400-dən artıq mülki şəxs işğalçı ordu tərəfindən vəhşicəsinə öldürülüb. Rayon ərazisində isə bu rəqəm daha dəhşətlidir: Son statistik məlumatlara görə, burada 1000-dən artıq yerli sakin Rusiya ordusu tərəfindən qətlə yetirilib.
Buça qırğınları dünya ölkələri tərəfindən vəhşiliyin əsas simvolu olaraq qalır. 2022-ci ilin martında şəhərin işğalına dair dəhşətli görüntülər və şahidlərin ifadələri Ukraynaya qarşı təcavüzkar müharibənin tam qəddarlığını nümayiş etdirir.
Hadisələrin şahidi Valentina Lyubçenko qeyd edib: “Səhər saat 6 idi, yatırdım, bir də eşitdim ki, pəncərəmiz döyüldü, qonşular qışqırdılar ki, müharibə başladı. Sonradan Rusiya ordusunun əsgərlərini gördük. Əsas yola çıxdıq, mülki insanların qətlə yetirildiyini gördük. Bəziləri canlarını qurtarmaq üçün Kiyevə doğru qaçırdılar. Dəhşətli mənzərə idi. Qaçanlar arasında uşaqlar da var idi. Kilsənin yanından tanklar keçirdi, qarşılarına çıxan mülki şəxsləri güllələyirdilər.”
İrpen qətliamı: Avtomobil qəbiristanlığı və didərgin düşənlər
Buça şəhərindən sonra eyniadlı rayonun İrpen şəhərində də insanlığa qarşı qətliam törədilib. İrpendə hazırda “avtomobil qəbiristanlığı” mövcuddur. Buradakı nəqliyyat vasitələri yol qəzaları zamanı yararsız hala düşən avtomobillər deyil. Bunlar Rusiya ordusunun İrpendə qətlə yetirdiyi günahsız insanlara məxsusdur. Bu avtomobillər arasında bir dənə də olsun, hərbi maşın yoxdur. Hamısı İrpen sakinlərinin şəxsi avtomobilləridir. Qeyd edək ki, işğalçı ordunun İrpendə həyata keçirdiyi vəhşiliklər nəticəsində 50-dən çox mülki şəxs həlak olub, 200-dən çox insan xəsarət alıb.
İrpendə evlərindən didərgin düşən, əzizlərini itirən çox sayda insan var. Onlar vaqonlarda sığınmaq məcburiyyətində qalıblar.
İrpendə məskunlaşan Yevgeniya Qapçenko bunları deyib: “Mən Donetsk vilayətinin Pokrovsk şəhərindənəm. Əslən rusiyalıyam. İndi isə onların etdiklərinə baxıb şokdayam, nə etdiklərini və niyə etdiklərini anlamıram. Onların sərvəti, torpaqları var, öz həyatlarını istədikləri kimi qurublar. İndi Ukrayna sizin nəyinizə lazımdır? Ukrayna NATO-ya, Amerikaya doğru gedir. Bunun Rusiyaya heç bir aidiyyatı olmamalıdır. Ukraynanın öz, onların isə öz həyatı var. Gedin öz həyatınızla məşğul olun. Bizim uşaqlarımızı, nəvələrimizi, ərlərimizi öldürməyin. Zəngin dövlət Ukraynanın torpaqlarına girəndə şoka düşdüm, inanmaq istəmirdim.”
Təəssüf ki, Rusiya ordusu Buçada başlayan insanlığa qarşı cinayətləri Ukraynanın bir çox şəhər və kəndlərində də həyata keçirib. Bu vəhşiliklər bu gün də davam etməkdədir.