Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa, Tikinti və İdarəetmə Xidməti Göyüşovların otelinə 154 min manat axıdır

Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa, Tikinti və İdarəetmə Xidməti Göyüşovların otelinə 154 min manat axıdır

Yeni tender müqaviləsi və ortaya çıxan suallar

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi “Ağdam Kamp Otel” kompleksində ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə bir mənbədən satınalma üsulu ilə keçirdiyi tenderin nəticələrini açıqlayıb. Müsabiqənin qalibi kimi fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu seçilib. Tərəflər arasında 154.544,64 manat məbləğində satınalma müqaviləsi imzalanıb. Məlumat satınalmaların portalında 30 iyun 2025-ci ildə dərc edilib. Müqavilənin icrasına 24 iyun 2025-ci ildə başlanacaq və 20 noyabr 2025-ci ildə yekunlaşacaq.

Lakin Bərpa, Tikinti və İdarəetmə Xidməti 5 ay müddətinə ofis binası və yataq otaqlarını hansı məqsədlə icarəyə götürdüyünü və ayda təxminən 30 min manatlıq xərclərin nələrə sərf olunacağını açıqlamayıb. Bu, ictimaiyyətdə müəyyən suallar doğurur.

Keçmiş əməkdaşlıq və maraqlı təzadlar

Qeyd edək ki, bu, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə fiziki şəxs Ramin Göyüşov arasında imzalanan ilk satınalma müqaviləsi deyil. Ötən il, 17 iyul 2024-cü ildə Ağdam şəhərində inzibati binanın icarə xidmətinin satın alınması üzrə tərəflər arasında bir mənbədən satınalma üsulu ilə 72.000 manat məbləğində müqavilə bağlanılıb. Bu müqavilənin icrasına 11 iyul 2024-cü ildə başlanılıb və 11 yanvar 2026-cı ildə başa çatacaq.

Mövcud məlumata əsasən, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin artıq 11 yanvar 2026-cı ilə qədər ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı müqaviləsi olduğu halda, 24 iyun 2025-ci ildə başlayıb 20 noyabr 2025-ci ildə bitəcək yeni müqavilənin hansı məqsədlə bağlandığı maraq doğurur.

Ailəvi əlaqələr və iri satınalmalar

Aparılan araşdırmalar zamanı məlum olub ki, fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə əvvəllər də əməkdaşlıq etmiş “KÖRPÜ-BİNA-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Xəlil Göyüşovun oğludur.

Xatırladaq ki, adı çəkilən Xidmət 28 yanvar 2025-ci ildə “KÖRPÜ-BİNA-TİKİNTİ” MMC ilə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 29.983.233,73 manat məbləğində satınalma müqaviləsi imzalayıb. Daha əvvəl isə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “KÖRPÜ-BİNA-TİKİNTİ” MMC ilə Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınması üzrə 8.560.614,98 manat dəyərində müqavilə bağlamışdı.

“Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. “Körpü-Bina Tikinti” MMC-nin əslində Xəlil Göyüşova məxsus olduğu iddia edilir.

Xidmətin rəhbərliyi və şübhəli əməliyyatlar

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdur. Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli Fərmanı ilə yaradılıb. Nizamnamə kapitalı 1 milyon manat olan Xidmət, adı çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Quruma icraçı direktoru Məmmədov Leysan Novruz oğludur. O, bu vəzifəyə bu ilin yanvarında təyin edilib.

Leysan Məmmədovun karyera yolu əvvəlki vəzifələrində də fəaliyyəti ilə bağlı müzakirələrə səbəb olmuşdu. Belə ki, 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, qısa müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, sonra isə direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Göründüyü qədər, Leysan Məmmədov əvvəlki vəzifələrində olduğu kimi, burada da asan yolla vəsait əldə etməyin yollarını tapıb. Dövlət Vergi Xidmətində hələ qeydiyyata alınmamış “Ağdam Kamp Otel” kompleksində ofis binası icarəyə götürülür. Dövlət vəsaitlərinin icarəyə götürüldüyü otelə hansı məqsədlərlə xərclənməsi də bəlli deyil.

“Ağdam Kamp Otel” ətrafındakı iddialar

Nəticə etibarı ilə “Ağdam Kamp Otel”in Ağdamda iş adamı Xəlil Göyüşovun oğlunun, yəni Ramin Göyüşovun adına tikilməsi, eyni zamanda Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “Körpü-Bina-Tikinti” MMC arasında sıx əməkdaşlığın nəticəsi kimi qiymətləndirilir. Əks təqdirdə, ağdamlıların hələ öz doğma rayonlarına tam qayıda bilmədiyi bir vaxtda Xəlil Göyüşovun burada oğlunun adına otel tikməsi başqa heç cür izah oluna bilməzdi.

Xəbər Xətti

3 Şərh

  1. Arzu Ələkbərlı says:

    Bu nə biabırçılıqdır?! Dövlət qurumları şəffaf olmalıdır, xüsusən də söhbət işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərindən gedirsə. Hər kəs bilməlidir ki, bu pullar hara xərclənir. Ayda 30 min manat icarəyə nə gedir? Bu suallara cavab verilməlidir! Belə görünür ki, bəziləri üçün müharibədən sonra da “yemək” davam edir.

    1. Şahin Mustafayev says:

      Bu halda şəffaflığın təmin edilməsi vacibdir. Bərpa işləri üçün ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidir ki, sui-istifadə hallarının qarşısı alınsın və vətəndaşların etimadı qorunsun. Bu cür məsələlərə aydınlıq gətirilməsi, dövlət qurumlarının hesabatlılığına və bərpa prosesinin effektivliyinə müsbət təsir göstərə bilər.

  2. Qurban Əliyev says:

    Bu xəbər bir daha göstərir ki, bərpa prosesində şəffaflıq və hesabatlılıq məsələləri ciddi nəzarətə alınmalıdır. Dövlət vəsaitlərinin bu cür xərclənməsi, xüsusən də müqavilənin məqsədi və xərclərin detalları açıqlanmadığı halda, ictimaiyyətdə haqlı narazılıq yaradır. Ayda 30 min manatlıq xərcin nəyə sərf olunduğunu bilmək hər bir vətəndaşın haqqıdır. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirəcək və gələcəkdə bu cür halların qarşısını almaq üçün tədbirlər görəcəklər.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.