Pekində Azərbaycan nümayəndə heyəti Sinxua agentliyində
Pekin, 25 iyun. Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində iyunun 25-də Sinxua xəbər agentliyində görüşlər keçirib.
Strateji tərəfdaşlıq əlaqələrinin güclənməsi
Sinxua agentliyinin rəhbərliyi ilə keçirilən görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov əlaqələrin yeni mərhələyə yüksəldiyini vurğulayıb. O, cari ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat və digər sənədlərin iki ölkə arasında mövcud münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını bildirib.
Media sahəsində əməkdaşlığın inkişaf perspektivləri
Sinxua agentliyinin prezidenti Fu Hua qurumun beynəlxalq informasiya əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu ifadə edib. O, Azərbaycanla media sahəsində əməkdaşlığın inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Fu Hua, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-Çin münasibətlərinin zamanın sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırıb. O, son illərdə iki qurum arasında, xüsusilə də AZƏRTAC-la uğurlu əməkdaşlığı, media layihələrinə qarşılıqlı dəstəyi və mütəmadi xəbər mübadiləsini xüsusi qeyd edib.
AZƏRTAC-ın əməkdaşlığa verdiyi önəm
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev agentliyin Sinxua ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, xəbər və peşəkar təcrübə mübadiləsinin, birgə layihələrdə iştirakın, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstəyin media qurumları arasında sıx əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. İdarə Heyətinin sədri media sahəsində tərəfdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edərək, bu işbirliyinin daha da dərinləşməsi üçün qarşılıqlı səfərlərin və birgə tədbirlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb və əlaqələrin genişləndirilməsi üçün gələcək addımlar müzakirə edilib.