Azərbaycanın ECO-da artan rolu və regional əməkdaşlıq perspektivləri
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində inkişaf etdirdiyi münasibətlər ölkəmizin həm regional, həm də beynəlxalq iqtisadi sistemdəki fəal mövqeyini əyani şəkildə nümayiş etdirir. 1992-ci ildən təşkilatın üzvü olan Azərbaycan bu platformada həyata keçirilən təşəbbüslərə fəal töhfə verir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına mühüm dəstək göstərir.
Azərbaycanın ECO ilə əməkdaşlığı təkcə iqtisadi əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda mədəni, elmi və humanitar sahələrdə də qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət edir. Bu əməkdaşlıq ölkənin regional əməkdaşlıq proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik, inkişaf naminə birgə təşəbbüslərdə etibarlı tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.
Türkiyə, Pakistan və İran tərəfindən 1964-cü ildə “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyətini genişləndirmişdir. Azərbaycan ECO-ya üzv olduqdan sonra təşkilatın ən fəal iştirakçılarından birinə çevrilmiş, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olmuşdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və ECO-ya üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Ölkəmiz bu təşkilat çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı daxilində səmərəli regional əməkdaşlıq həyata keçirir.
Azərbaycanın ECO çərçivəsində iqtisadi təşəbbüsləri və liderlik mövqeyi
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional əməkdaşlıqda liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi önəm daşıyır.
ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha səmərəli edir. Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirmişdir. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.
Enerji və nəqliyyat diplomatiyası: Azərbaycanın yüksələn rolu
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir.
Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional əməkdaşlıq imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.
Bu gün nəqliyyat sahəsində də Azərbaycanın ECO regionunda aparıcı qüvvə kimi çıxış etdiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Prezidentin bu çıxışı Azərbaycan dövlətinin nəqliyyat sektoruna verdiyi strateji önəmi və region ölkələri ilə regional əməkdaşlıqa göstərdiyi səyləri aydın şəkildə ifadə edir. Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi ECO məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Bu da üzv dövlətlər arasında ticarətin asanlaşdırılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Bundan əlavə, Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanmışdır. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.
Azərbaycanın ECO çərçivəsində əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsində maraqları
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində çoxşaxəli maraqlara sahibdir. Bu maraqlar isə həm iqtisadi, həm geosiyasi, həm də mədəni və sosial sahələri əhatə edir. Eyni zamanda, Azərbaycan ECO ölkələri ilə ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional əməkdaşlıqın və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir.
Ölkəmiz ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi etmişdir. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Həmin zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında mühüm sənədlər qəbul olunmuşdur. Bu da Azərbaycanın ECO daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqləmişdir.
Bu gün isə Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirilir. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlıqa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.
Bu tədbir Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.
Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır.