Sülh sazişi və region təhlükəsizliyi
Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh sazişi Cənubi Qafqazın gələcək təhlükəsizliyini müəyyən edən əsas amillərdən biridir. Kənar güclərin regionla bağlı narahatedici niyyətləri fonunda, hər an alovlana biləcək zorakılıq dalğası ərəfəsində Azərbaycanın sülh təşəbbüsləri regionun təhlükəsizliyinin təminatı üçün istifadə etdiyi başlıca vasitədir. Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva səsləndirib.
Diplomatik fəallıq və xarici müdaxilələr
Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüş sülh sazişinin mətninin tam razılaşdırılmasından sonra baş tutan ilk rəsmi ikitərəfli danışıqlar idi. Məlumata görə, Əbu-Dabi görüşünə hazırlıq ərəfəsində Ermənistanda müxtəlif beynəlxalq aktyorların dəstəklədiyi qruplar son bir ay ərzində ölkənin daxili proseslərində potensial və idarəolunmaz münaqişə ssenarisini işə salmışdılar. Məsələn, cəmi 10 gün ərzində kənardan dəstəklənən üç sülh əleyhdarı həbs olunub: iyunun 18-də hakimiyyəti ələ keçirməyə çağıran Rusiyayönlü oliqarx Samvel Karapetyan, iyunun 25-də “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, Fransa və Yunanıstanla geniş əlaqələrə malik arxiyepiskop Baqrat Qalstanyan terror aktları planlaşdırmaqda ittiham edilərək, bundan iki gün sonra isə Avropa İttifaqı ölkələrinin dini dairələri ilə geniş əlaqələri olan arxiyepiskop Mikael Ajapaghyan mövcud konstitusiya quruluşunu devirməyə çağırışa görə saxlanılıb.
Zəngəzur dəhlizinin regiondakı rolu
Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidəki danışıqlarda iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası prosesi münasibətlərin əsas prioritetlərindən biri kimi, gələcək risklər nəzərə alınmaqla aparılması razılaşdırılıb. Qeyd olunub ki, sülh razılaşması əldə olunarsa və Zəngəzur dəhlizi açılarsa, bu, nəinki regionda nəqliyyat əlaqələrini köklü şəkildə dəyişəcək, həm də kənar güclərin bütün Transxəzər regionunda genişlənmə planlarını pozacaq. Yeganə Hacıyevanin sözlərinə görə, Zəngəzur dəhlizinin reallığa çevrilməsi onların maraqlarının əhəmiyyətli dərəcədə zəifləməsi ilə nəticələnəcək.
Qlobal vasitəçilikdə yeni tendensiyalar
Yeganə Hacıyeva, həmçinin əlavə edib ki, son illər münaqişələrin həlli yolları üçün diplomatik təsirlərin genişləndirilməsi istiqamətində Körfəz dövlətləri qlobal vasitəçilər kimi çıxış edir. Əgər əvvəllər belə təşəbbüslər əsasən Avropanın bir sıra ölkələri və ya ABŞ-ın adı ilə bağlı idisə, hazırda Körfəz dövlətləri də bu cür əhəmiyyətli addımları ilə diqqət mərkəzinə gəlirlər.