Bakı qlobal şəhərsalma liderliyini təsdiqləyir

Bakı qlobal şəhərsalma liderliyini təsdiqləyir

Bakı, 1 iyul, AZƏRTAC

Müasir dünyada şəhərsalma insan həyatının keyfiyyətini yüksəltmək, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından prioritet sahələrdən biridir. Şəhərlər sürətlə böyüsə də, bu prosesin planlı və dayanıqlı şəkildə idarə olunması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan inkişaf strategiyalarında şəhərsalmaya insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı yanaşmanı əsas götürür. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri Azərbaycanı regionun aparıcı ölkələrindən birinə çevirib.

Dayanıqlı Gələcəyin Şəhərləri Bakıda Müzakirə Ediləcək

2026-cı il mayın 17–22-də Bakı yenidən beynəlxalq diqqətin mərkəzində olacaq. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platformadır. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, həmin il bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamamlanır. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır.

WUF13-ün Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün isə Ümumdünya Şəhərsalma Forumu həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz bir platformadır.

Bakı Forumuna doğru gedən yolda Bakı real nəticələrlə öndədir: yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. Ümumdünya Şəhərsalma Forumu təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal iştirakçılar üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim edəcək.

Azərbaycanın bu sahədə artan nüfuzu təkcə ev sahibliyi ilə məhdudlaşmır. Ölkəmiz “UN-Habitat” təşkilatı ilə genişmiqyaslı əməkdaşlıq proqramı çərçivəsində insan mərkəzli, ağıllı və dayanıqlı şəhərlərin qurulması üçün qlobal bilik və təcrübənin formalaşdırılmasında da fəal iştirak edir. Belə ki, “UN-Habitat” Assambleyasının 2023-cü il iyunun 5–8-də keçirilmiş ikinci sessiyasında qəbul edilən qətnaməyə əsasən, “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması məqsədilə beynəlxalq ekspertlər qrupu formalaşdırılıb. İyirmi dörd ölkədən 31 aparıcı mütəxəssisin yer aldığı bu qrupda Azərbaycanı iki nümayəndə təmsil edir. Bu fakt Azərbaycanın həmin sahədə həm praktiki, həm də intellektual töhfə verən ölkələrdən biri olduğunu bir daha nümayiş etdirir. Həmin beynəlxalq ekspertlər qrupunun birgə fəaliyyəti nəticəsində hazırlanmış “İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” layihəsi 2024-cü il mayın 29–30-da Nayrobidə keçirilmiş “UN-Habitat” Assambleyasının növbəti iclasında təqdim olunaraq, üzv dövlətlər tərəfindən geniş şəkildə müzakirə edilib. Bu sənəd gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunması sahəsində qlobal yol xəritəsi kimi çıxış etməyi hədəfləyir. Eyni zamanda, bu sənəd şəhərsalma ilə ətraf mühit məsələlərinin inteqrasiyası, xüsusilə də iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində daha da aktuallıq kəsb edir. Artıq COP tədbirləri çərçivəsində şəhərsalma gündəmin xüsusi mövzusuna çevrilib. Son illərdə “UN-Habitat”ın təşəbbüsü ilə COP çərçivəsində “Şəhərsalma Günü” və əlaqəli tematik tədbirlər təşkil olunur. Bu prosesin əsası 2022-ci ildə Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş COP27 konfransında qoyulub və həmin vaxtdan etibarən yüksəksəviyyəli Nazirlər Görüşləri mütəmadi şəkildə keçirilir.

Azərbaycan bu qlobal çağırışlara yalnız müşahidəçi kimi deyil, həmçinin fəal təşəbbüskar kimi qoşulur. Belə ki, COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr edilmiş xüsusi Nazirlər Görüşü əvvəlki illərdən fərqli olaraq bütün gün ərzində davam edən genişmiqyaslı tədbirə çevrilib. Bakıda təşkil olunan bu görüş çərçivəsində “Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlim böhranının həlli”, “Mobillik və yaşıl şəhər nəqliyyatı”, “Şəhərlərdə təbiət, sağlamlıq və kənd təsərrüfatı məsələləri”, “Dayanıqlı və ekoloji cəhətdən sağlam şəhərlərin inkişafı üçün maliyyələşmə mexanizmləri” mövzuları üzrə dəyirmi masalar keçirilib. Tədbirlərdə mindən artıq nümayəndə – dövlət rəsmiləri, diplomatik korpus üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, maliyyə institutlarının və özəl sektorun təmsilçiləri iştirak ediblər. Bu, həm Azərbaycanın şəhərsalma siyasətinə beynəlxalq etimadın göstəricisi, həm də Ümumdünya Şəhərsalma Forumu öncəsi ölkəmizin bu sahədə liderlik iddiasının real zəminə söykəndiyinin sübutudur.

Azərbaycanın Şəhərsalma Strategiyası

Gələn il Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu yalnız coğrafi mövqe baxımından deyil, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal bir məkana çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq rolunu oynayacaq.

Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq. 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyasına və tematik forumuna ev sahibliyi edən Bakı şəhəri o dövrdə də beynəlxalq şəhərsalma mühitində böyük maraq doğurub. Həmin tədbir Azərbaycanın şəhərsalma və memarlıq sahəsində qlobal əməkdaşlığa verdiyi əhəmiyyətin ilkin təzahürlərindən biri olub.

Son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Yeni salınan parklar, bərpa olunmuş ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir. Bu təşəbbüslər həm də ölkənin Bakı Forumu kimi nüfuzlu tədbirlərə əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir.

Azərbaycanda şəhərsalmanın əsasını təşkil edən prinsiplər – əhalinin sosial rifahı, ekoloji tarazlıq və texnoloji yeniliklərin tətbiqi paytaxtın inkişafına yön verilən strateji xəttin mahiyyətini formalaşdırır. Bu baxımdan Bakı yalnız milli səviyyədə deyil, eyni zamanda, beynəlxalq miqyasda da müasir şəhərsalma modelinin öncül simvoluna çevrilir.

WUF13 Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin “UN-Habitat” ilə dərinləşən əməkdaşlığının və qlobal şəhərsalma proseslərində getdikcə artan rolunun təsdiqidir. Bu Forum Azərbaycan üçün təkcə nailiyyətlərini sərgiləmək imkanı deyil, həm də gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli bir platformadır.

Xəbər Xətti

8 Şərh

  1. Hüseyn Nəsibov says:

    Şəhərsalma sahəsində Bakının liderliyi təqdirəlayiqdir. Ancaq işğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri ilə bağlı daha çox şəffaflıq və ekoloji məsuliyyət tələb olunmalıdır. Bəzi layihələrdə yerli ekosistemə zərər vurulması halları müşahidə edilir ki, bu da qəbuledilməzdir. Ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumu bu problemləri müzakirə etmək və daha dayanıqlı həllər tapmaq üçün bir platforma olacaq.

    1. Nərgiz Mirzəyeva says:

      Bakının şəhərsalma sahəsindəki liderliyi təqdirəlayiqdir, xüsusən də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi bunun bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri də vacibdir, lakin bu prosesdə ekoloji məsuliyyət və şəffaflıq daim ön planda olmalıdır. Forumun bu məsələləri müzakirə etmək və daha dayanıqlı həll yolları tapmaq üçün əlverişli platforma olacağına inanıram.

  2. Etibar Salmanov says:

    Şəhərsalma sahəsində Bakının liderliyi? Bəli, bu, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin nəticəsidir! Ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri, müasir infrastruktur layihələri və işğaldan azad edilmiş ərazilərdəki bərpa prosesləri Azərbaycanı regionun aparıcı qüvvəsinə çevirib. Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi isə ölkəmizin bu sahədəki nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasıdır. Bu, həm də Mehriban xanım Əliyevanın ölkəmizin mədəni irsinin qorunması və inkişafı istiqamətindəki yorulmaz fəaliyyətinin təzahürüdür. Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunu daha da artırır!

    1. Rəşad Tağıyev says:

      Bakının şəhərsalma sahəsindəki irəliləyişləri təqdirəlayiqdir, lakin qlobal liderlik iddiası bir qədər şişirdilmiş görünür. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək nüfuzu artırsa da, bu, hələ liderlik demək deyil. Şəhərsalma sahəsində daha böyük nailiyyətlərə imza atmaq üçün davamlı və inklüziv inkişaf strategiyalarına diqqət yetirmək vacibdir.

  3. Emin Əzimov says:

    Bu xəbər bir daha sübut edir ki, Azərbaycan şəhərsalma sahəsində qlobal liderliyə doğru inamla irəliləyir. Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin bu sahədəki nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Şəhərsalma sahəsində əldə olunan uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gələcəyə doğru inamlı addımlarının göstəricisidir. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq imicini daha da yüksəldəcək və ölkəmizə yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq.

    1. Cəmilə Kərimova says:

      Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi Azərbaycanın şəhərsalma sahəsindəki potensialını və bu sahəyə verdiyi önəmi göstərir. Bu tədbir həm də ölkəmizin digər dövlətlərlə təcrübə mübadiləsi aparmasına və yeni əməkdaşlıqlar qurmasına imkan yaradacaq. Lakin, bu forumun keçirilməsi ilə yanaşı, əldə olunan razılaşmaların və qəbul edilən qərarların real həyata keçirilməsi də böyük əhəmiyyət daşıyır.

  4. Könül Kərimova says:

    Bu xəbər bir vətəndaş kimi məni qürurlandırır! Prezident İlham Əliyevin uzaqgörən siyasəti və şəhərsalmaya göstərdiyi diqqət sayəsində Bakı, həqiqətən də, qlobal miqyasda nümunəvi şəhərə çevrilir. BMT-nin bu cür mötəbər tədbirinə ev sahibliyi etmək, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz nümunəsidir. Bu, həm də onu göstərir ki, Azərbaycan dayanıqlı inkişafa və gələcəyə böyük önəm verir.

    1. Nisə Talıbova says:

      Əlbəttə, Bakının şəhərsalma sahəsindəki uğurları qürurvericidir, lakin bu sahədə hələ də həllini gözləyən məsələlər var. Qlobal liderlik iddiası üçün mövcud infrastrukturun davamlılığı və əhalinin bütün təbəqələrinin ehtiyaclarının nəzərə alınması prioritet olmalıdır. Şəhərsalma siyasəti yalnız xarici görünüşə deyil, həm də sosial bərabərliyə və ətraf mühitin qorunmasına xidmət etməlidir.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.