Paytaxt Sakinləri “Ailə Park” MTK-dan Şikayətçidir: Gecə Söküntüsü və Ətraf Mühitə Ziyan
Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən Ailə Park MTK şirkəti ilə bağlı paytaxt sakinləri tərəfindən ciddi şikayətlər qeydə alınıb. Şirkətin gecə saatlarında həyata keçirdiyi söküntü işləri ərazidə yaşayan vətəndaşların haqlı narazılığına səbəb olub. Sakinlərin etirazlarına məhəl qoymadan davam etdirilən bu işlər, vətəndaşlar arasında gərginlik yaratmışdır.
Ekoloji Cinayət: Ağacların Kəsilməsi və Məsuliyyət
Şirkətin qanunsuz fəaliyyətləri bununla məhdudlaşmır. Nərimanov rayonu, İzzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsindəki tikinti sahəsində Ailə Park MTK irigövdəli yaşıl ağacları kəsərək, faktiki olaraq “yaşıl genosid” həyata keçirmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi, təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. İdarənin rəisi Qafar Ağayev bildirib ki, dəymiş ziyanın miqdarı cinayət tərkibi yaratdığından, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməyə hazırlanır.
Qalmaqalda Adı Çəkilən İdarə Rəsmisi
Maraqlıdır ki, təbiətə vurulan ziyanı cərimələyən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Rəvan Teymurovun adı da bu qalmaqalda hallanır. Belə ki, Xətai rayonu, Cavanşir küçəsi 295 ünvanında inşa edilən obyektin sektor müdiri Rəvan Teymurov Əjdər oğlunun adına sənədləşdirildiyi iddia olunur.