Məhkəmə Prosesi Davam Edir: Ermənistan Vətəndaşları Ağır Cinayətlərdə İttiham Olunur
Bakıda, iyulun 7-də Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də digər müharibə cinayətləri ilə bağlı cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib. Bu cinayətlər arasında təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və qaydalarının pozulması, terrorçuluq, terrorun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması kimi hallar yer alır. Təqsirləndirilən şəxslər arasında Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri var.
Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanov və Anar Rzayevdən ibarət heyət tərəfindən keçirilən iclasda (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxslərin hər biri öz bildiyi dildə tərcüməçi və müdafiəçi ilə təmin edilib. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, eləcə də dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Zərərçəkmişlərin Ağrılı İfadələri
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, prokurorları, tərcüməçiləri təqdim edərək onların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib. Məhkəmədə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdə əsir və girov götürülmüş, əmlakını itirmiş və digər zərərlər görmüş şəxslər ifadə veriblər.
Zərərçəkmiş Güloğlan Əmirxanov Xocavənd rayonunun Qaradağlı kəndində doğulduğunu və 1992-ci il fevralın 17-də kənd işğal olunarkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Ağkəndə aparıldığını bildirib. O, 65 gün girovluqda işgəncələrə məruz qaldığını, döyüldüyünü, dişlərinin çəkildiyini, üzərinə it buraxıldığını qeyd edib. G.Əmirxanov aprelin 21-də azad edildiyini, daha sonra anasının və digər qohumlarının da girov götürüldüyünü öyrəndiyini deyib. O, Qaradağlı sakinlərinin “Bəylik bağı” adlanan yerdə kütləvi şəkildə qətlə yetirildiyini xatırlayaraq, girov olduğu zaman həmin əraziyə aparıldığını və orada kütləvi basdırılmış meyitləri çıxarmağın tələb olunduğunu vurğulayıb. Lakin meyitlər çox dərində olduğundan bunu edə bilməyib. Zərərçəkmiş əlavə edib ki, bir qədər aralıda ermənilər tərəfindən qətlə yetirilmiş üç azərbaycanlının meyitini qazaraq çıxarıb.
Elşən Şirinov da 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin digər sakinləri kimi girov götürüldüyünü ifadə edib. O, girov götürülənlərin, o cümlədən anasının “KamAZ”la Xankəndi istiqamətinə aparıldığını söyləyib. E.Şirinov kənddən çıxarkən iki kənd sakininin maşından düşürülərək qətlə yetirildiyini, “Bəylik bağı” ərazisində isə 20-dən çox azərbaycanlının güllələnərək öldürüldüyünü bildirib. Xankəndi həbsxanasında gündə 12 nəfərə bir çörək verildiyini və hər gün işgəncələrə məruz qaldıqlarını deyən Şirinov dizində və bədənində işgəncə izlərinin hələ də qaldığını vurğulayıb.
Əli İsmayılov əslən Qərbi Azərbaycandan olduğunu, 1988-ci ildə Ermənistanın təcavüzü nəticəsində yurdundan didərgin düşərək əvvəlcə Şuşada, sonra isə ailəsi ilə Xocalıda məskunlaşdığını ifadə edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı qardaşı Nadir İsmayılov və bacısı Nərgiz İsmayılovanın həlak olduğunu deyib. Həlak olanların Ağdamda Uzundərə qəbiristanlığında dəfn edildiyini, lakin sonradan həmin ərazinin də işğal olunduğunu və qəbirlərin üzərindən yol çəkildiyini bildirib.
Elxan Cabbarov 1992-ci ilin yanvarında ailəlikcə Xocalıdan Ağdamın Ergi qəsəbəsinə köçdüklərini, lakin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin tanklarla Xocalıya hücum etdiyini öyrəndiklərini söyləyib. O, hücum edənlərin dinc əhalini, o cümlədən uşaqları, qadınları, qocaları qətlə yetirdiyini və şəhəri yandırdığını vurğulayıb. Bu zaman əmisi qızı Raya Orucovanın, onun azyaşlı qızı Xəyalə Orucovanın və əri Telman Orucovun ermənilər tərəfindən qətlə yetirildiyini qeyd edib.
Kamil Bayramov atasının, Cəllad Bayramovun və bir neçə azərbaycanlının 1991-ci il martın 11-də yaşadığı Kosalar kəndinə ərzaq gətirərkən Ağdam-Əsgəran yolunda erməni təcavüzkarları tərəfindən avtobusda öldürüldüyünü ifadə edib. O, bu hadisə nəticəsində dörd uşağın atasız qaldığını deyib. K.Bayramov həmçinin 1992-ci il fevralın 26-na keçən gecə Kosalı kəndindən Xocalı şəhərinin yandırıldığını gördüyünü və kəndləri mühasirəyə alındığından 1992-ci il mayın 7-də evlərini tərk etmək məcburiyyətində qaldıqlarını bildirib.
Ramiz Qəhrəmanov ifadəsində 1991-ci il dekabrın 15-də ermənilərin Xankəndidə yerləşən 366-cı motoatıcı alayın texnikası ilə kəndə hücum etdiyini və 2 nəfərin öldürüldüyünü qeyd edib. Bu hücum nəticəsində 120 ailədən ibarət 591 nəfər sakin məcburi köçkün düşüb, Cəmilli kəndindən ümumilikdə 13 nəfər həlak olub. Həlak olanlar arasında 6 yaşlı Abdullayeva Maya Sərhat qızının da olduğunu vurğulayıb.
Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlərin olduğunu və Robert Köçəryanın bu proseslərdə fəal rol oynadığını bildirib. O, 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları açıq şəkildə qovmağa başladığını, həmin ilin sentyabrında Xankəndidə yaşayan azərbaycanlıların fərdi evlərinin yandırıldığını deyib. D.Haqverdiyev qeyd edib ki, həmin vaxt Xankəndinin mərkəzi meydanında keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edərək bir neçə evi yandırıblar. 1991-ci ildən başlayaraq 366-cı motoatıcı alayda xidmət edən ermənilərin iştirakı ilə qəsəbə atəşə tutulub, dekabrın 28-də isə Kərkicahan işğal olunub və bütün azərbaycanlı evləri yandırılıb. Zərərçəkmiş “İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir” deyə əlavə edib. O, əhəmiyyətli dərəcədə əhalinin meşə yolu ilə Şuşaya qaçdığını, işğala qədər Kərkicahanda 1796 nəfər əhalinin yaşadığını və 350 fərdi yaşayış evinin olduğunu bildirib.
Siracəddin Mərdəliyev 1992-ci ildə Xocalıya hücumlarla əlaqədar anasının onları Ağdama apardığını, lakin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı valideynlərinin digər sakinlərlə birlikdə girov götürüldüyünü ifadə edib.
Şükür Şükürov 1993-cü il avqustun 17-də Cəbrayıl rayonunun Süleymanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş yeznəsi Müzəffər Rüstəmovun meyitini gətirmək istəyərkən girov götürüldüyünü bildirib. O, 23 ay 8 gün girovluqda qalıb, Hadrutda, Xankəndidə və Şuşada həbsxanada saxlanılıb. Girovluqda müxtəlif işgəncələrə məruz qaldığını, döyüldüyünü, almacıq sümüyü, çənəsi və burnunun sındığını deyib. Azərbaycana təhvil verilərkən ağır vəziyyətdə olduğunu vurğulayan Ş.Şükürov ona işgəncə verən erməni hərbçilərdən bəzilərinin – Mixail Balasanyan və Elmira Aqayanın adlarını çəkib.
İman Quliyev 1989-cu il dekabrın 1-də həmkəndliləri ilə yük maşınında ot yığmaqdan qayıdarkən ermənilər tərəfindən döyülərək zorla Qafan rayonuna aparıldıqlarını bildirib. O, Ermənistanda saxlanıldıqları müddətdə döyüldüklərini, işgəncəyə məruz qaldıqlarını və pullarının əllərindən alındığını ifadə edib.
Əbülfət Qasımov 1994-cü il yanvarın 12-də Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kəndi istiqamətində Ermənistanın təcavüzünə qarşı döyüşərkən yaralanıb və əsir götürülüb. O, Xankəndi şəhərindəki istintaq təcridxanasının işçilərindən Artur, Armen Samo, Maksim, Mişa və adlarını xatırlamadığı digər ermənilərin azərbaycanlı əsir və girovlara rezin dəyənəklərlə, yumruq-təpiklə, armaturla və digər küt əşyalarla işgəncə verdiyini bildirib. O, Xəlil Hacıyevlə birlikdə ermənilərə məxsus avtomobillə əsirlikdən qaçaraq Ağdam rayonunun Qərvənd kəndi ərazisinə gəlib.
Həbib Kazımov 1992-ci ildə hərbi xidmətdə olarkən Qubadlı rayonu ərazisindəki döyüş mövqelərinə yollandığını, 1993-cü il sentyabrın 3-də Əliquluuşağı kəndində gedən döyüşlərdə yaralanaraq Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü ifadə edib. O, əsirlikdə Xocavənddə, Şuşa həbsxanasında və Xankəndidə saxlanılıb. H.Kazımov əsirlikdə daim döyüldüyünü və işgəncələrə məruz qaldığını vurğulayıb. 1995-ci ilin mart ayının ortalarında həmin həbsxanada ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü üçün Xankəndi şəhər uşaq xəstəxanasına aparılıb və 1995-ci il mayın 8-dək orada saxlanılıb. O, Şuşa həbsxanasında Qor, Vrej, Artur, Lyoşa, Lyoxa, Roba, Vanya, Kamo, Samvel və Mişa adlı ermənilərin ona qarşı zorakılıq etdiyini deyib. “Sumqayıtdan olduğumu bildiklərinə görə daha çox döyürdülər. Deyirdilər türkdür, döyün”, – deyə o əlavə edib.
Bayram Rüstəmov 1993-cü il avqustun 30-da Qubadlı rayonundakı Qarağac kəndində həmkəndlisi Əliyev Mehman Vəliş oğlu ilə birlikdə girov götürüldüyünü ifadə edib. Onlar Cəbrayıl rayonunun “Gəyən” düzü adlanan yerə, oradan isə Xankəndi şəhərindəki keçmiş 366-cı motoatıcı alayın həyətindəki zirzəmiyə aparılıb. Burada ermənilər onlara hər gün işgəncə verib, armatur, rezin dəyənək, yumruq-təpiklə döyərək işlədiblər və ac saxlayıblar. Təxminən 1 il 5 ay orada saxlanıldıqdan sonra Şuşa həbsxanasına, 6 ay sonra isə işlətmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıblar. 1995-ci ilin oktyabrında Qədir və Vüqar adlı əsirlərlə birlikdə Ağbulaq kəndi yaxınlığındakı meşədən 10-12 gün yol gedərək Ağdamın Əfətli kəndinə çatıb və girovluqdan azad olublar.
Cavidan Qasımov 2021-ci il yanvarın 29-da axşam saatlarında Ermənistan sərhədində, Laçın rayonu ərazisindəki postdan əsgər yoldaşı Aydın Gülmalıyevlə birlikdə silahsız çıxarkən dumanlı havada yolu azdıqlarını və Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüklərini bildirib. Səhəri gün Yerevan şəhərinə aparılaraq ayrı-ayrı otaqlarda saxlanılıb, təhqir edilib və bədənlərinə zərbələr vurulub. Yanvarın 31-də Şuşa şəhərində Azərbaycan tərəfinə təhvil veriliblər.
Əlizamin Qaraşov 1993-cü il sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin yaşadığı Həmzəli kəndinə soxulduğunu, ailə üzvlərinin kəndi əvvəlcədən tərk etdiyi üçün kənddə tək qaldığını və girov götürüldüyünü ifadə edib. Girov götürülərkən 13 yaşı olduğunu, əvvəlcə Xocavəndə, sonra Xankəndiyə aparıldığını bildirib. Xankəndidə ona və digər azərbaycanlı girovlara qarşı işgəncələr verilib, müxtəlif işlərə cəlb olunub. Xankəndidə erməni nəzarətçisinin onu o qədər döydüyünü ki, nəticədə sol qabırğa sümüyünün sındığını, başına açarla zərbələr nəticəsində baş nahiyəsinin deşildiyini deyib. O, 1994-cü il oktyabrın 6-da girovluqdan azad edilib.
Hüsniyyə İbrahimova 1990-cı il martın 1-də saat 10 radələrində əri İbrahimov Rüstəm Zülfüqar oğlu və 12 yaşlı oğlu Abbas İbrahimovla birlikdə avtomobillə yaşadığı Ermənistanın Göyçə mahalında, Basarkeçər rayonunun Böyük Mərzə kəndindən çıxarkən, İcevan rayonunun ərazisindən keçən zaman odlu silahlarla silahlanmış azı 20 nəfər silahlı yük avtomobilləri ilə onların avtomobilinin qabağını və arxasını kəsib, avtomobildən düşmələrini tələb ediblər. Onlar zorla İrəvan şəhərinə aparılıb və ikimərtəbəli binanın zirzəmisinə salınıblar. Həmin zirzəmidə onlardan başqa digər azərbaycanlı girovlar da olub. Erməni hərbçilər onları hər gün silahların qundağı ilə, dəmir predmetlərlə, yumruq-təpik zərbələri ilə döyüb, sellofan torbaları yandıraraq əridib, damcılarını əllərinin, bədənlərinin üzərinə töküblər. Nəticədə H.İbrahimovanın sol qolu sınıb, əri Rüstəmin başının sümüyü əzilib, 12 yaşlı oğlu Abbas tamamilə taqətdən düşüb. Silahlı dəstəsinin “Coni” ləqəbli üzvü girovluğun 2-ci və ya 3-cü günündə zirzəmidə əsirlərin gözünün qabağında Ağdərə rayonundan əsir düşmüş 20 yaşlı, adını bilmədiyi azərbaycanlı oğlanın boğazını dəryazla kəsib, qanını stəkana töküb “Türklərin qanını belə içəcəyik” deyərək içib. Onlar hər gün işgəncələrə məruz qalıb, martın 8-də girovluqdan azad ediliblər.
Cümşüd Əliyev 1992-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanaraq əsir götürüldüyünü ifadə edib. O, əvvəlcə Xocavəndə, daha sonra Qarakəndə aparılıb. Əsir olduğu 10 gün müddətində hər gün döyülüb və işgəncələrə məruz qalıb.
Yavər Nəcəfov Laçında anadan olduğunu, hərbi xidmətdən sonra Sumqayıtda yaşadığını bildirib. O, Laçına valideynlərini gətirmək üçün gedərkən, 1992-ci il mayın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Gorus şəhərinə aparılıb və Gorus Polis İdarəsinin zirzəmisində saxlanılıb. İyunun 13-də girovluqdan azad edilərək Azərbaycana təhvil verilib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarını cavablandırıblar. Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
İttiham Olunan Şəxslər və Maddələr
Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Arayik Harutyunyan Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunurlar. Bu maddələr arasında 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə cinayətlərini və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələridir.