Son günlər redaksiyamızın elektron ünvanına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə bağlı maraqlı məlumatlar daxil olub. Məktubda bu qurumda baş verən bəzi qəribə hadisələr və şübhəli fəaliyyətlər barədə bəhs edilir. Göndərilən məlumatda həmçinin Sahib Məmmədovun müşaviri, əvvəllər adı qalmaqallarda hallanan Nigar Vahabzadənin müəyyən proseslərdəki rolu xüsusi vurğulanır.
Sanatoriya Yollayışları İlə Bağlı Narazılıqlar
**Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası**nda üzvlərə sanatoriya yollayışları təqdim etmək üçün yaradılan sistemin yüzminlərlə manat vəsait xərclənməsinə baxmayaraq, effektiv işləmədiyi qeyd olunur. Məlumatda bildirilir ki, yay aylarında sanatoriyalarda istirahət etmək üçün müraciət edənlərə ya gecikdirilmiş cavablar verilir, ya da 10-15 gün sonra imtina cavabı gəlir. İddiaya görə, bunun məqsədi yay dövründə vaxtı uzadaraq insanların mənəvi haqqı olan yollayışlardan məhrum etməkdir. Bu vəziyyət AHİK-in fəaliyyətinə kölgə salır.
Bu məsələnin təkcə yollayışlarla məhdudlaşmadığı vurğulanır. Mənbənin bildirdiyinə görə, AHİK İdman Təşkilatları Assosiasiyasının son zamanlar aktiv paylaşımlar etməsi diqqət çəkib. Məlum olub ki, bu təşkilat əvvəllər mediada müxtəlif qalmaqallarda adı hallanan Nigar Vahabzadənin təsiri altındadır. Onun idman sahəsindəki fəaliyyətləri narazılıqlara səbəb olmaqdadır və assosiasiya daxilindəki nüfuzu ilə əlaqələndirilir.
İdmançının Uğurunu Mənimsəmə Cəhdləri
Qeyd edilir ki, İdman Təşkilatları Assosiasiyası bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçimiz Səid Paşayevin nailiyyətlərini öz adlarına yazmağa çalışırlar. Bu yarışda Səid Paşayev Avropa çempionu adını qazanaraq, ölkəmiz üçün böyük nəticə əldə edib. Lakin hazırda “Neftçi” İdman Klubunu təmsil edən Səid Paşayevin uğurunu assosiasiya saxtakarlıqla öz adına çıxarmağa cəhd edir. Bu cəhdlərdə Nigar Vahabzadənin adının hallanması məsələyə yeni şübhələr gətirir və **Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası**nın imicinə zərər verir.
Assosiasiyanın sədri Tural Qasımovun Səid Paşayevin məşqçisi Şəmilov Ruslana təzyiq göstərərək idmançını öz adlarına yazdırmağa çalışdığı iddia edilir. Eyni zamanda, assosiasiyasının sədr müavini, Sahib Məmmədovun yaxın qohumu və dostu Fikrət Hacıyevin də Səid Paşayevin valideyninə və məşqçisinə hədə-qorxu gələrək bu uğuru öz adlarına yazdırmağa cəhd etdiyi vurğulanır. Həmkarlar İttifaqlarının əsas fəaliyyətinin üzvlərin sanatoriya müalicəsini təmin etmək olduğu nəzərə alınsa, yığılan vəsaitləri digər məqsədlər üçün dağıtmağın yeni yollarının axtarılması suallar doğurur.